Haradan biləsən ki…

12715938_1553741268269462_768538964726371781_o

Haradan biləsən axı… Bilsən, məndən bilərsən, bilmirsən, çünki susuram. Mən susuramsa, səbəbi var, susmağımın…
Haradan biləsən ki, unutmuşam artıq… Yeni həyata başlamağa hazıram… Müşahidə edirəm səni, öyrənirəm səni… Təhlil edirəm… Tanımağa çalışıram, yanılmamaq üçün… İnsanlar məni çox zaman məyus etmişdir, insanlarda çox yanılmışam…
Haradan biləsən ki, səni insan kimi çox bəyənirəm, dost kimi çox əziz, doğmasan mənə… Haradan biləsən ki, nigaranam…
Haradan biləsən ki, səni sevməyə başlayıram, hələ əmin deyiləm, hisslərimdə, yanıla bilərəm…
Haradan biləsən ki, bir baxışın, təbəssümün, səsin mənə bəs edir, özümü güclə saxlayıram… Uzaqlaşıram, soyuq görsənməyə çalışıram, şübhələnməyəsən məndən…
Haradan biləsən ki, mənə də sevgi lazımdır, mən də insanam, isti münasibət, diqqət görmək istəyirəm, unudulmamaq haqqım var, axı az da olsa, mən sənin üçün kimsə olmuşam… Statusum bəlli olmayan kimsə…
Haradan biləsən ki, susmağımla həm özümü qoruyuram, həm də səni…
Haradan biləsən ki, susmağımda gizlənib qorxum-tək qorxum var, səni itirmək qorxusu… Çalışıram ki, qorxmayım, çalışıram itirməyim səni…
Haradan biləsən ki, özümü sıxsam da, sənin yanında tam sərbəstəm, çəkinmirəm, ağlamaq istəyəndə, ağlayıram, gülmək istəyəndə, gülürəm…
Haradan biləsən ki, ikimiz də əslində tənhayıq… Ətrafımızda bu qədər insanlar olsa da… Tənhayıq, tənhalığımız bizi isitmir axı…
Haradan biləsən ki, oxşar cəhətlərimiz çoxdur…  Səni izləmək, səsini dinləmək necə xoşdur mənə… Deyəsən, sənə aşiq oluram…
“Günel, dayan… Hələ tezdir… Tələsmə…” əmrini verirəm özümə… Məni qınama… Oxu, sus… Vurma üzümə… Sus, necə ki, indiyədək susurdun, bundan sonra da susmağa davam et…

Комментарии