Hərflər...

A hərfi...
A hərfi mənim üçün
Ağrım olub, acım olub...
A hərfi bir zamanlar
Ayrılıq, ağırlıq olub...
Adında A hərfi olan
Adam olub həyatımda...
A hərfində aşiqliyim,
A hərfində adiliyim,
A hərfində A boyda ağlım,
A çəkili azadlığım var indi...



C hərfi
C hərfi – mənim üçün
Ciddiyyətə varmaq, sonra çıxmaqdır,
Can atmaqdır azadlığa,
Cavabıdır mənə verdiyiniz sualların…
C hərfi – mənim üçün
Cənnət, cəhənnəmdir bu dünyada,
Cəmiyyətdi qəbul etmədiyim,
Cəsarətdir yazdığım hər bir yazımda…
C hərfi – mənim üçün
Cəhalətdir insanların arasında,
Canıma çevrilən doğmalarımdır,

Haqqımda danışdığınız cəfəngiyyatlar…

“Q” hərfi
Q hərfi – mənim üçün
Qarabağdır, Qara bağdır,
Qardaş, qara daşdır,
Qandır, qisasdır…
Q hərfi – mənim üçün
Qadın, qeyrətdi,
Qızım, qazancımdır,
Qəbirdir, qazamatdır…
Q hərfi – mənim üçün
Qəfəsdir, qəlbimdir…
Qənaət etməkdir hisslərimə,
Qürurdur həm də…
Q hərfi – mənim üçün
Qocalmağa gedən yoldur,
Qələbəmdir, quş tək uçmaqdır,
Qaçmaqdır hər kəsdən ölümə doğru…
Q hərfi – mənim üçün
Qorxmamaqdır ayrılıqdan,
Qızınmaqdır soyuqda tək-tənha,
Qızımdan uzaqda qəhərdən boğulmaqdır…


Комментарии