“Yazıq kişilər”in tələləri… (qadınların oxuması tövsiyə edilir)

Kişilər özlərinə, eləcə də bəzi qadınlar kişilərə “yazıq kişi” baxışı ilə baxıb, bu adı qoyurlar. Bu cür yanaşmanı görəndə, onlara yazığım gəlir, özlərini aldatdıqlarına görə… Bu cür yalan, təsəllilər ancaq yazıq, zəif və bədbəxt insanlara məxsus ola bilər. Güclü, xoşbəxt insanlar özlərini aldatmağı sevmir və seçmirlər.

Bu cür “yazıq kişilər”in haqqlarını müdafiə edəcək bir qurum, qrant layihəsi də yoxdur. Heç  “yazıq kişi” heykəli də qoymadılar onların şərəfinə. İldə bir dəfə yığışaydılar önünə, mitinq edərdilər önündə. Yazıq kişi fağır, boynu bükük, sükunət içində, ətrafında çox saylı qadınlar, qadınların mühasirə zamanı tələyə düşüb təslim olmuş, yazıq, məsum baxışlı. Kişilər iddia edir ki, onlar aldatmır, tələ qurmur, aldadılır, tələyə düşür. Bir yandan düz deyirlər, bir yandan yox. Düz deyirlər ona görə ki, qarşı tərəf qadın olmazsa, qadın tələ qurmazsa, oynamazsa, kişinin də olması, tələ qurması, oynamasına ehtiyac qalmaz. İş ondadır ki, kimin tələsi daha möhkəm, böyük, kimin oyunu daha peşəkar, sərt və qaydasız olacaq. Kim tələyə düşəcək, kim oyunun qurbanı olacaq?! Digər tərəfdən düz demirlər, ona görə ki, istəsələr, müqavimət göstərər, oradan və o insandan susaraq uzaqlaşa bilər, imtina edə bilərlər. Bunun üçün iradə və istək lazımdır. “Yazıq kişilər”in iştahası limitsiz, sərhəd tanımayan, istəkləri bitməz, iradələri zəif olur. Qınamaq da. qınamamaq da düzgün deyildir. Qalırsan ki, neyləyəsən.

İş ondadır ki, bəzən tələyə salan, oyun oynayan qadın özü də ailəli olur. Bəlkə elə kişilər özləri günahkardır, bu cür qadınları formalaşdırıb cəmiyyətə atdıqlarına görə… Kişilər günahkardır ki, qadınları bu hala salıblar, özləri kimi ediblər, öz məktəblərinin dərslərini keçən zaman sessiya zamanı imtahan suallarını, testin cavablarını gizlincə bu cür qadınlara öyrədiblər. Kişilər günahkardır ki, kişilərin tələ və oyunlarını qadınlar öyrənib elə özlərinə qarşı tətbiq edirlər. Qadınlar kişiləri yazıq edirlər, kişilər qadınları özləri kimi edirlər.

İndi isə “yazıq kişiləri” təsnifatlaşdıraq. Onları necə tanıya bilərik?! Onların “şah ifadələri hansılardır?!”

