Bəyaz geyimli qadın… (Günəş Dünyam üçün)

 
 
 
 
 
 
Bu yazını yaxın rəfiqəm və böyük bacım Günəş Dünyaya  ithaf edirəm.
Yazının yaranmasına görə Günəş Dünyaya, Sadiq Elyerə təşəkkür edirəm.
IMG-20170806-WA0003
Giriş sözü…
Onunla oxşar cəhətlərimiz çoxdur. Baxışlarımız, fikirlərimiz, təhlilimiz, müşahidələrimiz, gəldiyimiz nəticələrimiz, seçimlərimiz, insanlara münasibətimiz, təbiətimiz, hətta xarakterimiz, həyatımız çox oxşardır. Aramızda yaş fərqi olsa da, əminəm ki, o, mənə baxanda özünü o yaşdakı dövrünü, həyatını görür.
Oxşar bir cəhətimiz də vardır. Günəş kimi işıq saçırıq ətrafımıza, üzümüz gülür, insanları sevirik, amma baxışlarımız çox kədərlidir, bizi istəyənlər çoxdur, anlayanlar azdır. Bizi olduğumuz kimi qəbul etmirlər, edə bilmirlər.
Onunla çox işi görməyi sevirəm, o nə təklif edirsə, uyğun zaman və məkan seçib, həyata keçirdirik. İlqar Atabəyli demişkən “O, elə bir ekzemplyar, nadir tapıntı insandır ki, onu itirmək həqiqi itkidir, onu itirmək olmaz, onun kimi insanlar çox azdır və mənlə oxşar cəhəti çoxdur. Onu məyus etməməliyəm.”
Dünən onunla gecəni qarşılanda yemək yeyərkən demişdim:
  • Mənim üçün 3 kateqoriya insanlar var: Birincisi, mənim üçün heç kimdirlər, ötəri və sıravidirlər, əhəmiyyət kəsb etmirlər, itki deyillər. İkincisi, müəyyən əhəmiyyətləri olsa da, getdikləri zaman heç nə etmərəm, məyus olmaram, itki hesab etmərəm. Üçüncüsü, çox önəmlidirlər, getməsini və onu itirməyi istəmirəm, itirə bilmərəm, itirmərəm. Bax, o üçüncü qrupda sən varsan.
Bu sözlər sıravi bir söz deyil. O qədər doğma və yaxın insandır ki, bu və ya digər vəziyyətdə yanımda olmasa belə nə edəcəyimi, deyəcəyimi bilir. İkimizin sevimli məşğuliyyəti var, insanları sınamaq, müşahidə etmək, təhlil etmək.
Bu yazının ideyası onunla keçirdiyimiz ikinci gecəni dənizdə olmaq və səhəri günəşin çıxmasını izləmək üçün dəniz kənarında açmaq və bu prosesi və təbiətin gözəlliyini izləmək zamanı yaranmışdı.
IMG-20170806-WA0004
Bəyaz geyimli qadın…
O, nə geyinir geyinsin, yaşı neçə olursa, olsun, həmişə gözəl və cəlbedici, seksualdır. Çünki təbii, səmimi, mehribandır. Müsbət enerji verir.
Onunla dəniz kənarında idik. Dənizin arxasında kiçicik bir Günəş doğmağa başlayırdı. Günəş doğduqca, Günəş dənizə doğru addımlayırdı. Qaranlıqda Günəşə doğru gedirdi. Dənizin səri suyu, sakit dalğası, çılğın və ritmik səsi musiqi ritmlərinə bənzəyirdi. Sanki Günəş musiqi ritmləri ilə hərəkət edərək dənizdən doğurdu.
Bu mənzərəni seyr etdikcə, onun bəyaz donuna dəniz dəydikcə, qaranlığın içində bəyaz tərpəndikcə, anlayırdım ki, nə qədər qaranlıq olsa da, qaranlıq işığı uda bilməz. Nə qədər qara olsa da, orada bir bəyaz varsa, onu özündə qərq edə bilməz… Kölgə olsa da, bəyaz mütləq sezəcək, görsənəcək…
Bəyaz geyinmişdi Günəş. Ətrafı qaranlıq… Qırmızı, sarımtıl və uzaqdan doğan günəş. Gözəl mənzərədir. Arxadan çox yaxınlaşmamaq şərtilə bu mənzərəni izləyib onun rəsmini telefonumun fotoaparatı ilə çəkirəm. Bu mənzərədə iki Günəş doğurdu. Biri dənizin sonu  kimi görə bildiyimiz üfüqdə doğan günəş, bir də ki, dənizin başlanğıcı olan, sahilboyu özünü çırpan və qum dənələrini udan dənizə doğru addımlayan və dənizdə itməyə çalışan Günəş. Biri çıxdıqca, qalxdıqca, biri batırdı sanki…
Bəyaz geyimli qadın qara fonda bir ruha bənzəyir. Görsənən ruha… Kimə lazımdır, kim istəyirsə, onu görür. Kimə istəyirsə, görünür.
Hər canda, bədəndə bir ruh var bəyaz rəngdə… Əməllərimizlə rəngini dəyişirik bəzən ruhumuzun, kirlədirik saf dünyasını…
Ruhdan çox adam qorxar, hələ qaranlıqda. Hələ bu ruh susarsa, lap vahiməli mənzərə olar. Bir də arxaya dönüb üzünə gülümsəyərsə, insanı çaşdıran düşüncələrə dalmağa vadar edər. Məndən savayı… Üzdən düşünməyi bacarmıram axı. Qorxularımı dəf etmişəm. Azadam…
