Məni sevindir…

Bilirsən, nə istəyirəm?!
Yüzlərlə şəkil qoysunlar önünə… Sənsə kiçik barmaqlarınla onları aralayasan, içindən birini seçəsən, götürəsən, göstərəsən hamıya. Deyəsən: – Bax, budur mənim Anam, anamın rəsmidir…
Atan bunu mənə deyəndə, sevinim ki, məni unutmamısan… Simamı, cizgilərimi…

Yüzlərlə zəng gəlsin, səslər eşidəsən, qadın səslərini… Sənsə, o səslərin içində səsimi tanıyasan… Sevincək deyəsən: – Bax, bu mənim anamın səsidir.
Atan bunu da mənə desin, mənsə sevinim, sevincimdən kövrəlim…
Yüzlərlə insan keçsin yanından parkda gəzişərkən. Bir də mən keçib. Kiçik əllərinlə tutasan əlimdən, saxlayasan məni… Deyəsən ki: – Bax, tapdım səni insanların arasından, Ana. Getmə, dayan…
Yüzlərlə qadınla atan görüşsün. Hamısını bəyənməyəsən. Deyəsən ki: – Anam onlardan daha üstündür. Mənim öz anam var…
Eşidəndə, biləndə ki, bilet alıb yanına uçuram, elə sevinəsən ki, aeroportda məni görən kimi üstümə yürüyəsən, bərk qucaqlayasan, öpəsən. Ağlayanda, siləsən göz yaşlarımı, deyəsən ki: – Ana, ağlama, mən səni sevirəm.

Комментарии