Romantik, vurğun – bu tip kişilər romantik baxış, yaradıcı, pafoslu insan olur, hamıya eyni sözü deyən, taktikasını dəyişməyən, yenilikdən uzaq, romantik,vurğun görsənən kişi obrazındadırlar. Hər “vurğun” olduğu qadına bir şəkil çəkir, fotosessiyasını edir, bir şeir yazır, musiqi bəstələyir, rəqs edir. Baxır, qadının yaradıcı zövqünə… Səyahətə meylli olan, təbiəti sevənlər də bu təsnifata daxildir. Onların adətən öz maşınları olur, ya da maşını olan yaxşı və yaxın dostları olur ki, gecə gəzintisi, şəhərkənarı gəzinti, macəralara hazırlıqlı olsunlar. Adətən, maddi vəziyyətləri orta olur… Əgər evlidirsə, evdəki xanımına qarşı diqqət, sevgi göstərir. Qadın duyuq düşmür, bu isə ona xeyir edir.
Evli, ailədən kənar subay – evli kişilərin özünü aldatma və təsəllisi: Evdən çıxdıq, subayıq. Bu tip kişilər ehtiyatlı olurlar. Yazışmaları, zəng tarixçəsini silirlər, eyni şeyi qurbanlarından tələb edirlər. Qurban qadına ayırdıqları vaxt məhdud və az olur, barmağıdakı üzüyü çıxartsalar belə, üzüyün izi bəlli olur (boşanmış kişilərdə də bu iz qala bilər, bəzən bu iz heç olmaya bilər, çünki üzüyü heç taxmaya bilər). Bu cür kişilər iki tipə bölünür, ya susub ailəsi haqqında bir söz demir, evli olduğunu gizlədir, ya da evli olduğunu söyləyib, azad olduğunu. ailəsinin-nigahının formal xarakter daşıdığını, xanımıyla bacı-qardaş münasibətində olduğunu, uşaqlara görə birgə yaşadıqlarını, qadının onun sevmədiyini, xəstə olduğunu, ailəsində ciddi problemlərin olduğunu, boşanma ərəfəsində-işin məhkəmədə olduğunu, kirayə ev axtardığını söyləyirlər. Bəzən bu məlumatlar doğru olur, bəzən yox. Doğru olub, olmadığını yoxlamaq olar. Onu kişi dostlarının yanında müşahidə etməklə. Ya da ki, içirdərək, qəzəbləndirərək sorğu-suala tutmaqla. Bu iki halda, yazıq kişilər lap zəif və yazıq olur, dedikləri sözlərin fərqinə varmırlar.  Bu cür kişilərin 2 və ya daha çox qadını olduğundan bir neçə üzü və ya şəxsiyyəti olur, tez-tez dəyişir.
Həmişə şikayət edən – bu tip insanlar həyatından, işindən, dostlarından narazı olan, neqativ enerjili, bədbəxt və yüklü ruh ilə gəzən, özünə fikir verməyən, düşümüş olurlar. Onlar hər kəsdən və hər şeydən narazıdırlar, guya ki, sizin yanınızda xoşbəxt və rahat olurlar. Siz onun “sirlər xəzinəsi”, əldə etmək istədikləri və ya əldə etdikləri “alınmaz qala”sınız. Bu cür insanlar çox maraqsız və yorucu olurlar, dəyişikliyə meylli olurlar. Onu bezdirmək asandır. Bu cür insanlar həqiqəti qəbul etmir, öz bildiyini həqiqət bilir, hər şeyə və hər kəsə öz baxışı ilə birtərəfli yanaşır, pis vərdişlərə malik olur. Bu cür kişiyə tap gətirmək çətindir, kənardan çox uğursuz, yazıq görsənirlər. Həyatda uğur qazana, xoşbəxt ola bilmirlər, ətrafındakı hər kəsi özlərindən uzaqlaşdırırlar, adətən dostları az olur, ya da olmur, insanlar çox olan yerlərdən qaçırlar.
Travma alan – bu cür yazıqlar adətən qadınlardan zərbə alıb, psixoloji, mənəvi, fiziki travma alıblar, qisas üçün qadınları tələyə salıb, onlarla oynayıb ayrılırlar. Əldə etməsə də, əldə etdiyini söyləyən yazıların da psixoloji problemləri, travmaları hökmən vardır. Bunu aşkar etmək üçün müşahidə etmək, bir neçə dəfə ünsiyyətdə olmaq kifayət edir. Travma alan kişilər özlərini doğrultmaq, təsdiq etmək üçün özünü hamıdan üstün bilər, özünü tərifləyər, ya da qadına sığındığını, ilahiləşdirdiyini söylər, qadını tərifləyib, tez həvəsdən düşüb başqa qruban axtarar.
Sərt – bu cür kişilər bir qadını sevir, bir qadınla ciddi münasibət yaşayır, digəri ilə intim münasibətdə olur. Yəni ən azı 2 və ya üç qadını olur. Sevdiyi ilə mənəvi və psixoloji baxımdan sərt davranar, məşuqəsi ilə yataqda sərt olar, ciddi münasibətdə olduğuna sərt qadağa və məhdudiyyətlər qoyar, qısqanar, ailə qursa da, sevdiyi və intim münasibətdə olduğu qadınlardan imtina etməz. Hard seks və ya riskləri sevərlər.
Eqoist – bu cür kişilər heç kimi və heç nəyi sevərlər, özləri daha önəmlidir. Qadınlar onun istirahət, əyləncə və vaxt keçirməyi üçün lazımdır.
Asılı – bu tip insanların asılılığı var, asılılığın özündən belə asılıdırlar. İradələri zəif olduğundan, özlərinə təsəlli kimi bu zəiflik və asılılığı güclü və üstün, müsbət tərəf kimi önə çəkirlər.
 Tələskən və ya gecikən – bu tip insanlar ortada qalanlardan fərqlənir və onların tam əksidir. Onlar ya tələsir, ya gecikirlər. Seçimlərində tələsdiklərini, gecikdiklərini xüsusilə söhbət zamanı vurğulayırlar. Tələsənlər üçün həyat çox qısadır, yaşamağa tələsirlər, gecikənlər üçün isə həyat və vaxt çox uzun çəkir, üzücü olur. Hər ikisi vaxtdan və insanlardan şikayət edərlər. Hər ikisi vaxtlarını düzgün idarə edə bilmirlər.
 Aktiv və ya passivlər – bu insanlar bir-birinə əks adamlardır. Kişi aktivdirsə, qadını passiv görmək istəyər, hərəkətli, çevik, elastikdir, seçimi özü edir, passivlər isə aktivlərin tam əksidir, yəni seçimi qadına verir, qadının aktiv olmasını istəyir, təmbəldir, hərəkətsiz, qeyri-elastikdir.
  Ortada qalanlar – bu tip kişilər nə istədikləri bilməyən, qətiyyətsiz və çox dəyişkən insanlardır. Həyatda hər zaman ortada qalırlar, seçimləri zamanı nə azı, nə də çoxu seçirlər. Risk etməkdən uzaq insanlardır. Daha çox sakit görkəmə malik olurlar. Yemək seçimində, istənilən seçim zamanı çox düşünər və vaxt itirərlər.
Onların hamısına bir şey lazımdır. Rahat, komplekssiz, “dost qadın və dost seksi”. Sevgi və ya ciddi münasibətə ümid etməyin, özünüzü aldatmayın.

Diqqətli, ehtiyatlı olun, “yazıq kişi” obrazına, illüziyasına aldanmayın… Bu bir tələ, oyundur.

Комментарии