
Aysel Abdullazadənin “Qadın özlemi” şeirinə nəzirə
Qadın darıxarsa,
Soruşmayın niyəsini
Kimin üçün, nə üçün
Darıxdığını, susacaq axı?!
Qadın susarsa,
Bitibdir demək ki, sözü,
Bəlkə də hazırdır,
Getməyə, göz yaşlarıyla…
Qadın ağlayarsa,
Toxunmayın, yaxın durmayın
Təki ağlasın, boşalsın içi,
Bəlkə bağışladı, əfv etdi yenə…
Qadın bağışlayarsa,
Məhv olacaq inamı
Ehtiyat edəcək, şübhələnəcək,
Səhvi bir dəfə etmirlər axı…
Qadın darıxarsa,
Susar, ağlayar içində
Gülər yalandan üzdə
Qəlbində darıxar ancaq…
Qadın darıxarsa,
Fikirləri olacaq dağınıq,
Əlaqəsiz sözlər deyəcək,
Yola verəcək hər kəsi…
Qadın darıxarsa,
İçində yanar,
İçində olar təlatüm,
Fırtınalar, üzdə sussa da…
Qadın darıxarsa,
Üzdə güləcək,
Yaşayacaq hər kəs kimi,
Kimsə anlamasın deyə…
Qadın darıxarsa,
Gözü yol çəkəcək,
Fikirli baxışlarla
Baxacaq bir nöqtəyə…
Qadın darıxarsa,
Vardır bir həsrət
baxışlarında, ümid, inam,
xətrini özündən çox istədiyi…
Qadın darıxarsa,
Çox darıxarsa,
Sonsuzluq olarsa, darıxmağı,
Dəli olmağa çox yaxındır…
Qadın darıxarsa,
Gözləyər kimisə,
Uçurumdur, ya zirvədir,
son dayanacaq…
Qadın darıxırsa,
Tənhadır demək,
Vardır kimsə, ya yox,
Tənhadır yenə, darıxan qadın…
Qadın darıxarsa,
Bitəcək bir gün,
Özü də, səbri də,
Bağıracaq var gücüylə:
“Əlvida, insanlar, Əlvida, dünya!”
Комментарии