Davam edir 37…

Xalqım getməz irəliyə,

Çəkirlər onu geriyə,

İp salıblar boğazına,

Döndərirlər sağa, sola…

İt yerinə qoyur xalqı,

Unutdurar bir xəbərlə,

İtirilmiş torpaqları…

Mütrüflərin bayramıdır,

Bayram günü çal-çağırdı…

Nə qədər ki, beyinləri yuyanlar var,

Hazırlara nazirlər var,

Tikiləni dağıdan var,

Gözü yaşlı anaları,

Qarabağda vuruşanı,

Saymayan var,

Davam edir soyqırımlar,

Davam edir susqun içdə etirazlar,

Davam edir, təkrarlanır tariximiz,

Düzəlmirik, nədənsə biz…

Davam edir 37,

sürgün, qaçqın, köçkün həyat,

Həyəcanlı qorxu, yaslar…

Davam edir 37…

Çıxıb gedir gənclərimiz,

İşsiz qalır işləyəni,

Borc içində batır xalqım,

Yoxdur bir kəs ağlayanı,

Acı deyib, saç yolanı…

Diri-diri basdırılan meyidləri,

Küt beyinli menecerlər, işverəni,

Dəyərini itirdikcə, itiririk,

İtirməyə bir şey qalmır…

Xalq şairi, yazıçısı,

Öndə gedən ziyalısı,

Xalqa bir gün ağlamaz ki,

Yapışaraq statusundan,

Danışarlar xalq adından…

İstedadsız istedada yol göstərər,

Ağılsızı ağıllıda nöqsan görər,

Savadsızı savadlını əzib keçər,

Davam edər 37…

Daha kəskin, daha ciddi…

Nə qədər ki, müəllimi,

Təhsil, bilik verməkdənsə,

Pul, cib dərdi güdəcəkdir…

Nə qədər ki, həkim həyat verməkdənsə,

Xəstəliyə çarə tapıb, sağaltmaqdansa vətəndaşı,

Qiymət deyib, öldürəcək pasienti,

Davam edər 37,

Daha kəskin, daha ciddi…

Məmurları bir bəladır,

Açılası dərd deyil heç,

Millətinə vəkil olan,

Millətindən xəbərsizdir.

Davam edər 37…

Susun, qorxun,

Ya da qaçın,

Çıxış yolu, çarə olsun,

Təsəlli ver, biz elədik, alınmadı…

Qaçın burdan uzaqlara,

xoşbəxt olun yad diyarda…

Комментарии