Məni zorlamayın…(davamı)

Zorlamaq, fərq etməz hansı növüdür, zorakılıqdır.

Şərq cəmiyyətindən qurban günahkar, zorlayan qəhrəmandır. Qınayır hər kəs qurbanı, qınamır kimsə zorlayanı… Zorlayan çox zaman həbs edilmir.

Qərb cəmiyyətində qurbanı anlayır, psixoloji müalicə, dəstək olunur, cinayət işinə ciddi yanaşılır, zorlamaq maddəsilə ittiham olunaraq həbs edilən şəxs həbsxana həyatında gündə neçə dəfə hər mənada zorlanır.

Yaşından, cinsindən asılı deyildir zorakılıq… Zorlanır hər gün minlərlə insan, heyvan, təbiətin özü…

Beyinlər zorlanır təhqir, söyüş, acı kəlimələr, haqsız ittihamlarla, qəlbə dəyəcək gerçəkliklər ilə… Bir də yalan zorlayır insanın beynini həqiqəti bildiyin zaman…

Bədənlər zorlanır başqa bədənlər ilə, dayanmadan, ardıcıl olaraq…

Bir də var, sillə, təpik, yumruqlar, döy ki, döyəsən, ta ki, ölənədək, canı çıxa…

Zorlayırlar kimisə, olur günahkar, susur, kimsə onu anlamır. Ya ərə verilir, yaşı çatsa da, çatmasa da… Ərə verilir onu zorlayan şəxsə, o da ki, zorla, hər gün zorlanır ailəsində…

Mənən zorlayırlar onu hər gün hər dəfə susması üçün… Əzirlər onu hər mənada… Ta ki, o özünə qəsd edir, bezir bu cür həyatından…

Bəxti gətirmir qurbanın… Kimsə xilas etmir ona, uzatmır əlini, dəstək olmur. İtələyirlər əksinə uçuruma, atırlar üstünə palçığı, batırırlar bataqlıqda…Gəldikcə gələrlər üzərinə… Hamı məsumdur, bir ondan başqa… O, susar, deməyə sözü çox olsa da…

Kimsə nə onu dinləyər, nə də anlayar… Səsini, harayını salar içinə… Susmağa davam edər. İctimai qınaq var bir yandan… “Qorusaydı özünü, zorlanmazdı… Özü günahkardır. Öldürün onu. Baş tapdağı… Namusumuzu ləkələyən insan…”

İçinə salaq, ağlayar hər gün… Kimə nə var axı onun dərdindən… Hər kəs zorlanmanı danışar, ağıl verər, başına sanki gəlib hamısının…

Bəxti gətirsə, evdəkilər anlasa, yaşamağa davam edər… Gətirməzsə, öldürəcəklər. Namusu ləkədən təmizləmək üçün ölməlidir o… Çıxış yolu öldürmək, növbəti zorakılıqdır qurbana qarşı…

Ən yaxşı halda, sevəcək kimisə, unudacaq bir müddətə… İnanacaq, deyəcək sevdiyinə zorlandığını… Ya onu atacaq sevdiyi insan, ya da ki, hər gün o zorlayacaq davamlı olaraq bezənə qədər…

Ailə qursa, ər deyəcək ki: Sən fahişəsən, səni adam etdim, xilas etdim. Minnətdar olmalısan. Xoşuna gəlmirsə, sus, yaşa, ya da çıx get, rədd ol atanın evinə…Səni kimsə sevə bilməzdi. Səni kimsə sevməzdi, kiməsə lazım deyilsən, deyildin, məndən başqa…

Bu da bir zorakılıqdır. Psixoloji təzyiq, zorakılıq. Anlamırıq sadəcə, dözürük, susuruq hələ…

Məni zorlamayın! Yaşamaq istəyirəm!

Комментарии