Bu da bir zarafatındır, İlqar?! (yaxın dostum İlqar Qulusoyun əziz xatirəsinə)

1437006327251
Cabir Novruz - Sağlığında qiymət verin insanlara
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir...

Giriş:
İlqar, sənə bunu sağ ikən yazacaqdım, söz vermişdim sənə... Qismət olmadı... Nə biləydim, səni daha görməyəcəyəm, nə biləydim axı, ortaq dostlarımız vasitəsilə sənə salam göndərə bilməyəcəyəm, əksər yazılarımı oxuduğun kimi bu yazımı oxumaq sənə qismət olmayacaq, səninlə azarkeşi olduğumuz və oyunlarında canımızı, səsimizi qoyduğumuz, həyəcanla izlədiyimiz Qarabağ FK-nın oyunlarının həsrətində olacaqsan... Söz vermişdim ayda bir dəfə sənə vaxt ayırım, görüşək, danışaq, ən yaxın dostum idin axı, sən mənim xətrimi çox istəyirdin, mən də sənin xətrini çox istəyirdim...
Dalaşmağımız, mübahisəmiz də az olmamışdır, çəkişmədən bərkiyə bilməzdi dostluğumuz...
Sənə söz vermişdim, Nəqşicahanın oyunlarına gəlib azarkeşlik etməyə, sənə və komandamıza dəstək olmağa, bu günü sabah edib, gələ bilmirdim, məni bağışla, sən isə gözləyirdin məni... Söz vermişdim qalib gəldiyinizdə bir şərab alacağam, dostlar hamımız qeyd edəcəyik bu qələbəni... Söz vermişdik xingal qonaqlığında yığışacağıq... Söz vermişdik ad günümdə dəniz kənarında piknikə gələcəksən, ötən il gəlmək qismət olmadı, xaricdə idin, bu il isə sənsiz necə qeyd edim axı...
Sən mənim dostum idin, oxucum idin həm də... Fəxr edirdim səninlə... Müzakirə edirdik sağlam düşüncə ilə hər mövzunu, yaradıcılığımı, tənqid edirdin, yol göstərirdin məsləhətlərinlə... Jurnalistikanı sevdirmişdin mənə... Səndən öyrənirdim jurnalist olmağı...
Sən mənə dənizi sevdirdin həm də...Sudan qorxurdum, üzә bilmirdim deyә, sәn sevdirdin dәnizi mәnә, sәn tәrgitdin qorxumu, sәn öyrәtdin hәyat adlı dәnizdә boğulmamağı, üzmәyi... Dəfələrlə üzməyə cəhd etsəm də, dənizin dalğaları batırırdı məni, boğulurdum dənizin suyunun altında, bunu sənə deyəndə, zarafat edirdin: "Çox yüngülsən, bir az kökəl, ay Günel, dənizin suyu səni yıxa bilməsin"
Ərk edib dost kimi çox danlayırdın məni, pis insanları tanıdırdın mәnә, qoruyurdun mәni onlardan, mәnim üçün dost cildindә mәlәk idin...
Elə bir dost idin ki, sənlə vaxtın necə gəlib keçdiyini hiss etmirdim, o qədər şən, zarafatcıl, maraqlı, həyatsevər, pozitiv insan idin ki, gözlərin belə gülürdü...
Mənim haqqımda bilirdin çox şeyi... Ailəmlə barışmağımı istəyirdin: "Ömür qısadır, nə qədər ki, sağsan, nə qədər ki, sağdırlar, dəyər ver onlara, küsülü qaldığın insanlarla barış, bağışla, üzr istə... Sonra gec olacaq..."
Yumor hissin, satiran, fəlsəfi, məntiqi düşüncən, fərqli yaradıcılığın o qədər güclü idi ki, istedadın sərhədlərə sığmırdı... Naz - Lifanın şərəfinə şeir, bayatı yazdın, mən də ona nəzirə yazdım, sən də bəyəndin...
İki ilin dostu idik... İlk görüşümüz İçərişəhərdəki Güllüoğlu kafesində olmuşdu... Yaxşı yadımdadır, bir dondurma sifariş etdik, sonra çay... Zarafata saldın ki: "Dondurmanın dalınca, çay içərlər?! Xəstələnərsən!"
Dəfələrlə görüşdük ya Madoda, ya təsadüfən Qarabağ FK-nın oyunlarında...