Bəyaz geyimli qadın. Saflığın rəmzi… Ruhu bakirə insan…
Gəlin köçərkən bəyaz geyinər qızlarımız. Düşünərlər ki, ağ günə çıxarlar…
Rəngin mənası var… Bəyaz rəng ağ gün, saflıq rəmzidir. Kiminsə üzünə gülür bəyaz gəlinliyi, kiminsə üzünə ağ çıxır.
Ağ tez götürər çirki, ləkəni, bəzən o ləkələr getmir, nə qədər yuyursan yu… Bax, o ləkələr ağ üzərində illərlə qalar, saralar, izi getməz, köhnəlsə də, özünü yada salar, nə də ki, o ləkənin tarixçəsi, o ləkəni salan insan unudular.
Bax, insanların bir insan haqqında dediyi bir yanlış söz, etdiyi bir yanlış hərəkət, baxdığı bir yanlış baxış bəyaz rəngli geyimə beləcə ləkə salar.
Bizim geyimimiz bizim bədənimizi örtür, üzdən baxanda, əslində ruhumuzu gizlədir kənar baxışlardan… Ruhumuzu gizlədirik ki, bəyaz olub olmadığını kimsə bilməsin…
Rəngli geyinməklə, auramıza, özümüzə rəng veririk, fərqli olduğumuzu göstəririk. Bir şeyi unuduruq. Təməl kimi təbiətin iki rəngi var… Ağ və qara…
Bəyaz geyimə atılan qara rəngli ləkə boz çaları yaradar, insan bozlaşar ləkə atana qarşı… Bəzən haqlı olaraq üzünə də bozarar…
Bəyaz rəngə qırmızı rəngini qatsan, utancaqlıq rəngi gələr, utanar, qan alar yanaqlarını, ürək döyüntülərinin sayı artar, ritmini itirər… Ya da qəzəblənər, yanaqları qızardar…
Bəyaz rəngə bir göy rəngi qatarsan, olar mavi rəngdə dəniz, göy, maviyə qırmızını qatsan, olar çəhrayı, indigo rəngi… İndigo seçilənlərin, yaradıcı, istedadlı insanların, bəyazların rəngidir. İndigo insanlar seçildiyindən, seçilən hər şey, hər kəsi çoxluq sevməz, sevə bilməz…
Bəyaz sıravi rəng olsa da qara kimi, hər rəngin içində bir bəyaz saflığı yaşadar. Pozanımız belə bəyazdır, pozduqca, özü sərf edilər, rəngi dəyişər. Amma bəyaz üzərində yazılanları, çəkilənləri, başqa rəngləri silər, özünə hopdurar… Düşünmüsünüzmü niyə, pozanlar bəyaz rəngdədir? Çünki nəyisə pozanda, yerindəki fon bəyaz olar çox zaman…
Bəyaz rəngi hər kəs sevməz. Hər kəsə yaraşmaz bəyaz dəri, bəyaz baxış, bəyaz geyim… Bəyaz saçlar belə hər kəsi sevindirməz… Rəng üstünə rəng qoyub bəyazı gizlətməyə çalışar insan…
Bəyaz sevgi, sevinc rəngidir… Bəzən rəngsizdir sanki, məsumdur, safdır göz yaşı kimi…
Bəyaz geyimli qadın cəlb edər diqqəti, ləkədən qorxmayan, cəsarətli addımdır. Qara rəngi seçənlərin məkanında, cəmiyyətində bəyaz rəngi seçənlər qaraların içində dərhal seçilər. Bir ağ nöqtə olar qaraların içində… Gözə dəyər, bəzən gözə gələr, bəzən gözə girdikcə, gözləri kor edər bəyazlığı… Gözləri götürməz onu… Gözləri ötürər bu nifrəti, təəccübü qəlblərinə, məkrli ağıllarına… Plan dalınca planlar cızarlar, ssenari arxasınca ssenari, rol oynayarlar bəyazın əleyhinə olan oyunda…
Qara rəng bəyazı qara rəngləmək istəyər, bacarmaz ancaq… Çünki bəyaz rəngi də güclüdür, öz rəngini qorumağa qadirdir.
Bəyaz geyimli qadın bəyazı seçdikcə, qoruyar bəyazını… Qaranlıqda seçilsə də, bilər seçildiyini, sonuna, nəticəsinə qatlaşar…
Bəyaz olmağı ilə bir ismarıc verər insanlara:
Bəyazdan qorxmayın, bəyazı sevin. Bəyaz işıqdır!
Bəyaz geyimli qadını hamı Günəş Dünya kimi tanıyar. Günəşdir, öz Dünyası var, Günəş boyda… Bəyaz, xoş, müsbət bir enerji verər… Günəş kimi işıq saçar ətrafına… İsidər ətrafındakıları… Sevər… Bəyaz rəngdədir sevginin özü… Sonra rəngini dəyişər zamanla insanların sayəsində…
Kimisini yandırar onun Günəşi, kimisi yanmaq istəyər… Yandırmaq istəməz kimisə, nə də yanmaq istəyər o…
Hər dəfə kimsə yananda, yanmış bir yemək, bir dəri iyi verər, ürək bulandırar yanandan sonra… Çox üzər insanı… Amma yanmaq istəyənlər yanar. Odla oynamazlar, hər kəs bilir bu qanunu… Oynayan yanmalıdır, oynayan yanarək anlamalıdır ki, bir daha oynamasın, dərs olsun ona…
Exif_JPEG_420

