Dəli olduğumu bilən bilir,
Gizlətmirəm ki, kimdənsə.
Güzəşt etmirəm özümə,
Günahım olanda, cəza verirəm,
Günahsız anımda mükafat…
Saçlarım ağaran, ilk qırışlarım olandan bəri
Qocalmaqdan qorxmamışam,
Hər dövrün öz yeri, gözəlliyi var…
Təsəllilər, məsləhətlər sevdirə bilmir özünü mənə…
Bir həmsöhbət etdiyim yoldaşım var,
O da özüməm,
Güzgüyə baxıb özümlə danışıram,
Son zamanlar yazmaqdan çox,
Danışıram özüm özümlə…
Özüm də öyrəşib özümə…
Kimisi deyir, göylərin adamıyam,
Kimisi tanrının adamı danır,
Kimisi mələk bilir,
Bir özüm bilirəm, əslində mən kiməm.
Kimisi gözəl bilir, kimisini cəlb edirəm istəmədən,
Təbəssümüm mənə bəzən düşmən olur,
Qurbanlarını çıxardıram tələsindən…
Bir də baxışlarım, sevmirəm onu,
Çox dərinə dalır bəzən quyuya düşür, çıxarda bilmirəm onu dəli dünyadan.
Aynadakı əksim məni təkrarlayır, qıcıqlanıram,
Sevmirəm kiminsə təkrarı olmaq,
kimsə təkrarlasın məni,
Özünü itirib öz dünyasında,
Qondarma, yamaq mən olsun…
Kiməsə oxşamıram,
Atamdan nəsə var, anamdan,
Nənəm, babamdan…
Özümə bənzəyirəm ancaq zahirən…
Sözlərimi, fikirlərimi, həyat tərzimi,
Seçim və qərarlarımı, qınayan qınayır,
Anlayan anlayır…
İstəmirəm, nə qınayın, nə də anlayın,
Bir izahı var, kimliyimin, dəliyəm mən…
Sadəlövh, sadə, inadkar, şən, səmimi, gülərüz dəli…
Davam özümlədi, sözüm özümə,
Həyatım qoyur məni önünə, deyir bax güzgüyə…
Kim idin, kimə dönmüsən dəyişməkdən…
Bəzən sus deyir, həyatım,
Bəzən susma, hayqır,
Bəzən döyür, təpikləyir,
Bəzən sağaldır yaralarımı…
Mənə qalan bir həyatımdı,
Bir də güzgüdəki mən,
Şəkillərdəki mən…
Özümü tanıya bilmirəm ancaq
İçki içəndə, rəqs edəndə, ağlayanda,
Dəlicəsinə edirəm bunları…
Dəlinin ya ağlı olmaz, ya da ki, “qıcqırar”,
Bir onu bilirəm ki, zövq alıram,
Həddimi almaqdan, dəli olmaqdan,
Sıradan biri deyiləm,
Bilən bilir, bilməyən bilməsin zatən…
Danışan danışır arxamdan, adlar qoyur, ələ salır…
Vecimə deyil onlar.
Onlar kimdir, mən kiməm?
Mən olduğum kimiyəm, onlardan fərqli olaraq!
Bir sillə vurur həyat bəzən, oyanıb deyə,
Çox yatıram bəzən, yuxularım aparır vaxtımdan məni…
Bir dostum var, dostum,
O da özüməm…
Bir düşmənim var, insanlar,
Son zamanlar, o da ki,
Yenə də özümü özümə bilirəm düşmən…
Комментарии