Monoloq…

Güzgüyə baxıram… Danışmaq istəyəndə…
Keçirəm güzgü önünə… Ya işığı yandırıram, ya da sönülü qoyuram…
Güzgü mənə məni göstərir. Özümlə danışıram güzgüyə baxdıqca danışanda…
Bir də güzgü mənə zamanı göstərir, həyatımı, həyatımda yaşadıqlarımdan qalan izləri, sildiklərini…
Bir də makiyajla baxıram… Çox dəyişirəm… Bir də makiyajsız halıma baxıram… Təbii, yorğun…
Güzgü önündə özüm dediyimi özüm eşidir, görürəm… Sözümü kimsə kəsmir… Kimsə sözümdən söz etmir…
Həftədə bir dəfə güzgü önünə keçib, özüm özümə həftəlik hesabat verirəm… Nə etmişəm, nə etməmişəm, nə qazanmışam, nə qazanmamışam…
Güzgü önündə olanda daha rahatdı özünü tənqid etmək, özünü tərifləmək, özünü kənardan görmək…
Güzgü önündə hər dəfə özüm özümü kəşf edirəm.
Bir də ki, havadan asılı olaraq keçirəm pəncərə önünə… Bulanıq da olsa, dağınıq da olsa, özümü görürəm… Kənardan, yaxından, başqaları üçün də mən belə görsənirəm…
Pəncərən təmiz olarsa, əksin də təmiz və tam olacaq, ləkəsiz, çirkli olarsa, çirkin, dağınıq, kölgəli…
İnsanın şəxsiyyəti, kimliyi də güzgü və pəncərədəki əksin kimidir başqaları üçün… Təmiz saxladıqca, aydın olacaqsan…
Güzgüyə baxıb, geyimlərimi yoxlayıram… Son zamanlar özümü ya çox bəyənirəm, ya heç bəyənmirəm… Qızıl ortanı tapa bilmirəm… Güzgüdəki adama deyirəm, “bu nədir, nə gündəsən, sənə yaraşmır, sən deyilsən”. O, dinləyir. Dinmir. Gedir, başqasını gətirir.
İnsanın taxdığı maska və içindəki simaları da belədir, güzgü önünə keçdikcə, bir-bir yoxlayırsan, geyinib-çıxardırsan, hər simanı keçirdirsən sınaqdan… Hansını yaraşdırırsan, o siman olur həmin gün səninlə… Bilirəm, bəyənmirsən dediklərimi… Amma susacaqsan, dinləyəcəksən… Ona görə səni çox sevirəm…
Çiməndə güzgüyə baxmaq, əl-üzünü yuyarkən də güzgü önündə etmək daha doğru seçimdir. Baxırsan, yuyub aparırmı sənin içindəki çirkabı, tozu, zahiri təmizliyin mənəvi dünyana təsir edirmi… Yoxsa, dərinə gedə bilmir su, üzdən yuyub aparır…
Güzgü önündə çılpaq olanda, özümü tam qəbul edirəm… Haram daha yaxşıdır, haram yox, arıqlamışam, ya yox… Geyimdə ikən görə bilmədiklərimi güzgü önündəki çılpaq bədənim göstərir mənə… Nəticə çıxardıram…

Güzgü önündə sevişməyin ayrı ləzzəti var... Görürsən özünü sevişərkən, sevərkən... Bir də onu görürsən arxa planda sevişir sənlə, yoxsa ki, həm də sevir...
Ən əsası eyni insanlarıq… Bir-birimizə məhkumuq…

Комментарии