
Gözlərinin rəngi olsun fərqli, baxışları olsun fərqli... Baxdıqca baxışlarında batım... İtirim özümü... Əriyib gedim... Deməsin söz, baxışları yetər hirslənəndə də, sevinəndə də, kədərlənən də, sakit olanda da... Bir baxışı yetsin, demək istədiyini anlayım o an... Baxışları ilə "yesin" məni... İmtina edə bilməyim hər baxışında dediklərindən...
Saçları cəlb etsin məni, zərif, yumşaq, barmaqlarım olsun daraq yerinə, oynadım saçlarını...
Səsi cəlb etsin məni... Səsiylə çağırsın məni... Pıçıldayanda da dəyişməsin səsi... Aparsın səsi məni iç dünyasına...
Gülüşü, təbəssümü cəlb etsin məni... Hər təbəssümündə təbii sevinc olsun... Hər gülüşündə sanki bir uşaqlıq olsun... Uşaq kimi məsum, təbii, səmimi gülüş...
Toxunuşu cəlb etsin məni... Hər toxunanda ürəyim tez-tez döyünsün... Həyəcanlanım... Bir az titrəyim, içim yandırsın məni, çölüm isə özgəni...
Öpüşü cəlb etsin məni... Alnımdan, yanağımdan, əlimdən öpsə belə... Öpüşündə hiss edim nəfəsini, hərarətini...
Qucaqlaşmağı, bağrına basmağı ilə cəlb etsin məni... Bəzən bərk, bəzən yumşaq olsun təması... Yumum gözlərimi, sanki yuxu görürəm... Buraxmasın məni... Beləcə bağlanım ona... Qollarında hiss edib gücünü... Anlayım ki, o mənim üçün yaradılıb, istədiyim kişi odur, əsl kişidir...
Xarakteri cəlb etsin məni... Güvənsin özünə, mənə, qısqanmasın, dalaşmasın... Olsun söyüşlərdən uzaq... Hörmət etsin özünə, mənə... Gücü olsun ağlında, savadında...
Elə birisi olsun ki, sevdirə bilsin özünü mənə...
Sən varsan məgər?!
Комментарии