Necəyəm indi?

Əslində, mən ayrılıram kimdənsə bir dost olaraq…

Səbəbləri çox idi, əsas odur uzaqlaşıram, sakitcə, kiminsəı ruhunu incitmədən…

Sənə yazıram:

“Bircə dəfə soruşmadın məndən: Necəsən?

Guya əziz idim sənə… Sənə maraqlı deyildi, necə olmağım…

Necəyəm indi?

Desəm ki, pisəm, yalan olacaq…

Boşluq var, biganəyəm… Çünki haqlıyam…

Səni vaxtında tanıdığıma və haqlı çıxdığıma məyus olmadım… Əksinə çox sevinirəm… Çünki sənə çox bağlanmadım, səni sevmədim…

Necəyəm indi? Düşünmə ki, mən vergilərdən vergi nəzarətçisi yoxlamaya gəldiyi üçün narahat olan şirkət rəhbəri və ya baş mühasibi kimi özümü hiss edirəm. Təmizdir işim, qanunsuz nəyimsə yoxdur,

Necəyəm indi? Elə bilmə ki, kommunal xidmətlərdən məhrum olmuş bomj həyatını yaşayıram, sən yoxsan deyə! Əsla! Sən heç kim idin, nəyisə və kimisə itirmədim… Davam edir həyatım…

Necəyəm indi?  Yanlış olaraq düşünmə, yenicə dünyaya göz açmış körpə kimiyəm, anlamıram nəyisə, məsumam, başımı aldadacaqsan, ya da ağlayacağam…

Necəyəm indi? Sanma ki, qolları, qanadları qırılmış quş, mələyəm, uçmağı bacarmıram, ruhdan düşmüşəm, yaralıyam, özünü aldatma… Səndən öncə necə idimsə, sən yox olduğunda necə var idimsə, sən də gedəndən, yox olandan sonra eləyəm… Nə dəyişməlidir ki?

Necəyəm indi? Sanma ki, təyyarədən paraşütsüz tullanmışam, guppultu ilə düşüb, haramısan sındırmışam, ya da ki, ölmüşəm… Sevinərsən…

Necəyəm indi? Əla! Niyə pis olum axı, səbəb görmürəm, hər şey əladır! İtkinin yarısından dönmək də qazancdır, səhvin yarısından qayıtmaq sığortalanmaqdır.

Mən səni sevməmişdim axı… Mənim üçün dəyərli deyildin axı… Sənə bağlanmamışdım axı…

Bilirdim ki, müvəqqətisən, bilirdim ki, istəyin nədir, bilirdim ki, tezliklə gedəcəksən…

Necə ki, gələndə xoş gəlmişdin, elə də xoş getdin!

Комментарии