Məni bağışlama

Kimsə pəncərədən küçəyə, həyətə baxanda, qışda qarın yağmasını, yayda günəşin çıxmasını gözləyir, kimsə onu tək qoyan valideynin gəlməsini. Yağan qarın, çıxan günəşin sevincini kiminlə yaşayacağını bilməyən uşaqlar… Onların həyatında özləri var, travmaları var, bir də onlar kimi valideyn sevgisindən məhrum olmuş dostları…»

Hekayəmi danışım. Söz verin ki, sona qədər oxuyacaqsınız. Söz verin ki, oxuduqca ağlamayacaqsınız.

Sığınacağa bir xanım gəlmişdi. Uşaq psixoloqu idi. Xeyli söhbət etdik. Sonra mənə tövsiyə etdi. Deyə bilmədiyini, demək istədiyini yaz. Susma, yaz. Zamanı gələndə, oxuyarsan.

Atam anamı ailə daxili şiddətin qurbanı etmişdi. Anam məni qorumaq üçün mənimlə bir evdən qaçanda mənim və azyaşlı bacımın gözləri önündə anamı öncə döymüş, sonra qətlə yetirmişdi. İnsanlar, şahidlər, görüb, qarışmamışdılar. Ailə söhbətidir axı… Qadın döyülürsə, öldürülürsə, hökmən bir səbəbi var.

Məktub yazmağa başladım. Sanki böyümüşəm, özümün uşaqlığıma yazmışdım. Sonra uşaq kimi böyüyərək çevriləcəyim adama yazdım. Daha sonra bacıma. Öldürülmüş anama. Sonra atama. Atama olan məktubum ən qısa məktub idi, «Səni bağışlamıram. Səni sevmirəm. Mən sənin kimi deyiləm». Anama məktubu ağlayaraq yazmışdım. Anam bizi sevən və qoruyan, atamın zərbələrinə özünü qurban verən fədakar insan idi. Sevgisini, diqqətini əsirgəməzdi bizdən. Bildiyini bizə də öyrədərdi, bilmədiyini bizimlə birlikdə öyrənərdi. Anam atamızın varlığına baxmayaraq insan kimi böyüdə bilirdi, atamızın təsirindən, qəzəbindən, sevgisizliyindən uzaq tuta bilirdi. «Ana, salam. Necəsən? Görürsənmi bizi? Eşidirsənmi? Oxuyursanmı yazdığımı? Məni bağışla, səni mən qorumalı idim. Bacarmadım. Sənin ölümündə özümü günahkar bilirdim. Ən çox davanız mənim üstümdə olurdu. Atam məni özü kimi etmək istəyirdi. Bəzən də evdən qovmaq istəyirdi ki, gedib işləyim, dilənim, amma evə pul gətirim. O, keyfini sürsün. Ana, bilirdim ki, sən xoşbəxt deyilsən. Bilirəm ki, bizə görə dözürdün ona, şiddətə. Bilirəm ki, bizi atasız qoymaq istəmirdin. Amma ana, bizə sən lazım idin, o, deyil. Biz sənin varlığın ilə xoşbəxt idik. Kaş ki, öldürülən və ölən atam olaydı. Bağışla, ona ata demək istəmirəm. Onu atam kimi qəbul etmirəm. Onu sevmirəm. Həyatımda bir qadın olarsa, söz verirəm ki, onu sevəcəyəm, qoruyacağam, ona dəyər verəcəyəm, ona şiddət deyil, xoşbəxtliyi tətbiq edəcəyəm. Mən o deyiləm, olmayacağam. Mən onu bağışlamayacağam. Hüzur içində ol. Bacım mənə əmanətdir. Bacım, səndən mənə qalan əmanətdir. Sənin yerini tuta bilməsəm də, ona ana və ata olmağa çalışacağam. Bağışla ki, tez böyüməli oldum»

Комментарии