
Məktublar var ünvansız...
Məktublar var ünvanı var, amma çatmaz ünvanına... Orada işləməz rabitə, poçt, elektron poçt, telefon...
Sözlərimizi də bəlkə eşitmir, yazdıqlarımızı da oxumaz ünvan sahibi, çünki yoxdur o ünvanda həmin insan...
Bir məktub yazıram sənə, o dünyaya, kim və necə çatdıracaq məktubumu, bilmirəm hələ:
Burda havalar çox istidir, yerlə göy əlbir olub, göydən yerə od ələnir, bəs orada necədir hava? Cənnət deyilən, təsvir olunan kimi gözəldirmi? Kimlər var indi yanında?
Tapmısanmı orada dostlar, söz verilən hurilər qulluq edirmi sənə?
Bəs darıxmırsan bizim üçün? Yoxsa, düşmürük yadına?
Gecə və gündüz varmı?Yağırmı yağış, əsirmi külək, meyvələr də orada daha dadlı olar?
Yata bilirsənmi rahat, gözlərinə gedirmi yuxu?
Bilmirəm, bu gün gördüm, səni nə qədər insan sevirmiş, İlqar!
Gözəl insanların yanında özü kimi insanlar olar!
Bizi birləşdirən dəyər oldun, sən bir dəyər idin, dəyər olaraq da qalacaqsan!
Sən əvəzedilməz dostsan, yerin görsənir, yada saldıqca xatirələri, kədər içində sevinclə, göz yaşları axa -axa gülmək varmış qismətimizdə...
Övladların hər gün axşam yolunu gözləyirlər ki, qucaqlasınlar səni, yorğun işdən gəlmisən, sənə çox bağlı idilər...
Necə qıydın bizə, niyə susdun, xəstəliyindən, ağrılarından danışmadın, şikayət etmədin bizə?!
Susduqca, saldın ürəyinə, dözmədi yazıq ürək!
Dilim də gəlmir deməyə: Allah rəhmət eləsin! Barışa bilmirik yoxluğuna...
Комментарии