Dur yanımda…


IMG-20160324-WA0026
Foto: Mülkədar Rüstəmov
Ayaq saxla, dur yanımda, demə ki, varsan, varlığından xəbərdaram, demə ki, mənimləsən çıxdığımız bu yolda, inanmıram, sən çıxıb gedirdin, mən saxlatdım səni, öndəydin, baxmırdın ki, axsayıram, qalmışam arxada…
Dur yanımda, getmə önə, tut əlimdən, tələsmə… Tam olaraq tənha qalmaq yaraşmaz mənə, kölgəmsənsə, ötmə məni, qalma arxamda, dur yanımda, düz yanımda…
Sən özümsən, bir parçamsan, izimsən məndən qalan, kölgəmsən, tək sirdaşım indi sənsən… Təkrarımsan, bir yarımsan… Sənlə daha güclüyəm sanki… Sanki tənha deyiləm… Vardır məni tərk etməyən birisi…
Uzadıram əlimi sənə tərəf, sən də uzat… Əl-ələ tutaraq addımlayaq biz bu yolda…
Mən yıxıldım, mən əyildim, sən də yıxıl, sən də əyil… Mən büdrədim, sən də büdrə… Mən qalxanda ayağa, sən də qalx… Ol mənim… Ol mən…
Dur yanımda… Baxaraq səni özümü görüm… Arıqladığımı, sənə baxdıqca, sanki özümə baxıram kənardan…
Kölgəm, getmə, sən mənim aynadakı simamdan da sədaqətlisən…
Yorulmuşam, gəl uzanaq elə burda, yataq…
Getmə bircə… Ol yanımda… Tənha qoyma məni dərdlərimlə…

Комментарии