Bir şəkil çəkdim (İlqar Qulusoyun “Bir şəkil göndər” şeirinə cavab olaraq)


1437006325653
Bir şəkil istəmişdin,
Dostlarından şeirində…
Altında da yazaq biz:
“Bizdən sənə hədiyyə”…

Bir şəkil çəkdirmişdim,
Orada tək idim mən,
Saçlarım da dağınıq,
Daranmamış bir halda…

Bir şəkil çəkdirmişdim,
Söykənərək ağaca,
Yeni şəkil idi o,
Gəlib çatmadı sənə…

Bir şəkil çəkdirmişdim,
Yorğun, fikirli idim,
Nə idi məni üzən,
Özüm də heç bilmirdim…

Bəlkə fikirlərimdə,
Səni düşünürdüm mən,
Görüş yeri, vaxtını,
Xəyalən fərz edirdim…

Tələsən də sən oldun,
Gecikənsə, biz dostlar,
Qəlbimizə od qoydun,
Üzür ağrı, yaralar…

Bir şəkil çəkdirmişdim,
Gülərüzlü baxışla,
Bir əlim uzanmışdı,
Sənsə onu tutmadın…

Bir şəkil çəkdirmişdim,
Baxışlarım deyirdi,
Dodağım, dilim susur,
Qəlbim ah-vay edirdi…

İncik idim bir az mən,
Qaçırdım hər görüşdən,
Yazmırdım yazmasaydın,
Bilirsən?!Çox peşimanam…

Göz yaşım axar indi,
Ağrılar var hər yerdə,
Quruyan göz yaşlarım,
İndi qurumaq bilmir…

Kirli deyildi ruhun,
İnsanlığın, baxışın,
Təmiz idi qəlbin də…
Nəyi yuyum mən səndə?!

Səndən bizə nə qaldı?!
Şəkillər, xatirələr,
Qəlbimizdə qoyduğun,
Silinməyən çox izlər…

Səndən bizə nə qaldı?!
Zarafatın, satiran,
Şeirlərin, sözlərin,
Bir də dərin baxışın
O gülən gözlərində…

Комментарии