
Bir dostum var… 15 ildir dostluq edirik… Təsadüflərə inanmıram, təsadüflər zəruriyyətdən doğur…
O, bizdə ADİU-da maliyyə -kredit fakültəsində oxuyurdu, iki kurs məndən böyük idi… Onunla tələbə elmi cəmiyyətinin iclasında tanış olub, dostlaşmışdıq. Çox savadlı, sağlam düşüncəli, maraqlı insandır…
O, xətrimi çox istəyir, hər zaman yaradıcılığımı, ictimai fəaliyyətimi izləyir, nəzərində saxlayır, ailəvi dostuq… Məni və ailəmi yaxından tanıyır, doğru çıxan proqnoz və məsləhətləri ilə hər zaman yanımdadır, ona etibar edə bilirəm… Onunla istənilən mövzuda müzakirə və mübahisə edə bilirik… Həmişə deyir ki, mənimlə dostluq etməyi ilə fəxr edir, mənimlə qürur duyur, qarşılıqlıdır dostum…
Həyat elə gətirdi ki, onunla tədris növbəmiz fərqləndi, o birinci növbədə oxuyanda, mən ikinci növbədə oxuyurdum, rastlaşmırdıq, görüş və ünsiyyətimiz az olurdu, buna baxmayaraq, o hər zaman mənə vaxt tapıb, məni dinləyirdi…
Sonra o universiteti bitirdi, mən o bitirən ili magistraturaya daxil oldum, iki ilə yaxın müddəti bir-birimizi az-az görürdük… Sonra aspiranturaya sənəd verdim, sənəd verən kimi onu gördüm, ikimiz də aspiranturaya qəbul imtahanlarını verdik, daxil olduq aspiranturaya, sonra adı dəyişdi, oldu doktorantura və tələbə yoldaşı olduq, iki il birlikdə oxuduq, dərslərə gedirdik, minimumları verdik…
Sonra mən ərə getdim və ölkədən getdim, iki ildən çox yoxa çıxdım. O, sosial şəbəkələrdə olmadığından, mobil telefonunda sosial ünsiyyət proqramları olmadığından əlaqəmiz kəsilmişdi…
2012-ci ildə Bakıya qayıtdım… 2013-cü ildə kommersiya bankına işə düzəldim, o, həmin bankda filialda işləyirdi, mən baş idarədə arxa ofisdə… Beləliklə, yenə də iş yerində təsadüfən görüşdük… Əlaqə və ünsiyyətimiz bərpa edildi… Sonra mən oradan işdən çıxdım, keçdim başqa yerə işə… Bir daha əlaqəmiz kəsildi… Təsadüüfən bir yerə işlə bağlı əməkdaşlıq üçün gedəndə, onun da o kolletivdə olduğunu öyrəndim, orada yenə də üz-üzə gəldik, o gündən əlaqəmiz kəsilmir… Çünki bu qədər təsadüflər təsadüfən olmur, deməli elə dostum hökmən həyatımda olmalıdır.
O, həm yaxın dostumdu, həm də oxucumdur, hər zaman öz fikirlərini qorxmadan söyləyir, tənqid edir, ağ-yuyub qara sərir məni, nəsə xoşuna gəlməyəndə… Çox sağ ol, əziz dostum, həyatımda varsan… Dostumsan… Sən bütün digər insanlara dostluqda nümunə olacaq insansan…
Hər kəsə belə ağıllı, işgüzar, mədəni, yerini bilən, mərd, diqqətli, savadlı dost arzu edirəm…
Комментарии