Kimdən səni soruşurdum, hər kəs səni tərifləyirdi... Səni sevən çox idi, layiq idin deyə, qazanmışdın bu sevgini... Hamı sağlığında sənə yaxşı dedi, niyə uzanmadı bəs ömrün?!
Bilet tapa bilməyəndə oyunlara, gec xəbər tutanda, təşkil edirdin bir bileti mənə, çox sağ ol dostum...
Səndən bizə qaldı yadigar bir şəkillər, bir xatirələr, bir də zarafatlar... Sən qəlbimizdəsən, yaşayırsan! Qarabağın oyununda gördün məni, yaxınlaşdın fasilədə... Çay içərkən, söhbət etdik, məni fan kluba salacağına söz verdin, saldın da...
Sən: - Qarabağı bu qədər çox sevirsən?
Mən: - Hə...
Sən: - Görürsən, bax, orada qırmızı rəngdə geyinən qızları?
Mən: - Hə...
Sən: - Bax, onlar Qarabağın qızlardan ibarət fan klubudur, rəhbərlərindən biri Vasif Acalov mənim dostum, iş yoldaşımdır, sabah deyərəm ona, üzv edər səni fan kluba, hər oyununa gedərsən, nə qədər istəsən qışqırarsan, səsin batana qədər...

O gün bilirsən, necə xoşbəxt idim?! İçimdən səni bərk qucaqlamaq keçirdi, sevincimdən kövrəldim, ağladım... Sözünün üstündə dayandın, səhərisi gün artıq fan klubun üzvü kimi Vasif məni qəbul etdi... Fan klubun üzvü olaraq, gözəl insanlarla tanış olub, sevimli komandamın futbol oyununu izləyirdim... Çox sağ ol dostum...
Son görüşümüz səninlə Azinforum saytının rəhbəri və ortaq dostumuz, gözəl insan və jurnalist Məhəmmədəli Qəriblinin təşkilatçılığı ilə İsrail-Azərbaycan Tibb Mərkəzində baş tutdu... Səni görüb elə sevinmişdim ki, elə sən də sevinmişdin, zarafatından da geri qalmırdın:
- Salam, bıy, Günel, burda neyləyirsən?
- Məhəmmədəli, məni də aksiyaya qoşub, dəvət edib, gəlmişəm...
- Nə yaxşı...
- Gözləyəcəyəm, görüm sənin səhhətin nə yerdədir, tez getsəm, sonra yazıb xəbər edərsən, diaqnozunu, ölürsən, ya qalırsan...
  • Salam, Günel, necəsən? Məhəmmədəlini də tanıyırsan?
  • Mənim tanımadığım adam qalıb ki?
  • Vallah, belə getsə, məni kölgədə qoyacaqsan...
Hiss edirdin dostlarını... Yaxşı və pis olduğu anları, dəstək olurdun hər zaman...
Özümü pis hiss edəndə, ya yazardın, ya zəng edərdin mənə...
  • Günel, salam, necəsən?
  • Yaxşı...
  • Yaxşı deyilsən axı... Yenə başlamısan neqativ status və yazılara... Nə olub yenə?
Bilirdin ki, yalan deyirəm sənə, səni yükləmək istəmirəm, gizlətməyə çalışıram dərdimi... Olmurdu amma, bilirdin, hiss edirdin, tanıyırdın məni... Bilirdin ki, pis olanda dondurma yeməyi sevirəm... Deyərdin zarafatla: "Get, dondurma al, düzələcək hər şey".
Xəstə olduğumu bilirdin... Təsəlli və dəstək olurdun mənə...Ağrıyanda ürəyim, deyərdin:
  • Günel, yenə ürəyin ağrıyır?
  • Olmayan nəsə necə ağrısın, İlqar?
  • Elə demə... Sənin geniş və təmiz ürəyin var... Saf və səmimisən... Geniş və təmiz ürəyin güclü və hiss edilən ağrıları olar...
Özündən bilərdin bunu... İnsanlardan, yaxınlarından, dostlarından çox zərbələr almışdın mənim kimi... Ona görə çalışırdın ki, eyni səhvlər, zərbələr məndə olmasın...
Keyfim olmayanda, görüşərdik səninlə... Beş dəqiqəyə zarafatın, pozitiv enerjin ilə terapiya kursunu keçirdin sanki mənə, sənin yanında gülməmək, sevinməmək olmurdu...
