I hissə

Valideynlərim, keçmiş ərimin özü və ailəsi çox qonaqpərvər insanlardır, mənsə yox…
Uşaq vaxtından gözümüzü açandan evimizdə həmişə qonaq olub, ata evimiz ikiotaqlı həyət evi idi, qonaq gələn günü biz arxa otağa keçərdik, sakitcə oturardıq, anamız konservativ insan olduğundan, sözə qulaq asmadığımız zaman döyüldüyümüzdən canımızın canı çıxsa da, qonaq evdə olanadək səsimiz çıxmazdı, qonaq elə bilərdi ki, biz evdə yoxuq…
Qızımı döyməsəm də, öyrətmişdim ki, qonaq gedəsi və ya gələsi olsa, sakit otur, sonra nə istəyirsən et… Bəxtim gətirib ki, qızım çox sakit uşaqdır, sözümə qulaq asandır… Yazıq uşaq harasa gedəndə elə sakit oturardı ki, qoyduğun yerdən tərpənməzdi, oynamaq üçün də məndən icazə alardı, uşaqlarla oynamaz və qarışmazdı, istəmirdim ki, qızım nəsə dəcəllik etsin və ondan şikayət etsinlər, mən də qızımı qorumaq üçün dalaşım kiminləsə, düzdü sonra qızımı danlayacaqdım…
Ata evində tualet həyətdə idi, ora getmək üçün gərək ön otağa keçəydik… Məcbur olub dözürdük ki, qonaqdan ayıbdır…
Düzdür, valideynlərim bizi yaxşı yaşadıb, çətinlik çox görməmişik, istədiyimiz zəruri hər şeyimiz olub, amma 90-cı illərin çətinliklərini də görmüşük, talonla və növbəylə alınan qida məhsulları, uşaqlıq illərini yaşamışıq qardaşımla…
SSRİ dağılandan sonra ölkədə ara qarışmışdı, bu vaxtlar mən qardaşımla orta məktəbə gedirdik, üstəlik müharibə şəraitində yaşayırdıq, Qarabağ münaqişəsi artıq müharibəyə çevrilmişdi, bazar iqtisadiyyatına keçid dövrünü də yaşamışam valideynlərimlə…
Hərçənd ki, hər şeyin təbiisi və dadlısını yemişik, hər şeyin keyfiyyətlisini geyinmişik, valşideynlərimin ikisi də ali təhsilli, ziyalı və işləyən insanlar olub, yenə də ictimai rəy və “eldən ayıbdır” prinsipi əsasında yaşayırdılar deyə, qonaq gələn günü qonaqlara nifrət edirdim, boğazımızdan kəsib onlara verirdik, gözəl süfrə açırdıq, ac qoymurduq, hədiyyələr alırdıq, yenə də sanki müftə yer və lox tapmış kimi elə hey bizdə idilər…
Yeməyimizi normal insanlar kimi hamı ilə yeyə bilmirdik, arxa otaqda ayrı yeyirdik, uşaq kimi oynaya, deyib gülə, ağlaya bilmirdik ki, evdə qonaq var, ayıbdır, özümüz və uşaq ola bilmirdik…
Hələ mən gecəni bizim real vəziyyətimizi bilə-bilə bizdə qalan qonaqları demirəm… Xəstə halda, xəstəxanaya gələn və müalicə olunan xəstə qonaqları demirəm, evdə iki azyaşlı uşağın olduğunu bilə-bilə o evə xəstəxanadan gəlirdilər, anam çox vasvası idi, bizi xəstəliklərdən yaman qoruyurdu… Çox sağ olsun, qonaq gedən kimi anam 2 saat evi yığışdırıb dezinfeksiya edirdi, nəzərə alsaq ki, mənim toksik iylərə qarşı allergiyam var, dərhal zəhərlənirəm, anam yazıq məni həyətə çıxarardı…
Sonra ərə getdim, ər evində də Həsən soxdu dəyirmanı idi, özləri altı qardaş, hamısı ailəsi ilə birlikdə hər həftəsonu, hər bayramda, yasda, ad günündə ata evinə gələrdilər… Bax onda lap hirslənirdim, tökdüklərini yığışdırmamaqları bir yana, hələ səni də müzakirəyə qoyur, iynələyirdilər, cavablarını verməsəydin, lap başına minib səni çapardılar da… Mədəni olmaq çox insana və çox yerdə yararlı deyildir…
Əliboş evimə gələn qonağın evinə niyə əli dolu gedim ki?! Dədəsinə borcum var, bu həyatda hər şey qarşılıqlı olur…
