Cərimələyin getsin…. (çərləyin, mələyin getsin…)

cropped-12049133_10207819599755794_5841062913024938894_n.jpg
Yazı yumoristik, satirik, tənqididir, inciməyin və ciddi qəbul etməyin…

Yeni cərimə mənbələri-obyektlərini təklif edirəm. Ümidvaram və inanıram ki, dövlət büdcəsi üçün bu cərimələr yeni qeyri-neft sektorundan daxilolma hesab ediləcək… Yeni vergitutma obyektlərini təklif edirəm…

Cərimələyin getsin, Vergiləri yükləyin, getsin…

Azərbaycan Respublikasının yeganə mənbəyi-Azərbaycan xalqıdır…

  • Nəzərə alsaq ki, bizim insanların əlindən telefon, planşet, qulaqlarından qulaqcıq düşmür, təklif edirəm ki, ictimai yerdə əlində telefon, planşet kim görünsə, onu cərimələsinlər, həmin məhsulun 25% məbləğində cərimə tətbiq edilsin, qulağında qulaqcıq olan şəxslər aşkarlanan zaman 50-100 manat arasında cərimələnsin…

  • İctimai yerlərdə olan skamyalar ödənişli olsun, yanına aparat qoyulsun, parkinq kimi, hər oturan adam 10 dəqiqə oturmağa görə pul ödəsin büdcəyə-10 dəqiqəyədək 20 qəpik, 1 saat 1 manat, kameralar da qoysunlar, kim ödəniş etmədən otursa, o, cərimələnsin, evinə göndərilsin cərimə üzrə bildiriş…

  • İctimai yerlərdə olan ödənişli tualetlərdən istifadə icbari olsun, oranın önündən keçən hər kəs girib istifadə etməlidir, əks halda, cərimələnəcək minimum əmək haqqının 2 misli məbləğində…

  • İctimai yerlərdə kitab, ereader kitab oxusa, cərimələnsin, kitabın səhifələrinin sayı məbləğində… Onsuz da biz o qədər də mütaliə edən, kitab çap edən, satan, alan deyilik… Kitab satan və oxuyanların bir xeyri dəysin dövlət büdcəsinə…

  • İctimai yerlərdə doğma dilində-rəsmi Azərbaycan dilində danışmayan,  hər kəs istifadə etdiyi əcnəbi sözə görə cərimələnsin… Bəlkə öz dilimizə hörmətimiz artar, büdcəyə də pul gedər…

  • İctimai yerlərdə söyüş söyən, kobudluq edən, səsinin tonunu qaldıran, icazəsiz fleşmoblar keçirən hər kəs cərimələnsin…

  • Yenicə ailə qurmuş hər bir ailədən dərhal uşaq tələb edən hər kəs cərimələnsin…

  • Övladı ilk ildə, ümumiyyətlə uşaq bağçasına, orta və ali məktəbə adı yazdırılmayan, daxil olmayan hər kəs cərimələnsin, hər sınaq imtahanı cəhdlərinin sayına uyğun olaraq 1000 manat məbləğində cərimə haqqı tətbiq edilsin…

  • Dezinformasiya ilə məşğul olan media hər dezinfo məlumatına görə növbəti təkziblərin sayına uyğun və ya əməkdaşlarının sayına uyğun 1000 manat məbləğində cərimələnsin…

  • 30 yaşdan sonra ərə getməyən və ya evlənməyən hər kəs ötən hər il üçün cərimə ödəsin…

  • Eynək taxanları cərimələyin (optik eynək taxanları və pis görənləri), cərimədən sonra eynək taxmazlar, ictimai qaydaları və inzibati xətalar məcəlləsini tez-tez pozub, cərimələnərlər, optik linza taxıb, görməklərini də əngəlləyin… Optik görüntü nə qədər olarsa, o misli qədər də cərimələyin, məsələn, +2 və ya -2 dirsə, iki misli qədər…

  • İctimai nəqliyyat vasitələrinin hamısına kamera qoyun, yer üstündə dava edən, qəmiş və şüvənləri cərimələyin getsin…

  • İctimai yer və ya sosial şəbəkələrdə radikal fikir söyləyən hər kəsi istifadə etdiyi hər sözün həcmində cərimələyin getsin…

  • Həyət və ya bina evində ev heyvanı saxlayan hər kəsi cərimələyin getsin… O ailə həm ev heyvanının yemində qənaət edər, həm qonşular və özləri rahat yatmış olarlar, həm də sanitar-gigiyenik qaydalara riayət edilər…

  • Bir qızın yanında bir oğlan, bir oğlanın yanında bir qızı gördünüz, nigah şəhadətnaməsi, nigahnaməni,  şəxsiyyət vəsiqəsini tələb edin, olmazsa, ər-arvad, bacı-qardaş olduqlarını sübut edə bilməyən hər kəsi cərimələyin getsin… Yaşları çox olduqca, məbləğ də artar…

  • İşləməyən, rəsmi iş yeri olmayan hər kəsi cərimələyin, sosial müvainətlərin miqdarı azalar… İşsizlik müavinəti ixtisar olunar… İş vaxtı yolda kimi gördünüz, iş yerindən arayış və ya vəsiqə tələb edin, işlədiyini sübut edə bilməzsə, cərimələyin… İşsizlərin dövlətə xeyri yox, ziyanı var…

  • Kommunal xidmətlərdən istifadə üzrə minimal limitlər qoyun, qənaətlə işlədənləri və o limiti keçməyənləri, planı doldurmayanları cərimələyin getsin, deyin ki, “Sayğaca barmaq edib, fırıldağı var”, şərləməyi yaxşı bacarır bəziləri…

Ən son məqamda, unutmayın ha, Cərimələdikcə, çərlədin, mələdin hamını, getsin…

ARDI VAR

Комментарии