Bəyazı hər kəs sevməz… Cəsarətsizlik, qorxaqlıqdan… Ləkələrdən, başqa rənglərdən, qarışıqlıqlardan qorxarlar sanki… Bəyaza başqa rəngdə ləkə düşərsə, necə yuyacaqlarını, çıxış yollarını bilmədiklərindən, aciz, zəif olduqlarından qara rəngi seçər çoxları…
Dənizə baxaraq ruhən dənizdə batacaq dünyası, günəşi var… Batmaq istəyəndə, geri dönər, geriyə baxar… Sonra geri dönər ağ-qara olan insanların dünyasına…
Günəşin batması bir gözəllikdir, amma məyus edir. Bir ümid var, bir təsəlli var, səhər yenə çıxacaq deyə… Ay belə bəyazdır… Günəş olmasa da, Ay da bir dünyadır, bəyazı seçər, bəyazı car çəkər aləmə…
Qara əks cəbhədir, şərdi, udmaq istəyir az olan bəyazı, yaxşını, xeyiri…
Bəyaz güclüdür, mübarizdir, azaddır, təmbəl deyil, cəsarətlidir. Müharibə edib bəyazlığı ilə qara rəngə…
Son
Bəyazın izi var hər rəngdə, hər kəsdə… Hər kəsin içində bir bəyaz var…
İçindəki o bəyazı kəşf etmək zamanıdır, bəyazı seçmək zamanıdır.
Bəyaz rəng xeyirdir, qara rəng şərdir. Ağ bəyazı udmalıdır öz içində… Ağın sayı çox olmalıdır insanların arasında…
Unutmayın, insan rənglərdən ibarətdir. Hər rəngdə həm qara var, həm də bəyaz… Qara asan yoldu, asan seçimdir, bəyaz isə yox…
Nə qədər qatsan da başqa rənglərlə, bəyaz itməyəcək, bəyaz yaşayacaq…

Комментарии