
Əgər mən ölsəm…
Əgəri, şərti yoxdur ölümün,
həyatın axı…
Hökmən öləcəyəm,
geci-tezi var…
Nə qalacaq məndən sonra?!
Düşünürəm çox zaman…
Nə qoyacağam bu dünyada,
Ya da kimləri?
Canım qızımı, ana, atamı,
Bir də bir zaman ən yaxın dostlarım olan
doğma qardaşımı və
keçmiş həyat yoldaşımı…
Bir də yadlar…
Oxucularım, məni bəyənməyən oxumayanları…
Yazdıqlarım qalacaq məndən sonra,
arzusunda olduğum fikir yoldaşım-kitabımı aparmıram özümlə…
Heyiflər olsun ki…
Çıxartmaq qismətim olmayacaq…
Sevgimi, insanlığımı qoyacağam bu dünyada,
xatirələr qalacaq mənlə bağlı,
məni tanıyanlarda, tanımayanlarda…
Həm pis, həm də ki,
yaxşı insan olacağam kimlər üçünsə…
Kimisə rəhmətlik biləcək məni,
kimisə lənətlik…
Qismətim budur…
Adımı qoyacağam,
imzamı qoyacağam özümdən sonra…
Əgər mən ölsəm,
qızım axtaracaq məni göylərdə?!
Bəlkə hə, bəlkə də yox!
Heç bilmirəm artıq…
Əgər mən ölsəm,
sevinən çox olacaq ölməyimə,
yoxsa yas tutanlar…
Bəlkə sevinərlər daha çox…
İnsanlar çiy süd əmib axı…
Tanımaq olmur onları…
Əgər mən ölsəm,
ruhum baxacaq göylərdən sizə…
Baxacağam hər birinizə…
Əgər mən ölsəm, sakit öləcəyəm…
Sonradan biləcək hər kəs öldüyümü…
Ağlamayın mənə görə…
Gülə-gülə gedəcəyəm cəhənnəmə,
Qorxa-qorxa getmək istəmirəm cənnətə…
Hər şey bu qədər sadə…
Ölümüm kimi…
Комментарии