Yeri gəlməmişlər, yersizlər (milli təfəkkür, təhlil, ssenari-ən yaxşı və pis halda- satirik, tənqidi yazı)

Yersizlər kimdir, yersiz gəlib özünə yer tapan və yersiz olduğunu iddia edənlər, başqasının yerinə göz dikənlər və hər zəbt etdiyi yerdə özünü narahat hiss edənlər, yeni yerlər zəbt etməyə öyrəncəkli olanlardır. Yersizlərin tutduğu hər yerdə özlərini yersiz hiss edirlər, öz yerlərini axtarırlar.

Yeri gəlməmişlər isə yerlərin çoxunun zəbt etdiyini görüb öz vaxtını və yerini gözləyənlər, yer tapıb, daha yaxşı yerə layiq olduğunu gözləyib, o yerə gəlməyənlər, özlərinə yer tapa bilmədikləri üçün yerə gəlməyənlərdir. Növbələri çatsa, onlar da yersiz olacaqlar…

Sonrakı işləri də yeri gəlməmişlər yersiz olacaqlar, yersiz gəlib yerli qaçacaqlar ki, yeni istehsal olunan və dövriyyəyə buraxılan yersizlərin yeri olsun…

Yersizlərin də yeri gəlməyən yersiz sual və maraqları var. Lap bişmiş toyuğun gülməyi gələr.

Məsələn, yer üstündə dava edən yersizlərimiz üçün hər cür silah və vasitə məqbuldur. Əsas məqsəd yerdir. Yer onun olsun, sifətində bir razılıq işarəsi olacaq ki, sanki Böyük Səkkizliyi o idarə edir, qloballaşmadan xeyir götürən odur.

Edilməsi zəruri olan işləri görəndə elə minnət qoyacaqlar ki, adam özü özündən şübhələnəcək, elə biləcək ki, iradını yerində deməyib, lazım olan yerdə, kəsə bildirməyib. Yerli özünü yersiz bilib, qaçacaq… Bu da yersizlərin qələbəsi olacaq. Yenə onlar üzlərində bir razılıq ifadəsi ilə uşaq kimi sevinəcəklər. Çox sevinməyəcəklər. Çünki onları mənim kimi insanlar müşahidə edib, ifşa edirlər. Daş qayaya rast gəlir, zamanı və yeri vardır.

O qədər yeri gəldi, gəlmədi mövzuları müzakirə edənlər var ki, başı çıxdı, çıxmadı, amma özlərini elə aparırlar ki, sanki Sarbonna, Harvard, Oksford kimi universitetlərin fərqlənmə diplomu ilə məzunları olmuşlar. Halbuki, ya orta təhsillidir, ya təhsili yarımçıqdır, ya da heç ali təhsili özəl təhsil müəssisəsinin verdiyi səviyyədədir.  Bilikləri olsaydı, yuxarı bal yığıb, dövlətin pulsuz təhsilini alar və dövləti borclu çıxardardırlar.

Həmrəy və fərd olaraq bir cəmiyyət yaratmaq, təklənməmək üçün yerlipərəstlik edənlər də yersizlərin bir hoqqasıdır. Yerliçilik… “Salam” kəlamından sonra “necəsən?” demək əvəzinə, “haralısan” sualı verən yersizlərimiz var, sanki mən onun yerlisi olmasam, pis insanam. Sanki elə böyük yerimiz var, bölüşə bilmirik, bölüşəndə də, ağlımız artacaq…

Atalar sözlərini yersiz deyib, insanlara ağıl və məsləhət vermək istəyən və yuyulmamış qaşıq kimi özünü bişməmiş yeməyə, ya da çox isti yemək, şirin çaya atan yersizlərimiz var. Guya bizim şifahi xalq ədəbiyyatından xəbərimiz yoxdur. Tək odur, kitab üzü açan, mütaliə edən. Bir, iki atalar sözü əzbərləyib, dəxlisiz yerdə və məqamda sözünü soxanları kənardan müşahidə etmək daha maraqlıdır, çünki yeni lətifə üçün mövzu olurlar…

Görüşlərdə, tədbirlərdə özünü ünsiyyətdə olan bir neçə şəxsin içinə atan, mövzunu bilmədən öz sözünü deməyə çalışıb, özünü gülünc yerə qoyna yersizlərimiz var.

Yersiz qaçanlarımız da, yerli qaçanlarımız da elə sürətlə qaçır ki, heç pilotlar Formula 1 yarışmasında idman maşınını o sürətlə sürməz, heç snovbordunu ayağının altına qoysan, elə sürüşməzsən, üzü aşağıya doğru…

Zamanı gözləyib yersiz və səbəbsiz qiymət artıranları demirəm heç… Yersiz iqtisadi qanunları yazırlar, istədikləri qiymətə də sırıyırlar satışa çıxardıqları mal və xidmətləri… Yersiz ağlayır başqaları da… Ağlaya-ağlaya alırlar o mal və xidməti…

Yersiz qurumlar da var ki, bilmirsən nə işlə məşğuldur. İşləri sakitcə pul yumaq, yemək, ehtiyata yığmaqdır. Hansısa tədbir və ya verilişə təsadüfən gələndə, bilirsən ki, belə qurum var.

Yersiz ağlamaq, şüvən qopartmaq, şikayət etmək, özünə qarşı mərhəmət hissini oyadıb insanları aldatmaq da yersizlərə xas xüsusiyyətdir.

Yeri gəlməmişlər yersizlərə baxıb öyrənirlər ki, yerliləri qaçırtsınlar, özlərinə qalsın. Mübarizə həyat mübarizəsidir. Qalib gələn tərəf yerə sahib olur.

Yersiz yeri gəlmişkən deyilən sözləri demirəm hələ. Elə bilir ki, sözünün və özünün yeri gəlib. Hay-hay… O saydığını saysın… Biz də öz bildiyimizi sayaq…

Gözləyən vaxtını itirər, bir də əsəblərini… Gecikən də uduzar, tələsən də… Ya yerin gəlmir, ya yersiz gəlirsən… Nə edəsən o zaman? Nə gecikəsən, nə də tələsəsən… Bacarsan…

Nə yersiz olasan, nə yeri gəlməmişlərdən…

Fikirlərini sırımayasan yersiz…

Hər kəsin yerini öz yerin bilməyəsən…

Öz yerini tapasan və yerini biləsən… Şükür etməyi bacarasan…

Ən pis halda yerin görsənməyəcək, ən yaxşı halda, yerin görsənəcək…

Ən pis halda, yersiz olacaqsan, ən yaxşı halda, yerin gəlməyəcək… Növbəni gözləyəcəksən…

Bu qədər sadə…





Комментарии