Çoxluğu, qonaqları və qonaqlığı heç sevmirəm, çünki bununla bağlı şərqdə mədəniyyət yoxdur, belə yığıncaqlar ancaq qeybət-intriqa, söz-söhbət üçün əsas yaradır… Susursan bir söz, susmursan, başqa söz çıxır…
Sonra ayrı yaşadıq və öz evimizə köçdük, az da olsa, sözüm keçirdi və məni xarakterimi gəlinlər bilirdi deyə, az gəlirdilər bizə, mənim yanıma heç gələn yox idi, çünki kimisə dəvət etmirdim, təkliyi və qapalı özəl həyatı sevirdim və sevirəm, ailə işimə kiminsə qarışmasını, intriqaları sevmirəm…
Gələn qonaqlarımız ərimin dostu, qohumları idi, ərim məni gecə qalmaq şərtilə harasa qonaq aparanda başıma sanki qaynar su tökürdülər, Orta Asiyada yerdən qoyub yatır çox adam, belim ağrıyırdı, yasdıqları da ağır idi, gücüm çatmırdı, daşımağa, açmağa və yığmağa, mən yazığın canı arıq, çəkisi 44 kq idi, külək üfürsəydi aparardı…
Ərimlə davam ərimin yanına gələn və gec gələn və o evdə olmayan zaman gələn dostları üstündə az olmayıb, mən ata evimdə görmüşdüm ki, evdə kişi olmayanda, qadın evə kişi qonağı buraxmaz, kişinin canı çıxsın, evin kişisi evdə olanda gəlsin…
Ata anamın hər gün qonaq kimi qəbul etdiyi, boğazımızdan kəsib onlara yedirtdiyi dostlar indi haradadı görəsən?! Çətin günümüzdə niyə olmadılar yanımızda?! Evimiz yananda niyə əl tutmadılar, kömək etmədilər?
Həyat mənə çox dərslər keçmişdir… Anam da müdrik qadın olduğundan çox dəyərli məsləhətlər verərdi, hərçənd o vaxt çox cavan, inad idim, dinləməzdim…
Nə qonaq qəbul etməyi, nə qonaq getməyi, nə qonaqlığa getməyi, qonaqlıq təşkil etməyi sevirəm… Özüm kimisə dəvət etməsəm, gəlmək istəyən və gələn hər kəsə çağrılmamış qonaq kimi münasibət bildirirəm ki, anlasın və bir daha gəlməsin…
Rayondan gələn, evinin kirayə və ya kiçik olduğunu, evində körpə uşağın olduğunu bilə-bilə qapına gələn və gecəni günlərlə evində qalan və özündən sonra tökdüyünü yığışdırmayan qonaqlardan zəhləm gedir, elə insanları heç yaxınıma buraxmıram, dost-tanışda, qonşu, qohum, rəfiqələrimdə görürəm ki, indiki insanlar necə həyasızlaşıb, arsızlaşıb, sanki şəhər əhlinin onlara borcu var…
Nə var axı şəhərdə, gedin sağlam və ekoloji cəhətdən təmiz havanızı udun, suyunuzu için, yeməyinizi yeyin, təsərrüfatla məşğul olun, ailənizə sahib çıxın, nə var axı şəhərdə, biz ağ günə çıxdıq şəhərdə qalsın ki, sizi ağ günə çıxardaq… Özümüz toxluqdan və keyfdən laqqırtı vururuq siz qalmısınız kənarda sanki… Vallah,artıq pulum olsa, torpaq alım rayona keçərəm, özüm əkib-becərərəm, nə var şəhərdə axı…
Asqıranda, öskürəndə ağzını əli ilə tutmayan, qazını səslə hamının yanında buraxan, danışığına və hərəkətlərinə fikir verməyən insanları heç qəbul etmirəm…
İfritə və sterva xarakterim sayəsində ər evində də qonaqların sayını və qonaq getmələrimizin həddini minimuma endirdim…
İndi ayrı yaşayıram, təkəm, qonaq gəlmək istəyənlər çoxdur, sualım var:
-Sizi evimə dəvət edən olub ki, özünüzü belə lezvalayırsınız?! Ayağınızın altına qoyun bananın qabığını və sürüşün uzaqlara… Ya da ki, boynunuzdan daş asın və atın özünüzü dənizə, sizin kimilərin sayı azalsa, canımız qurtarar… Qəmişlər!
