Oxşadı oxşamışına

Bu günkü mövzumuz övlad tərbiyəsi, gənclərə və gələcəyə sırınan ailə modelidir.

1-ci hissə: İlkin və davamlı səhv tərbiyə, düşüncə

Övlad yaxşı olanda, atasının gül balası fəxridir, pis nəsə edəndə, anasının verdiyi tərbiyədir.

Övladın tərbiyəsi hər iki valideyn tərəfindən birbaşa, kənar və üçüncü şəxslərin müdaxiləsi olmadan qadın hamilə qalandan başlamalıdır.

Bizim ailə modelimizdə gəlin ya anası evinə, ya qaynanası gilə yönləndirilir, ata uşağın tərbiyəsi ilə məşğul olmur, az məşğul olur, sanki qadını mayalandırmaqla, işi bitdi. Ya da onun atalıq borcu, işləyib pul qazanmaq və ailənin maddi ehtiyaclarını ödəməkdir.

Bizim ailə modelimizdə ən böyük boşluq valideynlərlə övladlar, böyüklərlə kiçiklər arasında olan ünsiyyət riskidir. Ya ünsiyyət var, amma qorxudaraq, hədələyərək, təhqir edərək, söyərək, döyərək, aşağılayaraq, müqayisə edərək kiminləsə, üstünə qışqıraraq. onları idarə edərək, onları nəzarətdə saxlayaraq, ya da ki,heç ünsiyyət yoxdur. Sanki belə də olmalıdır. Birtərəfli və anlayış, hörmət olmadan ünsiyyət və ya əmr vardır.

Valideynlərindən gördükləri, eşitdiklərini də övladlarına ötürürlər. Sanki belə də olmalıdır. Bir dəfə də olsun, öz uşaqlarını yada salmırlar ki, yetkinlik yaş dövründə özünü xatırlamırlar ki, bu cür davranış onları qane edirdimi? Bir dəfə də olsun ki, özlərini uşağının yerinə qoymurlar. Uşaqları hiperaktiv olanda, xəstəlik diaqnozu qoyularaq müalicə edilir, aqressiya və ya şiddət ilə idarə edilir, susdurulur.

Aqressiya, şiddət, qorxu sevgi oyatmır, müsbət nəsə yaratmır. Əksinə uşağın psixologiyasında pis iz qoyur, eyni rəftarı öz övladlarına tətbiq edir. Çox az adam var ki, bu aqressiv zəncirləri qırır, övladını fərqli tərbiyə edir, övladına fərd kimi yanaşır, övladını anlayır, onunla ünsiyyətdə olur, onun enerjisini idmana, yaradıcılığa, istedadının kəşf edilməsinə yönəldir. Biz həmişə az vaxt sərf edilən, asan yolu seçmişik. Çünki bu bizim üçün rahatdır.

Özümüzü elə göstərir ki, guya hər zaman haqlıyıq. Övladımızı risk və ya təhlükə, bizi qane etməyən nəsə etməmişdən öncə ünsiyyətlə qarşısını almaqdansa, hadisə baş verəndən sonra qadağa, aqressiya tətbiq etməyi düzgün sayırıq.

Biz uşağımıza hörmət etmiriksə, sevgi, diqqət vermiriksə, anlayış göstərmiriksə, ünsiyyətdə olmuruqsa, övladımızdan eynisini, cavabını gözləmək doğru deyildir.

Çox zaman uşaq ən doğrusunu görən, tənqid edən, bizim hərəkətlərimizin güzgüsüdür.

Biz övladımızı ancaq tənqid etməklə tərbiyə edirik, tərifləməyi bacarmırıq. Biz övladımızı başqası ilə müqayisə edib, həmin şəxslərə qarşı aqressiv, nifrət, paxıllıq hissi ilə yaşamasına əsas yaradırıq.

Biz övladımızın istəklərini qadağa etmək, ipini yığmaq, zəncirləməklə, idarə edirik. Bu idarə deyil. Ən doğru idarəetmə övladı dinləmək, onu anlamaq, onunla ünsiyyətdə olmaq, ona doğrunu göstərmək, eyni səhvləri təkrarlamaqdan çəkindirməyimizdir.

