Son sevgi məktubu – daha bir ayrılıq məktubu…


12032178_10205606448180878_4146110235432462750_n
Bilirsən, ayrılıq məktubu həm sevgi məktubudur, həm də ki, son məktubdur…
Bilirsən. son məktubumdur indi yazdığım, sənə həsr etdiyim, sənə aid olan son yazım, deyəcəyim son sözlərimdir…
Bilirsən, çox kişilərin arzularının qadınıyam, olmuşam, olmaqdayam və olacağam…
Bİlirsən, məni çox adam sevib, sevir, sevəcək də, istəyib, istəyir, istəyəcək də, istər evli olsun, istər subay kişi… Nə olsun ki, nə fərq edər, nə mənası var?!
Bilirsən, bu qədər kişilərin, namizədlərin içində səni seçdim, seçirəm, seçəcəyəm də…
Bilirsən, mən səni sevirdim, sevirəm, sevəcəyəm də… Sənə inanmışdım, səninlə xoşbəxt olacağıma ümid etmişdim, inanmışdım…
Bilirsən, peşiman deyiləm, yeni bir dərs, yeni bir təcrübə oldu mənim üçün, insanları tanımağa, kişiləri anlamağa kömək etdi, az da olsa…
Bilirsən, bilirəm ki, “salam”la başlayan tanışlıq “Əlvida” kəlməsi ilə bitər bir gün, ayrılacağımızı bilirdim öncədən, geci-tezi var… Hazır idim..  Ona görə də ağlamıram gecə gündüz, düşmürəm depressiyaya, sənsizliyin əzabını çəkmirəm, səni sevməyə davam etsəm də…
Bilirsən, bilirdim, bilirəm, biləcəyəm ki, sən məni sevmirdin, sevmirsən, sevməyəcəksən də… Sənin kişi insanlar sevməyi bacarmaz, sənin kimi insanlar əylənər, keyfini çəkər, sonra dostlarının yanında ərk edib, özünü reklam edər, öyünər… Amma sevməz, sevməyi bacarmaz… Əlbəttə ki, yaxşıları da var, hamısı elə deyil… Yaxşılarını artıq məşğul ediblər, tənha deyillər…
Bilirsən, əsl sevən əməldə sevər, əslində sevdiyini buraxmaz əlindən, dayandırmaz mübarizəni, sevdiyini və sevgisini üzməz, öldürməz…
Bilirsən, əslində kişilərin bəziləri üçün sevgi yataqda, sevişərkən başlayar, sonra elə oradaca bitər… Sevgi bəzi kişilər üçün sadəcə ehtirasdır, yatağa salmaqdır, qadın adlarından siyahı tutmaqdır…
Bilirsən, sənə çox bağlanmışdım, özümə çox yaxın bilmişdim, sanki sən mənim özüm idin… Bəlkə də, yanılmışdım, tələsmişdim… Bəlkə də, doğru idim, haqlı idim, gecikmişdim…
Bilirsən, mən sadəcə danışmaq istəyirdim, ünsiyyətdə olmaq, paylaşmaq, amma sən hər ünsiyyətdə olmaq cəhdimi anlamaq, eşitmək və dəstək olmaq əvəzinə, dava və dalaşmaq, mübahisə etmək kimi qəbul edirdin, sən məni tanımadın, tanımaq da istəmədin…
Bilirsən, mən sənin dar günündə yanında oldum, xoş günündə də, çünki bu seçimi mən etmişdim, əsl dost və sevən insan pis günü də, yaxşı günü də paylaşmağı, qəbul etməyi bacarmalıdır…
Bilirsən, sənə çox inanmışdım, çox etibar etmişdim, çoxlarının həsrətində olduqlarını sənə yaşatmışdım, səndən mənə sakit və rahat danışığın, arada bir gördüyüm təbəssümün, xarizman, dərin baxışların idi… Sanki sənin tələnə düşdüm öz xoşumla… Sən mənim bir parçam, bir hissəm oldun…
Bilirsən, demirəm, idealam, qüsursuzam, səhvlərim, günahlarım yoxdur… Demirəm, deyə də bilmərəm… Səni bağışlamağa da, ehtiyac yoxdur, qəlbimə dəymədin ki, bağışlayım da, sivil insanlar kimi sakitcə ayrıldıq, isterikasız… Çox adama nəsib olmur bu cür ayrılıq… Qədrimi bil…
Əlvida! Nə sevgilin, nə qadının, nə dostun, nə sirdaşın, nə hər şeyin, nə də f… ola bildim, bağışla… Sən məni bağışla, ümidlərini doğrultmadımsa… Xoşbəxt ol! Uğur və sevinc, qələbə və zirvələr səninlə olsun! Pulun çox olsun ki, arzularını real edə biləsən…
Özümə deyirəm:
  • Həyat davam edir, onunla da, onsuz da…

Комментарии