Sənin öz dilin var, mənim öz dilim,
Səninki nifrətdir, mənimki sevgi,
Səninki təhqirdir, mənimki sivil,
Özünü sırıma, qurban olaram…
Sənin öz fikrin var, mənim öz fikrim,
Azadıq düşüncə, fikirlərdə biz,
Sənin öz hissin var, mənim öz hissim,
Fikrimə, hissimə qurban olaram…
Dava səninkidir, güzəşt mənimki,
Sürünmək səninki, uçmaq mənimki,
Səndə böhrandırsa, məndə bayramdı,
Ömrümü qısaltma, qurban olaram…
Səninki puldursa, mənimki ağıl,
Səninçün asandır, mənimçün ağır,
Səninçün soyuqdur, mənimçün isti,
Bağlama yolumu, qurban olaram…
Səninki qorxudur, məndə cəsarət,
Səninki oğurluq, məndə mənimki,
Səndə min sima var, mənimki təkdir,
Riyakar olmasan, qurban olaram…
Комментарии