Ola bilmədim?! 18/09/04


539869_3384599974134_1590840138_n
Bir  nəfəs idim mən insan ömründə
Bir kədər idim mən tənha qəlblərdə
Bir ümid olsam da, ümidsizlikdə
Bir inam nədənsə ola bilmədim?!

Bir işıq olmuşkən aylı gecədə
Bir ətir olmuşkən göy çəmənlərdə
Bir qəzəb olmuşkən düşmənlərimdə
Bir zəfər nədənsə ola bilmədim?!

Bir arzu olduqda mənasız gündə
Bir tarix olduqda yaddaş içində
Bir zaman olduqda öndə gedərkən
Bir ibrət nədənsə ola bilmədim?!

Bir cavab olanda  sual önündə
Bir qurban olanda əmr ediləndə
Bir gerçək olanda yerə enəndə
Bir qismət nədənsə ola bilmədim?!

Bir heyrət yaşadım insafsızlıqdan
Bir qeyrət oyatdım amansızlıqdan
Bir ismət qorudum namussuzluqdan
Bir rəğbət nədənsə ola bilmədim?!

Bir nifrət hissiykən əsir olanda
Bir qisas ikən mən doğma Bakımda
Bir qorxu ikən mən Qarabağımda
Bir vicdan nədənsə ola bilmədim?!

Bir günah olarkən soyuq torpaqda
Bir səbəb olarkən qəlb ağrıyanda
Bir şübhə olsam da, qanlı bağımda
Bir itki nədənsə ola bilmədim?!

Bir həsrət idim mən əsir qəlblərdə
Bir damcı idim mən dərdli gözlərdə
Xoşbəxt görsənsəm də, əcəl gələndə
Bir şərəf nədənsə ola bilmədim?!

Bir ağrı olanda işgəncələrdə
Bir ölüm olduqda yağı əlində
Bir imkan olsam da, düşmən gözündə
İntiqam nədənsə ola bilmədim?!

Bir yalan dedilər bu Yer üzündə
Gerçək gizlədildi hər kəsdən yenə
Bir yeni tarixi yazsalar belə
Bir haray nədənsə ola bilmədik?!

Düşmənlər yeni bir tarix yazanda
Millətim, nədənsə cavab vermədik?!
Uydurma tarixi yaydıqdan sonra
Nədənsə yenə də biz dillənmədik?!

Комментарии