Xoşagəlməz və çağrılmayan qonaqlardan azad olmağın qızıl qaydaları (buranı gülmək üçün yazmışam):
- Əgər kimsə sizin ünvanınızı bilmək istəyirsə, nə badə deyəsiniz, sonra özünü sənə qonşu və ya qohum çıxardıb evinizə gəlmək istəyəcək, lap o Sumqayıtda yaşasa, Siz isə Baıda Əhmədlidə qalsanız belə, tək yaşadığınızı və ayrılmış qadın olduğunuzu bilən kimi hökmən istəsəniz də, istəməsəniz də, qonaq gələcək… Qapını açmasanız, pəncərə və bacadan düşəcək. Ona görə ya elə eşşək və qanacaqsız insanları dərhal kobudcasına yollayın, ya da səhv ünvan deyin…
- Həyasız və dirənən olsa, mədəni şəkildə söyün, yox, arsızlığına vurub, ünvanınızı necəsə tapıb gəlsə, qapını açmayın, telefonu səssizə qoyun, sanki evdə yoxsunuz, gələcəyini bilirsinizsə, evdən çıxın…
- Deyin ki, ağır infeksion xəstəliyə yoluxmusunuz, onu da yoluxdurmaq istəmirsiniz, tək qalmaq istəyirsiniz…
- Yemək bişirməyin, ac qoyun, evə ayağı dəyən andan taymeri qurun, deyin ki, maksimum bu qədər vaxtın var, gediləsi yerin və təcili işin var… Özünüz geyinin, hazırlıqlı olun evdən qaçmağa…
- İşdən sonra gəlmək istəsə, deyin ki, evə gec və yatmağa gəlirsiniz, yorğunsunuz, vaxtınız yoxdur…
- Stolun üstünü bəzəməyin, guya evdarlıqla aranız yoxdur… Gec və ya tez gəlibsə, deyin ki, suyumuz saatladır, suyla bağlı işlərimi görməliyəm, işim çoxdur, qonağı otaqda soyuq çay ilə baş-başa qoyum, sıfır diqqət olsun…
- İndi isə əsas məsələ evli və ya subay olmasından asılı olmayaraq, kişinin tənha və tək yaşayan qadının evinə qonaq getməsi istəyinin arxasında nə dayanıb, guya bilmirik?! Seks, ehtiras… Çay içməyə gəlmir ki… Bu qədər sadəlövh olmayın… Kişi də Sizi evdə təkəm deyib, qonaq çağırırsa, əmin olun, eyni istək və məqsədlə dəvət edir… Səyləriniz qırılsın…
- Nə badə biri evinizə bir dəfə gəlsin, sonra dəvət etsən də, etməsən də, gələcək kəsdirəcək qapını, həyasızca zəng edəcək, qapını döyəcək ki, qonşudan ayıbdır deyə, bəlkə açar qapını… Hərçənd mənə bu variant keçmir…
- Atamdan savayı kimisə evimə qoymuram… Cəmi iki rəfiqəm gəlib, bir rəfiqəmi də dəvət etmişəm, hələ gəlməyib… Qalanları gedin, pulsuz yemək-içmək, seks üçün başqa yer, avam, lox axtarın…
- Telefonu səssizə qoymaq işləyir, ən pis halda, yatmısan, hamamdasan, mətbəxdəsən, aşağı mağazaya nəsə almağa düşmüsən…
Hələ demirəm ki, hər şeyə və səbəbə görə qonaqlıq istəyirlər, ad günü qonaqlıq, yas qonaqlıq, toy, nişan qonaqlıq, yeni nəsə aldınsa, qonaqlıq, uçağın kiçik toyu qonaqlıq, uşaq doğuldu qonaqlıq, təki yığışsınlar, təki yeyib-içsinlər, təki qonaq gəlsinlər, sən istəsən də, istəməsən də, gərək qonaqlıq baxımından gözləri tox olmayanların gözünü doydurasan…
