Mənim darıxmağım…

Mənim darıxmağım,

özüm kimidir, fərqli,

Dəlisov, qarmaqarışıq…

Mənim darıxmağım,

Sözsüz tamaşadır,

Film kadrıdır, ağ-qara,

Bəzən rəngli pantomima…

Mənim darıxmağım,

gah inqilibadır,

gah da əsarət,

Mənim darıxmağım,

gah hərəkətdir,

Gah da ətalət…

Mənim darıxmağım,

Bitmiş fikirdir,

Nail olduğun məqsəd,

Bəzən isə absurd arzudur,

Mücərrəd…

Mənim darıxmağım,

Küskünlük kimi

Gah tutur, gah da kı,

barışıq gözlər,

atılsın ilk addım…

Mənim darıxmağım

gələn hər zəngdə,

ismarıcda,

döyülən qapıda,

gələn qonaqda,

səni axtarmaqdır…

Mənim darıxmağım

Gözlərimin yol çəkməsi,

O yolu gedib

geri qayıtmasıdır…

Mənim darıxmağım,

soyuducuda saxladığım pivə,

çaxır kimidir,

saxladıqca keyfiyyəti artar,

dadlı olar…

Bir də ki, külqabımdakı,

çəkmək istədiyim,

çəkmədiyim siqaretlər,

Yarımçıq qoyduğum

Yazmadığım yazılarım…

Demədiyim sözlər,

Axıtmadığım göz yaşlarımdır…

Mənim darıxmağım günü

gecəyədək yola vermək üçün başlamaqdır…

Mənim darıxmağım da,

Oxşayıb özümə…

Özüm kimi zərif, incə,

Həssas, küsəyən,

Bir az da sərt…

Darıxmağım özüm kimi

Özünə verir işgəncə,

özünü güldürür,

ağladır, özünə möhtacdır…

Mənim darıxmağım,

mənim kimidir,

Tənha, yalqız,

Özünə güvənir ancaq…

Комментарии