ТВОРЧЕСТВО Sosial şəbəkələrdə yazılmamış qanunlar… (Satirik, yumoristik, tənqidi yazı)

Mən bu yazımı şəxsi müşahidələrimə və təcrübəmə əsasən yazmışam.

Kimsə inciməsin.

Profillə bağlı: Kiməsə dostluq yollamamışdan öncə, onun səhifəsinə girsək də, informasiya bölməsinə, xronikasına baxmaq lazım deyil, birdən çaşıb baxarsınız ha, baxsanız, bu bölmələrdə açıq aydın olan məlumatları profil sahibindən soruşmağa, onun və özünün vaxtını almağa, inboksuna dəxlisiz ismarıclar yazmağa hüquqi və faktiki əsasınız olmaz axı…
Profil şəklini görən kimi, bəyəndiyin halda kompüterinə, noutbukuna, obil telefonuna yükləyib, dost-tanışına göstərmədinsə, profil sahibinə “Profil şəklindəki insan sizsiniz?” kimi mənasız suallar vermədinizsə, hesab etməliyik ki, digər yaşıd və həmcinslərinizdən inkişaf baxımından geridə qalmısınız. Elə bil ki, profilimə Adriana Lima, Jeniffer Eniston, Jessika Alba, Ancelina Coli, Jeniffer Lopezin şəklini qoymuşam və profilim hansısa əlamətinə görə saxta profilə bənzəyir.
Ağıllı statuslar yazıb, yeni insan “tutmaq” və yeni qurbanını izləyib, onun marağına uyğun statuslar, yazılar paylaşmadınızsa, şərhlər yazmadınızsa, həmin insanın diqqətini cəlb etmək metodlarını axtarıb tapmadınızsa, deməli siz zəifləmişsiniz. Sizin tayınız deyil, ya da dirəşib bezdirmək lazımdır.
Dostluğa və ya abunəyə qəbul edilən kimi qarşı tərəfin paylaşdığı bütün paylaşımları, var-yoxunu, paylaşmaq ərəfəsində olduğunu bəyənmədinizsə, qarşı tərəfin monitorunu sizin paylaşım bəyənmələriniz bəzəmədisə, onun gözünə beləcə girmədinizsə, deməli, üzərinizdə, hələ çox işləməlisiniz, ya da metodu dəyişməlisiniz.
Tanımadığınız və ya az tanıdığınız insanla şit zarafat edib, ərk edib söz soxmadınızsa, siz o siz deyilsiniz. Yoxsa “cool” görünməzsiniz.
Bir ortaq dostunuz varsa, hökmən o adama dostluq təklifi yollamalısınız, qəbul etməzsə, bir daha yollamalısınız, bu o vaxtadək belə davam edəcək ki, ya o sizi spama atacaq, ya sizi bloklayacaq.
Sizi bloka salarsa, hökmən saxta profil açıb, qarşı tərəfin profilini izləməlisiniz. Qurdlarınız qoymaz axı.
Profil istifadəçisi kiminlə münasibətdə olduğunu bildirər və münasibətdə olduğu şəxsin profilini işarələməzsə, çoxluq maraqdan partlayacaq kimdir, işarələyərsə, dərhal ona ürək sözlərini yazacaqlar.
Profil şəklini və ya digər şəkillərini görən kimi, mütləq inboksa təriflər yazılmalı, “tutmağa” çalışılmalı, sanki xatirə doldururmuş kimi profil sahibini suala tutmalı, cavabsız qalacağı halda, profil sahibini ittiham, təhqir etməlisiniz.
Profil sahibini tanımasanız belə, ona inboksda və ya rəydə bir dissertasiya mövzusu və həcmində mətn yazmaq, cavabsız qaldığı halda, yenisini yazmaq, yenə cavabsız qaldığı halda, həmənki insan haqqında status yazmaq, yenə cavabsız qaldığı halda, onun dalınca danışıb, həmin insanı bloka atmaq.
Bəyən məni, bəyənim səni- prinsipiylə işləmək, bəyənməyəni bəyənməmək prinsipiylə cavab vermək.
Online görsənsən belə, yazmasan, gecə saat 2-3 -də ismarıc yazıb, “darıxıram, yata bilmirəm, onlinesan, yaz da, niyə susursan” ismarıcını yazmaq və qarşı tərəfi facebuk və messenger, whatsapp, viber, instagram proqramını yükləməyə peşiman etmək, bloka atıldıqda, nömrəsini tapıb zəng etmək, səbəbini izah etməyini tələb etmək.
Profil sahibi qarşı tərəflə tanış olmaq niyyətində olmadığını bildirəndə, ona “nə gündəsən, eybəcər, minnətin olsun” kimi atmacalar atıb, borclu çıxartmaq, həmin profili bloklamaq.
Dəxlisiz adamları dəxlisiz qruplara salamsız-kəlamsız atmaq, səhifə bəyənməyi sırımaq, dəxlisiz status və paylaşımlara tağ etmək, işarələnilən şəxs o işarədən profilini çıxardarsa, həmin profil sahibindən axirətədək küsmək.
Dostluqdan kiminsə silinməsindən sonra həmin adamın profilini nəzarətdə saxlamaq ki, birdən bir zərbə vurar, status paylaşar bu hal ilə bağlı.
İnstagramda şəkilləri bəyənən ki, şərh yazmaq, şərhə münasibət bildirilməzsə, inboksda dəng etmək;
Dəxlisiz adamlarla bağlı dostluq tövsiyyəsini yollamaq.
Ortaq dost olan şəxslər olarsa, facebukun “ola bilsin tanıyırsınız” təklifini hərfi mənada qəbul edib, ucdantutma hamıya dostluq təklifi yollamaq.
Statuslarla özünü hamıdan ağıllı göstərmək, hamıdan üstün bilmək, hamıda səhv tutmaq, hamıya irad bildirmək.
Profil sahibinə özəl suallar verib, cavab verəcəyinə ümid bəsləmək.
Ən azı bir real, 3 saxta profilə sahib olmaq.
Şəkildə kimsə yanınızda olarsa, o kimdir? deyə sual vermək.
“Rəfiqən varmı? Tanış et” xahişini eləmək. “Özün bir işə yaramırsan, barı rəfiqəni, dostunu düzəlt mənə” xidmətiylə özünü profil sahibinə sırımaq.
Virtual dünyada gopa basmaq və olduğun kimi görsənməmək.
Bloka düşərkən, ortaq dostlar vasitəsilə ittiham dolu ismarıc göndərmək “ona de ki, yerə ensin, göylə getməsin, blokdan çıxartsın” demək, blokdan çıxan kimi sözünü soxub, özünü haqlı çıxartdığını düşünmək və sizi bloka atan və blokdan çıxardan profil sahibini bloka atıb öz qürurunu doyurtmaq.
Tanımadığınız adamdan borca pul, kontur istəmək, fırıldaq xeyriyyə aksiyalarına sadəlövh insanları cəlb etməyə çalışmaq, mərsiyə və ağlaşma qurmaq.
Qarşı tərəfin hər yerdə offline olmasına və sizi bloka atmasına nail olmaq.            

Комментарии