Atam…


cropped-12049133_10207819599755794_5841062913024938894_n.jpg
O, mənim qürur mənbəyimdir, ona həm zahirən, həm xaraktercə oxşamağımla da fəxr edirəm…
O, mənim atamdır, ailədə ən çox sevdiyim insan… Danlasa da, tənqid etsə də, dalaşıb, küsüb, barışsa da, atamdır mənim… O, azsaylı insandır ki, ona “qızıl adamdır” deyir onu tanıyan hər kəs…
Onunla bir gündə doğulmuşam mən, 30 yaşı olanda, hədiyyə olmuşam ona…
Övladlar hər zaman nümunə olaraq valideynlərini götürərlər özlərinə, ya anaya oxşamaq istəyərlər, ya da ataya… Nədənsə, mən atamı seçdim, atamın qızıyam…
Ondan çox şeyi öyrəndim, elmə maraq, kitablara maraq, özünə güvənmək, mübariz olmaq, mədəniyyət, səbr…
Ondan öz gücünə, tapşırıqsız, pulun olmadan savad və biliyinlə irəli getməyi öyrəndim, təhsil aldım… O, karyerasını öz bilik, savadı, xarakteri, insanlığı sayəsində etmişdir. Hər yerdə hörməti vardır…
O, mənə düşünməyi, düşündükcə yazmağı, xarici dillərə marağı və tərcümələr etməyi öyrətdi… Birlikdə kitabxanaya gedib, elmi məqalələrim üçün dərslik, kitabları oxumaq, qeydlər aparmağı, nəyisə düzgün yerdə axtararaq, axtardığını tapmağı, tərcümə etməyi, elmi məqalələr yazmağı və elmi düşüncələri anlamağı öyrətdi mənə…
Ondan mən vətəndaş olmağı öyrəndim, layiqli vətəndaş… Vicdanı təmiz, adı ləkəsiz, başıuca və xeyirxah vətəndaş olmağı öyrəndim… Dövlət işinə marağımı formalaşdırdı, dövlətimi sevməyi və dövlətimə bağlı olub, ona xidmət etməyi öyrətdi mənə… Uşaq vaxtı dövlətimdən inciyərdim, atam vəzifədə işləyirdi o zamanlar, onu evdə az görərdik, işdən evə gələndə, biz artıq şirin yuxuda olardıq… Onun işi çox olduğundan atamızın üzünə həsrət qaldığımız günlər də az olmayıb, amma sonra anladım ki, bu yanlış deyilmiş, ondan inciməyə dəyməz… O, bizim və dövləti üçün çalışırmış… Boş vaxtı və işdən tez çıxdığı gün bizim üçün bayram olardı… Gəzməyə gedərdik, maaşını alan gün olanda isə bayramımız olurdu, gəzmək, alış-veriş, karusellər, əyləncə, hədiyyələr… Balaca uşağa başqa nə lazımdır axı… Nə qədər vəzifədə işlədi, dövlət məmuru oldu, təmiz işlədi, rüşvət almadı, rüşvət vermədi… Bu qədər təmiz, bu qədər halal. Qohum-qonşular bəxtəvərlik verərdi bizə, “yığıb pulunu, indi qaz vurub qazan doldurur deyə, bala-bala yeyir, gözə gəlməsin deyə”… İçimiz özümüzü yandırırdı, çölümüz özgəni… Yalan niyə deyim axı, biz  varlı olmamışıq, qazandığımız da halal maaşımız olub, qəpik-qəpik yığıb nəsə etmişik, bizə gün ağlayıb atamla anam, boğazlarından kəsib, bizə xərcləyib pulları onlar… Bizi biz ediblər, onlar…  Atam həmişə deyərdi, “pul önəmli deyil, əsas adın təmiz olsun, öləndə ağlayanın olsun, gorumuza aparmayacağıq ki, yığacaqlarımızı”. Hansı evdə doğulmuşdumsa, Keşlə qəsəbəsindəki gecəqonduda, eləcə də orada yaşayırdılar… Nə ev aldılar, nə də köçdülər… Dövlətin verdiyi halal ev növbəsini də, atam güzəştə getdi qaçqınlara… “Onların evi yoxdu, mənim olacaq?!”-demişdi atam o zaman… Uşaq idim, atamı bağışlamırdım ki, halal evimizi verdi qaçqınlara, indi qaçqınların çoxusu necə yaşayır, biz isə necə?! Çox sağ ol belə demədilər… Lazım da deyil… İndi Nərimanov Metrosunun üstündə evimiz olardı…
Onun simasında dostluq etməyi öyrəndim… O, mənim ən yaxın dostumdur…
Sənə yazıram bu yazını…
Kövrəlmə ancaq…
Ata, niyə saçların tez ağardı, tökülməyə başlayıb, hündür boylu idin sərv ağacı kimi, niyə qamətin əyilib, belin bükülüb?!
Niyə hər zaman təbəssüm olan üzündə indi kədər var? Niyə gözlərin dolur, kövrəlirsən?!
Niyə daha üzüm gəlmir, sənin qoluna girməyə, niyə başımı oturarkən boynuna daha qoya bilmirəm axı?
Niyə hələ də nigaransan məndən?! Böyümüşəm axı?! Yoxsa, hələ gözlərində uşağam?!
Niyə tənqid etmirsən məni əvvəlkitək? Niyə daha qürur duymursan mənimlə? İndi əvvəlkitək demirsən mənə “pul önəmli deyil, əsas təmiz addır”, sanki xeyirxah olan, hər kəsə əl tutan, kömək edən, pula önəm verməyən, halal insan deyilsən?! İndi deyirsən, “vaxtını boş yerə sərf etmə, nə xeyri var o işin sənə?Pul gəlir oradan sənə?” Yoxsa, cavanlıq səhvlərindən nəticə çıxartmısan, istəmirsən o səhvləri mən də edim?!
Yazılarımı oxu, tənqid et məni… Niyə hər tənqidi yazımda, cəmiyyətlə mübarizə apardığıma görə qorxursan mənə görə?!Niyə, ehtiyat edirsən, nigaransan məndən? Qorxma, nigaran qalma… Risk meneceriyəm, risklərimi bilirəm, gözə alıram…
Niyə daha əvvəlkitək saatlarla çıxmırıq gəzməyə, danışmırıq, niyə dəlilik edə bilmirəm səninlə, əvvəlkitək zarafatlaşmırıq?
Niyə böyüdükcə, səni anlamaqdansa, sənin haqlı olduğunu qəbul etməkdənsə, inad edirəm, yanılsam belə, öz bildiyimi vermirəm başqasına?!
Niyə əvvəlkitək mehriban deyilik, sanki külək əsir aramızdan, çay axmağa başlayıb, keçib selə?
Deyiləsi çox sözüm var sənə, deyə bilmirəm… Bəlkə günahkaram önündə, üzüm gəlmir deyə?!
Məni bağışla, ata, amma səni sevirəm… Allah canına dəyməsin…

Комментарии