Foto: Arzu Murad
Bilirsən, həyat, çox gözləyirəm…
Bəzən səksəkə içində, bəzən sevinərək…
Hər gözləntim zamanımı alır…
Gözlədiklərim ya itkilərimdir,
Ya da qazancım…
Hər gözləntim həyatıma verdikcə alır, ağladaraq,
Aldıqca verir, güldürərək…
Alışmışam, sıravi gəlir yaş üstünə yaş gəlməsi…
Yüklənir həyatımda yaşanma faizim,
Ölümə doğru bir addım da atmış oluram,
Doğulduğum gündə, qeyd edirəm bu addımımı…
Hədiyyələr, təbriklər, sevinərək gülümsəmək,
İçimdə nələr baş verir, onu bir özüm bilirəm…
Həyat, nələri aldın, məndən, dinmədim…
Kimləri aldın, susdum yenə də…
Sanki hazır idim, əlimi qolumu bağlayıb tilsimin,
Müqavimət göstərə bilmirəm sənə…
Uşaqlığımı aldın, gəncliyimi də…
Sevdiklərimi, nənəmi, küsülü qaldığım anam, qardaşım…
Öz əllərimlə verdim sənə sevdiyim kişini, özümdən çox sevdiyim övladımı…
Aldın qəlbimdəki sevincimi, gözlərimdəki xoşbəxtliyin açarını,
Yolları çəkir baxışlarım, aldıqlarının yolunu gözləyirəm, sadəlövhcəsinə,
Bəlkə də, nə vaxtsa, qaytardın deyə…
İllərimi alırsan, dostlarımı alırsan,
Sevgilərim də dayanmır səndə, keçib gedir zaman tunelində,
Vidalaşa da bilmirəm heç biriylə,
Vidalaşmağı, ayrılmağı sevmədiyimdən,
Sənə buraxıram ayrılıqları…
Içdən gülürəm dünənimə baxıb,
Sabahıma doğru addım atıram,
Bu günümü yaşayaraq ən kiçik anları ilə…
Bilirəm, bir gün alacaqsan, atamı da məndən,
sonra əl atacaqsan təkliyimə.
Mənə nə saxlamısan, özümdən başqa,
Bir ona dəymə, xahiş edirəm,
Azacıq yaşayım, ürəyimə hökm edə bilsəm,
Azacıq sevim özümü, özümə az vaxtım vardı,
Hamıya vaxt tapırdım, özümdən başqa…
Çox görmə mənə,
Gənc deyiləm,
Uşaq deyiləm,
Son gözləntim var səndən,
Borclarım var birilərinə,
Üzr istəmək, bağışlamaq, bağışlanmaq,
Sevmək borcum var hələ də kimisə,
Borclarımı qaytarım,
Gözləntim gəlsin…
Sonra apar məni,
Al məni özümdən,
Gözləyirəm, 35,
Gözləyirəm, 35 yaşım,
Gəl, özünü çox gözlətmə,
Gecikmə, rica edirəm səndən,
Həyatım da mənim kimi tələskən,
Ütələkdir, gecikməməyə alışıb, tələskənlikdən…
Gözləyirəm səni, 35,
Məndən mənə nələr qaldı,
Özümdən, səndən başqa…
Комментарии