II Hissə
Birinci mövzumun davamı olaraq yazıram bu yazımı, satirik, yumoristikdir, inciməsin kimsə…
Çox adət-ənənə, yazılmamış qanuna gülürəm, ələxsus da, hər səbəbə görə qonaqlıq vermək öhdəliyini insanın boynuna mahircəsinə qoyulmasına daha çox gülürəm…
Qonaqlığı da elə boynuna qoymağa çalışırlar ki, sanki dədələrinə borcun var, hansı səbəb qonaqlıq verməlisən, “yumalısan”, onlar edib, onların zəhmətiylə edilib…
Dəli üçün hər zaman bayramdır…
Uşaq kimi doğulursan, qonaqlıq, sanki bunlar məni doğuzdurub, yaranmağıma səbəb olub…
Ölürsən, ehsan qonaqlığı, sanki sevinirsən ki, canımız qurtardı, bizi də sevindirdin, özünü də…
Ad günün olur, yenə qonaqlıq, xəstələnirsən, xəstəxanadan çıxırsan, yoluxmaq adıyla qonaqlıq, bağçaya gedirsən, qonaqlıq, məktəbə daxil olursan, qonaqlıq, instituta daxil olursan qonaqlıq, işə düzəlirsən, qonaqlıq, imtahanı əla qiymətlərlə verirsən, qonaqlıq, sevirsən, qonaqlıq, ayrılırsan, qonaqlıq, ev alırsan, maşın alırsan, sənədlərin düzəlir, qonaqlıq, boşanırsan, qonaqlıq, nişan gəlir, qonaqlıq, ərə gedirsən, qonaqlıq, uşaq doğursan, qonaqlıq, əməliyyatdan sağ çıxırsan, qonaqlıq, tam tibbi müayinədən sağlam çıxırsan, qonaqlıq, əsgərliyə gedirsən, bir qonaqlıq, dönürsən, ikinci qonaqlıq, bir səbəb lazımdır qonaqlıq üçün… Nə xəbərdir? Evinizdə ac, susuz qalırsınız?! Yoxsa. yeyib-içməyə müftə yer axtarırsınız?!
Belə getsə, səbəbsiz də qonaqlıq verməli olacağıq, sanki hamıya borcumuz var… Hər kəs özünə görədir, gedin evinizə, eşiyinizə, evdəkilərdən istəyin qonaqlığı, başqalarından yox…
Mən lox deyiləm, qonaqlıq vermirəm, qonaq da getmirəm, çağırmıram qonağı… Qəmiş olmayın qonaqlığınızla…
Ad günümü əziz və yaxınlarımla keçirməyi sevirəm, dəlixana mühitini xatırladan minlərlə adamı sevmirəm, ailəmlə evimdə, ailəmdən kənar 5-10 nəfərlə kafedə, evdən kənarda…
Uşaqla və ya tək xəstəxanaya düşürsən, üç gündən sonra çıxırsan, hamı tökülüb gəlir, yemək-içmək istəyir, bilmirsən, öz hayına, uşağının hayına qalasan, yoxsa bu dəli yığıncağının…
Allah eləməsin xəstələnəsən, uzaq, yaxın kim var, hamısı gəlməlidir yanına, nə yatmağa qoyarlar, nə dincəlməyə, hərəsi də bir alim olub, həkimdir sanki, sırıyacaq məsləhətlərini…
Özün balaca olanda, ya da övladın bağçaya gedəndə, qonaqlıq, sanki böyük işdir, uşaq o yaşda bağçaya gedər də…
Uşağın 6-7 yaşı tamam olanda, məktəbə getməsi, normaldır, daha bunu bayram etmək, qonaqlıq vermək nəyə lazımdır, indi bu qonaqlıqların və müftəxorların əlindən böyüməyək və uşağımız böyüməsin?!
