Həyatımı bənzədirəm…

Mən öz həyatımı mebelə bənzədirəm, bəzən çox bahalı olur, istəməsən də, lazımdır deyə, almalısan həyatın sənə verdiyini… Sonra bir az istifadə edirsən, işinə yarayır, sonra atırsan bir kənara, arxivə, köhnəlir, toz basır. Yadına düşəndə, görürsən ki, çürüyüb, yararsız haldadır.

Bir də hər fəsildə bir görkəmdə olan təbiətə bənzədirəm həyatımı, qarışar bəzən fəsillər bir-birinə… Bu gün qış idi, yağırdı qar, yollar buz bağlayırdı, sabah gün çıxır, əriyir buz, günəş yandırır qızmar yayı ilə… Bilmirsən, hansı havaya uyğun geyinəsən…

Həyatımı evə bənzədirəm, öncə tikirsən öz əllərinlə, öz zövqünlə, hər gələn-gedən qiymət verir, dəyişirsən dəbə və zövqlərə görə, sonra o qədər dəyişdirirsən ki, həyatını, dözmür, dağılır, kosmetik təmirlərin nəticəsindən… Kimsə əl tutmur, kimsə daşın üstünə daşı qoyub tikmir həyatını səninlə birgə… Tikdiyin zaman tək olursan, dağıtmaq lazım olanda, hər kəs olar yanında…

Sözlərə bənzədirəm, bəzən deyilməli, bəzən susmalı olduğun sözlərə. Susduğunda bəzən peşman olarsan, bəzən isə yox. Bəzən isə etirafların səni peşman edər. Ardıcıllığı olmalıdır sözlər kimi həyatda hər şeyin, olmazsa, boşluqlar olar, zəncir qırılar, anlaşılmaz…

Gözəllik kimidir həyatım, təbii deyilsə, nə qədər bəzərsən, o qədər süni gözəllik olar, kimisini itələyər özündən, kimisini cəlb edər özünə… Yamadıqca, təbiini süniliklə, bir də görürsən ki, heç nə qalmayıb.

Rəsmə bənzədirəm, istedadsız rəssam üçün qaralama, cızma qara çəkilər həyat rəsmim, başqaları sevib, bəyənər, ya da ki, peşəkar rəssamın peşəkarlıqla çəkdiyi rəsmi olar, başı çıxmayanlar dəyər verməz bu həyat rəsminə, çünki dərinliyinə vara bilməzlər… Rəsm kimi fərqli çalarlar, fərqli obrazlar, fərqli bucaqlar, simvollar, ən əsası həyat rəsmini çəkəcək rəssamın kim olmasıdır, bir də ki, onun imzası, hərraca çıxartsan əgər, dəyəridir.

Geyimə bənzədirəm, dəblə geyinirsən, göstərirsən öz həyatını dəbli geyimin kimi, reklam edirsən, girirsən gözə, gəlirsən gözə, bezdirirsən insanları… Sonra dəbdən düşür o geyim, yenisini axtarırsan, köhnə geyimin kimi köhnə həyatın da qalır şkafında, bir gün dəb qayıdır, yenə təkrar geyinirsən, qayıdırsan, yeni həyatından köhnəsinə…

Uşaq kimidir həyatım, dəcəl, kövrək, tez inciyib, ağlayan, bir də kimsəsiz, müdafiəsiz… Bir sahibi olmazsa, başqaları sahib çıxar ona, bilməzsən, yeni sahibin yaxşıdır, ya pis, nə öyrədəcək uşaq olan həyatına…

Bir də qidaya bənzədirəm, kimsə qopardır həyatımdan bir parçanı, alır ağzına, çeynəyir, bəyənirsə, hamısını yeyib bitirir, kimisi isə bəyənmir, bir az çeynəyib, tüpürür yerə ağzını büzərək…

Комментарии