Çəkirsənmi?

Söylə, görüm, çəkirsənmi?

Nə çəkirsən, bilmək olar, çəkirsənsə?!

Öz yükünü çiyinlərində?! Ağır olmur ki, sənə? Ağrımır ki, çiyinlərin?!

Öz şəklini telefonla gün ərzində?! Hər anını, hər gününü salmaq üçün yaddaşına, tarixini yaratmaq üçün, ötürmək üçün, göstərmək üçün insanlara?

Dərd çəkirsənmi ürəyində?! Çəkərkən, nəfəs almaq çətinləşmir ki?

Bəs vicdanın? O nə çəkər? Keyf, ya əzab?

Çəkirsənmi rəsimlərində xəyalında olanları? Anlamazlar deyə, çəksən belə, çıxartmısan çəkdiyini… Qiymət verirsən, başqasının çəkdiyi rəsimlərə, sənə qiymət verən olmur, bilmir çəkdiyini, ona görə…

Üzünü bəs çəkirsən kənara, kimsə səni öpmək istəyəndə? Gözlərini çəkirsənmi başqasının gözlərindən danışarkən? Bəlkə nəsə gizlədirsən, çəkirsənsə?!

Nə çəkirsən?

Bəlkə çəkdiyin kimdir?

Ailən, doğmaların, dostların, insanlar çəkdirirlər sənə çəkdiyini?!

Bəlkə çəkirsən, başqalarının sirrlərini, gizlədərək öz qalanda… Divarlarını qalanın möhkəmlədirsən ki, almasınlar onu, alınmaz ola?

Özünü özün çəkə bilirsən? Yoxsa, bezmisən özündən, həyatından?!

Tərəzidə çəkirsənmi öz çəkini, bilmək üçün qiymətini? Yüngülsən, ya ağır? Bilmirsənmi?

Səbrini, əsəbini çəkirsən tarıma, geriyə, daraldırsan, genişləndirirsən fərqli anda, məkanda?!

Ümidini çəkirsən bəlkə geriyə, bir də doğrulmayan etimadını, məyus olmayasan deyə?!

İdeya və planlarının xəritəsini çəkirsənmi ağlında?

Yuxuların çin çıxanda, çəkirsənmi yuxunun ağırlığını? Yenidən yuxuya gedə bilirsənmi?

Etdiyin pisliklərə görə nə çəkirsən, görəsən? Anlayırsanmi ki, pislik edirsən?

Hansı tərəfə çəkirsən özünü, önə, geriyə, sağa, sola?

Həyat yolunu bəs özün çəkirsən? Yoxsa, kimsə çəkir sənin yerinə?

Kimə çəkdirirsən, zülmü? Kiməsə ancaq, yoxsa hamıya?

Çəkirsənmi ciyərinə zəhəri, yalanı içinə, fikirlərinə?! Qaralırmı qəlbin, dumanlanırmı beynin?

Kimə çəkirsən həyatının rəsmimi, iç dünyanın fotosunu?

Sözlərinlə çəkirsənmi peşmançılığı, faydası varmı iş işdən keçəndən sonra?

Yoxsa, məni çəkirsən bir tərəfə, çəkindirirsən tutduğun yoldan, yanılım deyə?

Qələbənin sevincini, məğlubiyyətin acısını çəkmək asandırmı başqaları ilə, yoxsa təklikdə?

Tənhalığını bəs necə? Çəkə bilirsən?

Bəlkə səni çəkir həyatın gizli kameraya, kamera arxasından necə görürsən, bilsən, çəkə bilərsən gerçəyi?

Əllərini çəkirsənmi başqasının mülkiyyətindən, başqasına xas olandan?

Bəs kreslondan necə? Könüllü əl çəkirsən?!

Çəkirsənmi film öz həyatından, ya başqalarının həyatı daha maraqlıdır çəkmək üçün?

Комментарии