Nə badə ali məktəbə girəsən, bütün qohumların, qonşuların, tanıdığın, tanımadığın hər kəs telefon nömrəni və yaşadığın ünvanı öyrənib, kəsdirəcək başının üstünü ki, tələbəsən, “yu”, sanki mənim yerimə imtahanı bunlar verib, bunlar doğru cavab yazıb, bal toplayıblar…
Öz başınla imtahandan keçib, müsahibələrini uğurla başa vurub, öz zəhmətin, savadın, biliyinlə, təcrübənlə girirsən işə, başlayırlar işə çıxdığın ilk gündən, “şirinlik” istəməyə… Sanki məni tapşırıb, işə götürənlər onlardır… Mənim yerimə imtahandan, müsahibədən keçiblər, sonra yerimə bu işə gətiriblər… Sevirsiniz də, başqasının uğurlarına görə onu borclu çıxartmağı, boynuna nəsə qoymağı…
Sevəndə də, yanında kimisə görəndə də, tələsik qonaqlıq istəyənlər də az deyil, bəlkə dostumdu, bəlkə qohumdu, heç sevgilim deyil… Lap sevgilimdir, dəxli var, siz ha tanış etməmisiniz onunla, sizə borcum var? Ayrılırsan, azadlığa çıxmağını da “yumaq” istəyəcəklər…
Maşın almamış, sürücülük vəsiqəni alırsan, qonaqlıq, maşın alırsan, onu da yudurtmağa borclu çıxardırılsan, sanki mənim yerimə maşını və vəsiqəni bunlar alıb hədiyyə ediblər mənə…
Zəhmət çəkdiyin, qazanaraq yığdığın puluna ev alırsan, torpaq alırsan, yenə boynuna qoyurlar qonaqlığı, sanki onların puluna torpaq və ev alınmışdır…
Evlilik təklifi gəlir qonaqlıq, nişan, toy, qız yığıncağı, toydan sonra ayaqaçdı hamısı qonaqlıqdı, halalca ərin qalıb kənarda, hamı maraqlanan olub ailə həyatınla… Sanki bunlar olmasaydı, evlənməzdik… Boşanırsan, qonaqlıq, başlayırlar ki, sərbəstsən, canın qurtardı, özün üçün yaşayan bəxtəvərlərdənsən, sevincini bizimlə paylaş…
Bayramlar qonaqlıq, yaslar qonaqlıq… Həftəsonu qonaqlıq, qeyri-iş günü, qeyri-iş saatı qonaqlıq…
Uşağın doğulur, qonaqlıq, sanki uşağım onlardandır, atasından deyil…
Tibbi müayinədən sağlam çıxırsan, əməliyyatdan sağ çıxırsan, qonaqlıq, sanki məni sağlam edən, məni əməliyyat edən, sağlamlığa qovuşduran onlardır…
Əsgərliyə gedirsən, qonaqlıq, bilmirsən hələ ki, sağ – salamat qayıdacaq ya yox… Əsgərlikdən evə məzuniyyət vaxtı gəlirsən, qonaqlıq, əsgərlikdən evə tam buraxılırsan, qonaqlıq…
Kitab təqdimatı edirsən, mediada yazıların çıxır, qonaqlıq…
Doktorant olub, müdafiə edirsən, ona da qonaqlıq… Ali məktəbi bitirib, diplom alırsan, ona da qonaqlıq…
Necə ac-susuz yaşayan insanlarımız var…
Səbr diləyirəm, eviniz ruzi-bərəkətli, cibiniz pullu olsun… Bir az da vicdan diləyirəm…
III Hissə
III Hissə
Əslində, qonaqpərvər insan olmuşam, ərə gedəndə evimiz həsən soxdu dəyirmanı idi, gecə saatlarınadək evimizdə qonaq olardı, elə ata evimdə də, gələn və gedən, bəziləri isə gələndən sonra təkrar bir də gəlməyən qonaqlarımız olmuşdur…
Zaman və insanlar, cəmiyyət insanı dəyişər, insanı yox, fikirlərini və qərarlarını…
Son zamanlar cəmiyyətə və dostlara bir az güzəştə getmək, açılmaq istəyirəm, evə qonaq dəvət etmək və dəvət etdiyim yerə getmək məsələsində…