Danlayırdın ki, yeni həyata başlamıram, hər şeyi qəlbimə yaxın buraxıram, hər kəsi özüm kimi bilirəm... Gözlərimi açmaq istəyirdin mənim...
Kiminləsə şəkil paylaşan kimi zarafatla deyirdin ki: "Günel, sənin tanımadığın, səni tanımayan adam qalmadı, vallah"
Vətənini, təbiəti sevərdin... Təbiiliyi sevərdin, çox səmimi idin, niyyətlərin saf idi sənin...
Ötən il ad günümdə səhər tezdən sən zəng edib oyatdın məni, təbrik etdin, hədiyyə də almışdın, dönəndə Bakıya hədiyyə edəcəkdin mənə... O gün, bu gün hədiyyəmi vermək qismət olmadı... Bu il verəcəkdin hədiyyəmi... Yenə qismət olmayacaq... Daha qismət olmayacaq...
Naxçıvana gedəndə, balıq tutmağını görəndə, xingəl qonaqlıqlarını görəndə zarafatla deyirdim sənə: "Mənsiz boğazından necə keçir, İlqar, payımı saxla..."
Dostlarını, ailəni çox sevirdin. Övladlarınla fəxr edirdin... Məktəb həyəcanını, ata məsuliyyətini gizlədə bilmirdin... Sən sevindikcə, uğur qazandıqca, biz də sevinirdik...
Yazışmalarımıza baxırdım. Son ismarıcında yazmışdın: "Oynumuza gəl, dəstək ol, Emin səni qarşılayacaq, birlikdə gələrsiniz. Gecikmə, gözləyəcəyəm, ortaq dostlarımızı da gətir...". 3 oyununa dəvət etdin, gələ bilmədim, söz verirdim, gəlmirdim amma... İncimirdin məndən... Mənsə özümdən incimişəm... Bu dəfə gəlsəydim, o oyunda olsaydım, dostlarımızı yığsaydım, bəlkə necəsə kömək edə bilərdik sənə... Bəlkə bizi tərk etməzdin...
Şəkillərə baxıram, yadımda düşür o anlar, dialoqlar, zarafatların, atmacaların... Uşaq kimi küsməyim, ağlamağım, sevinməyim...
4-5 ay idi sanki soyumuşdu ünsiyyətimiz, uzaqlaşmışdıq... Ailəndə söz-söhbət, problem olmasın deyə, qıymırdım sənə zəng etməyə, yazmağa...  Birdən düz anlaşılmaz, qısqanclıq olar, mübahisə edərsiniz deyə... Özümü onsuz da bağışlaya bilmirəm... Söz verdiklərimin sayı söz verdiklərindən çox idi, tuta bilmədim, məni bağışla, əgər bacarsan... Bilirəm, gecdir, çox gecdir!
Səndən öyrəniləcək çox şey var idi... Əsl dostluğu, insanlığı öyrənməliydim, peşəkar jurnalist, yazıçı, şair, tənqidçi olmağı, yaradıcılığı sevməyi, dənizdə üzməyi, insanlardan özümü qorumağı öyrənəcəkdim mənə... Yarımçıq qaldı mənə keçəcəyin həyat dərsləri...
Son:
Sabah mәn dә ölәcәyәm,
Öncә tutacaq, sonra vurmayacaq, dayanacaq ürәyim...
Bir gün mәn dә ölәcәyәm,
bәlkә bu gün gәldi ölüm aparmağa o dünyaya, kim bilir...
Baxacağam keçmişimә, tövbә edәcәyәm,
mәlәklәr sayacaq günahlarımı, savablarımı, verәcәk hesabat Allaha...
Allah mәndәn soruşduqca, istәdikcә hesabatı,
susacağam, gözlәrimdәn oxuyacaq, O hәr şeyi görür, eşidir, bilir mәndәn dә yaxşı...
Qorxmuram ölmәkdәn, hazıram,
hәr günümü yaşayıram son günüm kimi, çalışıram qalmasın yarımçıq nәsә sabaha...
Sən bizim üçün ölməmisən, sən qəlbimizdəsən, deməli sən yaşayırsan, İlqar!
Bəlkə, yenə zarafat edirsən bizimlə?! Yoxlayırsan, kim nə deyəcək öldüyünü bildiyi zaman...

Комментарии