İzi qalır, bilirəm…

“Çox gözəlsən” demə mənə…

Yalandır…

Gəncliyim çoxdan tərk edib məni…

Zaman çoxdan qoyub öz izini,

Üzümdə, əllərimdə, dərimdə…

Qırışlarımın sayını itirmişəm…

Hər gözümü qıyanda, gülümsəyəndə,

Ağlayanda qırışır sifətim,

Mimik qırışları verirəm ona…

Əllərim də qocalıb,

arıq, dərisinin rəngi saralır…

Saçlarımdakı ağları demirəm hələ…

Ağardıqca, ağarır,

rəng belə gizlədə bilmir onları…

Baxışlarım qocalıb,

Təbəssümüm ağırdı…

Səs-küydən qaçıram,

İnsanlardan bezirəm artıq…

Güzgüyə baxıram hər gün,

bir də ki, gündəlik çəkdiyim şəkillərə,

Hər şəkildə, hər gün bir cürəm…

Qoca, gözəlliyim də inciyir məndən…

Az qalıb, bir də məni

mən gördüyüm gözlərlə görsən,

Təbii halımda, makiyaj olmadan…

Yuxudan duranda…

Görəcəksən, gözəl deyiləm,

necə yorulmuşam,

yormuşam bədənimi…

Yuxum gələndə yata bilmirəm,

yuxuya gedəndə oyanmaq olmur…

Qocalıram… Sənsə yalandan deyirsən,

“Hələ çox cavansan, gözəlsən”,

Gözləyirsən ki,

nə vaxt inanacağam bu yalanına…

Özünü aldatma, mən aldanam deyiləm…

Комментарии