Amma evimə qonaq çağıracağım şəxslər üçün şərtlərim var, qəbul edirlərsə, dəvət edəcəyəm, özü də hər kəsi deyil, məsləhət və layiq bildiyim insanları…
- Evə mən dəvət etməsəm, özüm çağırmasam, öncədən təsdiq etməsəm, gəlmək və beynimi xarab etmək, qapımın önünü kəsdirib inad etmək, həyasızlığa salmaq, şüvən qopartmaq yoxdur. Qapımı açmağıma məni peşiman etməyin, həyasızlıq etsəniz, şantaj və s. kimi variantlara əl atsanız, polisə müraciət edəcəyəm;
- Nə verirlərsə, içmək, nə verirlərsə, yemək… Xüsusi sifarişlər verməmək… Nə var, onu da bişirirəm, nə var onu da içməyə hazırlayıram;
- Gec saatlarında qonaq gəlməyi və gecəni qalmağı istəməmək… Sərt və kobud şəkildə, rədd ediləcək bu təklif;
- Evdəki şkafları yoxlamamaq; Təftiş və nəzarətə gəlməmisiniz;
- Mənə fiziki cəhətdən toxunmaq və ya əl atmaq, dərhal qovulacaqsınız;
- Mənə evimdə olan hər hansı bir əşyanı atmağa çalışmaq, icazəsiz nəyəsə toxunmaq, icazə alaraq götürdüyünü yerinə qoymaq, məndən nəyisə hədiyyə istəmək; Mənim icazəm olmadan nəyəsə toxunanda, çox sərt oluram, adi etik qaydadır, götürürsən, qoy yerinə, evimdə olan nəyisə kiməsə ancaq özüm istəsəm hədiyyə edə bilərəm, nəyisə atmaq halı dərhal oğurluq halı kimi qiymətləndiriləcəkdir və bununla bağlı müvafiq tədbir görüləcəkdir;
- İçəri daxil olan kimi vanna otağına keçib əlini yumaq; Adi gigiyenik qaydadır;
- Lazımsız və dəxlisiz mövzulara toxunub, mənasız suallar vermək və yorucu olmaq;
- Qonaq gəldiyinizdən sonra çıxıb getmək, çox qalmamaq, sizi ora qeydiyyata salan yoxdur;
- Xəstə olduğunuz halda, gəlməyin; Xəstələnməyinizlə bağlı faktı gizlətməyin; Sayənizdə xəstələnib, işdən qalmaq niyyətim yoxdur;
- Evdə olarkən ora-buranı qaşımamaq, çirk çıxartmamaq, burnu eşməmək;
- Yemək zamanı danışmamaq;
- Ev şəraitdə və evində şəkillər çəkməmək-icazəm və razılığım, istəyim olmalıdır;
- Söyüş söymək və telefon, planşetdə eşələnmək; Onu yolda və başqa yerdə edə bilərsiniz;
- Balkona çıxmamaq, evdə ucadan, qışqıraraq danışmamaq;
- Qonaq çağrıldığınızı vaxt gəlin, tez gəlməyin, gecikməyin; Dəqiqliyi sevirəm;
- Əliboş gəlməyin))));
- Evə daxil olarkən, ayaqqabınızı çıxardın, ayaqqabı ilə evə daxil olmayın;
- Soyuducuya barmaq etməyin; Orada nə var, nə yox, mən bilərəm;
- kömək etmək adı ilə ev işlərində ev sahibinə kömək etməyin;
- İçib keflənməyin; Meyidinizi evinizə daşıyan deyiləm;
- Siqaret çəkməyin; Siqaretin iyi mənə pis təsir edir, zəhərlənmək istəmirəm;
- Evin bir otaqlı olduğunu nəzərə alıb, yatağ mebelinin üstündə oturmayın, uzanmayın;
- Hər dəfə mənim yaşadığım yer tərəfdən “təsadüfən” keçdiyin zaman və ya yolunuzun “üstündə” olduğu zaman mənə zəng edib, “gəlirəm sizə” deməyin;
- Kişilərə aiddir: İntim təklif etməyin, məni əlləşdirməyə çalışmayın;
- Evli kişilər xanımınızla gəlin;
- Gələndə dostlarınızı və bütün milləti tökməyin, tanımadığım və gözləmədiyim, dəvət etmədiyim hər kəsi qəbul etməyəcəyəm;
Qəbul edirsinizsə, pozmayacağınıza söz verirsinizsə, xoş gəlmisiniz…))))
Комментарии