Başa düş məni, Qarabağ…

Başa düş məni, mən Qarabağ deyiləm, Qarabağlı da deyiləm, bəlkə də Qarabağam, Qarabağlıyam, xəbərim yoxdur, bəlkə xəbərim var, sadəcə susuram utandığımdan… 
Başa düş məni, oturmuşam, kənardan susaraq izləyirəm səni 25 ildən çoxdur. Bir insanın ömrüdür, bu vaxt gənclik dövrüdür, kimisi evlənir, kimisi axtarışdadır hələ… Sənin toyun olub, gələ bilməmişik, bağışla, bu dəfə alınmadı… Övladlarının kiçik, böyük toyunda olarıq… O da ki, qismət olarsa, lazım gəlsə. . . 
Başa düş məni, qınama, məndən asılı deyil, gələ bilməməyim, bəxtsizliyin, intihar istəyin, əlacsızam sənin kimi… 
Başa düşürəm ki, unutmuşam səni, başım yaman qarışıb, vaxt olmur ki, yada salım. 
Başa düşürəm səni, inciməyə haqqın var, tənhasan, biz varkən yoxuq, dostlarından çoxdur düşmənin.
Başa düşürəm səni, yersizdir bəhanələrim, sünidir ah-nalə, göz yaşlarım, əlimdən başqa nə gəlir axı?! 
Başa düşürəm səni, çətindir sənə şəhid vermək övladlarını, bizdə gündə toy, bayram, çal-çağır, vecimizə deyil dərdin, itkilərin, ağrıların, yaran… 
Başa düşürəm səni, yer etdik yersiz qalan qaçqınlara, göz yumuruq əsir düşənlərimizə, borcumuz bura qədərdi sanki… 
Başa düşürəm səni, sənlə bağlı yasımız, yaddaşımız bir günlükdür, özünü göstərir çoxusu, söz pəhləvanıdır övladlarım… Dəyişir zaman, dəyişir vətəndaşların, vətəndaşlarım… 
Başa düşürəm səni, hər kəsin bir zəif yeri var, ordan basırlar, hər kəsin bir itirəcəyi kim və nələrsə var, qorxur, qınaya bilmirəm onları… Gözlərinin odunu alıblar onların, susmağa məhkumdurlar. . . 
Başa düşürəm səni, biz doğman idik, yadlaşmışıq, düşmən bilirsən özünə, baxdıqca, keyf məclislərinə, əhlinə, gənclərinə…  
Neyləyim axı, insanlarda insanlıq qalmayıb, ruh qalmayıb, sevgi yoxdur insanlarda…  Bu qədər bəsit… 
İçim özümü yandırır, çölüm səni… Gəl, bir ortaq məxrəcə gələk: – Sən bizi gözlə, yox, gözləmə, bağışla, sadəcə bağışla, başa düşməyə çalış… Əgər bacarsan…  
Bircə cümlə yaz mənə: “Başa düşürəm səni, Azərbaycan, dövlətin mənbəyi Azərbaycan xalqı… Başa düşürəm, bağışlayıram… ” 

Комментарии