Övladlar ailədəki aqressiyanı görüb, susur, paylaşmırlar, ailədəki böyük kiçik arasında olan pərdə sayəsində övladlarımız ətraf mühit, doğru seçmədiyi dost və ya tanışlarına müraciət edir, onlarla yaxın olur, onların məsləhətlərini dinləyir, onların etdiklərini təkrarlayır. Sonra övladımız üzümüzə ağ olanda, yenə öz səhv və günahımızı görmürük, özümüzü haqlı çıxardırıq, övladımızı cəzalandırırıq.

18 yaşdan sonra övlad sərbəst şəxsdir. Onu vaxtında düz tərbiyə etmiş valideyn onun gələcəyi üçün narahat olmaya bilər. Bu yaşdan sonra valideyn sadəcə müşahidəçi, izləyicidir.

Övladın dostu, rəfiqəsi yox, ancaq, atası, aqressorçu işğalçısı olan valideyn hər zaman uduzur və cəmiyyətə faydasız bir övlad, gələcək, vətəndaş tövhəsini verir.

Məncə, düşünməyə dəyər. Övladlarınızı özünüzdən hürkütməyin, uzaqlaşdırmayın. Ona insan kimi, fərd kimi yanaşın. Onunla ünsiyyətdə olun.

II hissə: Sağlam olmayan seçim

Uşağın seçimi. Burada valideyn düşünür ki, uşağının xoşbəxtliyini istəyir, hər işinə qarışır. Seçdiyi və sevdiyi peşəni, işi ona qadağan edir. Bu zaman valideynlərin seçimi ilə peşəyə sahib olursa, onun yerinə seçilən sahə üzrə uğursuz və qeyri-peşəkar kadr olur və işini sevməyərək görür. Bu isə müsbət nəticə vermir, əməliyyat, maliyyə risklərinə səbəb olur, övlad öz yerini tapa bilmir, gördüyü işdən həzz ala bilmir.

Bizim valideynlərimiz iş və peşəni də övladının savad, bilik dərəcəsinə görə deyil, cinsinə görə müəyyən edir. Bu peşənin sahibi, bu təhsili alsa, qadına yaraşmaz, qadın işi deyil, kişiyə yaraşmaz, kişi işi deyil.

Bizim valideynlərimiz seçimləri zamanı öz aralarında mübahisə edə və övladını unudub ortalıqda vurnuxdura bilər. Əgər hər iki valideyn eyni peşə sahibi deyilsə, bir valideynin digər valideynin peşəsindən xoşu gəlmirsə, bu zaman mübahisə böyüyəcək, övladı hərəsi öz tərəfinə çəkəcək, beynini doldurub yuyacaq, övladının öz istək və seçimini nəzərə almayacaq.

Bizim valideynlərimiz övladına ixtisas seçərkən, ona bankomat və ya pul çap edən avadanlıq kimi baxır. Daha çox gəlirli, pul gətirən, şöhrət gətirən bir peşəni seçir. Pul, uğur, şöhrət, zirvə öndə tutulur və övladına əsl insan olmağı təbliğ və təlqin etmək yaddan çıxır. Çünki valideynlərinin çoxusu düşünür ki, əsl insan kasıbdır, acından ölür.

III hissə: Sağlamlıq

Vay o gündən hamilə qadın, südverən ana xəstələnsin. Burada hamı işə qarışacaq, hamı qadını, ona tərbiyə verəni, həyat yoldaşını qınayacaq, günahkar biləcək.

Hələ irəli gedib, qadının həyat yoldaşını, baldız, qayın, qaynana, qaynatasını qızışdırıb üstünə salacaqdır.

Yaşından asılı olmayaraq uşaq xəstələnərsə, uşaq yaşında uşaqlıq illərində yoluxması asan və məsləhət bilinən xəstəliyə belə yoluxsa, yenə günahkar ana və ata olacaqdır. Onlar valideyn olmağa layiq deyillər.

Uşaq xəstələndisə, türkə çarə. Hər kəs bildi bilmədi diaqnoz qoyur, dərman yazır, müalicə üsulu təyin edir.

Uşağın bədəni kimyəvi zavoda çevrilir.

Valideynlər panikaya qapılır. Bir-birilərini ittiham edir.

Uşaq xəstələnərək, yeridiyi zaman yıxılaraq böyüyür. Bundan qorxmaq lazım deyil. Özbaşına müalicə etdirmək, xəstəlik üçün dərman almaq lazım deyildir.







Bu cür tərbiyə və ailə modeli alqışlanası deyil, qarğışlanasıdır. Bu cür ailə və tərbiyə metodu gənclərə sırınmamalı və təbliğ edilməməlidir.

Комментарии