Kimsəsiz…

Bu günün səhəri onun üçün açılmadı.

Gecə yarısı o xəstəxana otağında susaraq vidalaşdı.

Bir azdan hər kəs biləcək ki, o, yoxdur, başlayacaq tamaşa…



O, gecə yarısı evdən çıxarkən, tələsik çıxmışdı, evdə hər şey təkrarlanırdı.

Hamı bir-biri ilə mübahisə edir, dalaşırdı, sanki nəyi isə bölüşə bilmirdilər.

O, bezmişdi, sakitlik istəyirdi. Ev paltarında küçəyə çıxmışdı ki, gəzinsin.

Evinin yaxınlığında dənizkənarı park yerləşirdi. Gəzdiyi yerdə ürəyi tutdu. Ürəyi xəstə idi.

Parkda ondan savayı kimsə yox idi, bir kimsəsiz it onun kimsəsiz bədənini tapdı, itin səsinə adamlar yığıldı, ürək tutma diaqnozu ilə onu xəstəxanaya yerləşdirdilər.

Onu kimsəsiz bildikləri üçün xüsusi diqqət və qayğı göstərmir, onun bir yaxın və ya qohumunun çıxacağına ümid edirdilər ki, onun yerinə xəstəxana məsrəflərini kimsə ödəsin.

Səhər açıldı. O, artıq yox idi.

Atasının itkin düşdüyünü elan etdi övladları.

Onun meyidini xəstəxanada tapdılar.

Media bu olayı işıqlandırmışdı: “Bir kimsəsiz dünən axşam dənizkənarı parkda ürək tutma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. Yaxınlarından onun gətirildiyi xəstəxanaya getmələri və cəsədi tanımaqları xahiş edilir.”

Bir də onun rəngsiz, kədərli simadakı şəklini paylaşmışdılar , övladları onu bu şəkildən tanıdı.

O, yox idi. Övladları bilmirdi, sevinsin, yoxsa kədərlənsin.

Əsl tamaşa indi başlayacaqdı. Atası milyoner, biznesmen idi. Vərəsəlik davası gedirdi evdə. Hər gün eyni mövzu, hər gün eyni dava, kim haqq edir, kimsə layiq deyil deyə.

O isə bezmişdi yaxınlarından, ailəsindən, övladlarından, pulundan, işindən. O, sakitlik istəyirdi. Hərdən isə ölmək istəyirdi. Canı qurtarsın bu fani dünya və insanlardan…

Bu gün onu basdıracaqdılar, yas məclisinə hər kəs yığılacaqdı vidalaşmaq üçün. Əsl tamaşa bundan sonra başlayacaqdı. Kimə nə düşəcək onun mirasından…

Комментарии