Qızıma məktub (II hissə)

     
 10924740_10204150098773053_6366803935829055291_n 10926406_10203901442556803_6391938765048388588_n 12122773_10205744533872934_3780542841184165809_n 10551077_10204922423480688_9152419690956601088_n
3 gündür ki, səni atanla yola salmağımın, vidalaşmağımın və atamın yanında avtobusda yola baxaraq ağlamağımın 3 -cü ildönümünü qeyd edirəm.

Qərara gəlmişəm ki, ildə bir dəfə sənə məktub yazım, hesabat verim, sənsiz bir il ərzində neyləmişəm…

Nədən başlayım?

Sən gedən gündən iki hərəkəti edirdim, ikisi də kəskin olaraq bir-birindən fərqlənirdi.

Ağlayırdım, gülürdüm. Ağlayırdım ki, təkəm, sənsizəm. Gülürdüm ki, sevdiyin və seçdiyin atana qovuşma sevincin məni güldürürdü.

Bilmirəm, rahatlıq tapdınmı, xoşbəxt oldunmu, peşman deyilsənmi, seçimində?

Məni bilmək istəsən, yox, peşman deyiləm. Tək qalanda, düşünməyə o qədər şey, mövzu oldu ki. Tək qalanda həyatıma, insanlara nəzər salıb, o qədər bilik əldə etdim, təcrübə yığdım, qeydlər etdim ki… Tək qalanda, özümə vaxtım oldu, yazmağa başladım. Sənə sevgimdən və bloqumdakı yazılarımdan savayı nə buraxacağam ki? Varlığım, mülküm onlardı. Bir də sənsən varlığım.

Tək qalandan hər gün səni yuxumda görməyə başladım, necə böyüdüyünü təsəvvür etdim. Oynamağını, danışmağını, uşaq bağçasına gedib yeni dostlar tapmağını, bir də uşaq olsan da, ağıllı ünsiyyət, təbəssümünü, gülüşünü, sevgi dolu baxışlarını düşündüm. İndi atana qollarını açacaqdın ki, səni qucaqlayıb qucağına alsın, indi atanı öpəcəkdin ki, səni öpsün. Daha sənin üçün bir o var, mən yoxam.

Hər gün özümü aldadıram və motivasiya edirəm ki, yeni gün gəldi, yeni günə başlayıram. Alınmır.

Hər gün gülürəm, güclənmək üçün güc yığıram, alınmır, görkəm yaradıram, bilənlər bilir ki, özümü aldatmağa çalışıram…

Hər gün evə gec gəlirdim ki, səni yadıma salmağa vaxtım olmasın, o qədər yorulum ki, yeyib yıxılıb yatım, bir də sabah açılsın, oyanıb gedim işə…

O qədər gec gəlməyə başladım ki, gecələrimi başqa yerdə keçirdim…

Ya da elə gec gəlirdim ki, səhəri küçədə açırdım, ya da dəniz kənarında…

Elə gec gəlirdim ki, içkili halda. səhər oyana bilmirdim… Başım ağrıyırdı, kəsib ata bilsəydim başımı bir kənara, sən də düşməzdin yadıma…

Futbola getməyə başladım…

Hər gün bir yeni dost, bir yeni əyləncə, bir yeni film, konsert, tədbirlər, ədəbi mühitdəki təqdimatlar, fotosessiyalar, şəkillərimdə tək olmağım, rəqslər, publarda, restoran kafelərdə pivə, çay qonaqlığı, həyatıma girib çıxan kişilər, qadınlar, kimisi dost idi, kimisinə qismət olmadı, dostluq…

Bir ara yenidən ana olmaq istədim ki, səni unudum… Onu da çox gördü mənə hər kəs… Qınadılar məni, ağlatdılar, intiharadək…

İçməyə başladım sən gedən gündən… Sonra siqaret çəkirdim… Sonra heç özümə baxmadım… Düşdüm birdən birə, qocaldım… Saçlarım qəflətən ağardı, dişlərim xarab oldu, hər dəfə bir yerim ağrıyır, dözürəm hələ, səsim çıxmır…

Yalandan deyim ki, xoşbəxtəm, darıxmıram, sənsiz yaşaya bilirəm?

Yalanı eşitmək istəyirsənsə, “Hə, qızım!”

Amma əslində, cavabım “yox”dur. Kimə gərəkdir həqiqət məndən savayı?

Qızıl ortaqlığı axtarıram… Tapa bilmirəm. Ya çox geridə qalıram, ya tələsib çox irəli gedirəm, ruhum çata bilmir… Qızıl ortaqlıq – kəndirbazın yalın ayaqla yolun ortasında havada qalmasıdır. Tarazılığını elə saxlamalıdır ki, nə o yanlıq olsun, nə bu yanlıq… Yoxsa, yıxılacaq, məqsədinə çatmamış… Həyatdakı Günel bax belədir, tarazılıqla bağlı problemi olan,yaçəkim çox ağır gəlir mənə, ya da çox yüngül…

Sən mənim senzorum idin, tərəzim idin… Sənə görə düşünürdüm özümdən savayı kimisə… İndi özüm varam deyə, dağıdıb məhv edirəm özümü…

Vicdanımdan, ürəyimdən imtina etmişəm… Ətrafımdakı insanların sayı artdıqca, azaltmağa çalışıram…Bir yandan girdikcə, qapıdan girib pəncərədən atıram onları aşağı, ya ölsünlər, ya qırılsın bir yerləri, uzaq dursunlar məndən…

Bayramlardan, ad günü, yas və toylardan imtina etmişəm, qeyd etmirəm, getmirəm…

Yemək belə bişirməyə nə həvəsim var, nə də iştaham çəkir nəsə yeməyə…

Yenidən sevməyə başlamaq istədim, alınmadı… Atandan sonra kimisə sevə bilmirəm… Əsas odur ki, məni sevməsə də, səni sevir…

Kişiləri sevə bilmirəm, onlar da məni sevmir… Sadəcə yataq üçün bir əyləncəyəm sanki… Ötəri…

Kişiləşmə gedir… “Kişi kimi qadın” deyirlər mənə… Bir də “fahişə”… Amma heç bir söz mənə aid deyil… İkisi də bir ləkə, şər və böhtandır…

Necə olsam da, sənin ananam…

İnsanları tanıdıqca, iyrənirəm…

Qızım, yaxşı ki, uzaqsan, görmürsən nə günə qoymuşam özümü…

Xroniki yorğunluq, yuxusuzluq…

Kişilərin arzuladığı “seks makinəsi” kimiyəm… Həyat hər gün gəlib mənimlə sərt şəkildə sevişib gedir, içimi dağıdır, ağlayıram ağrılardan…

Kitab oxuyuram, kitab oxuyuram ki, fikirlərim dəyişsin, vaxtımı doldurum…

Nədənsə yazım… Sənə lazım olmadımsa, kiməsə lazım olum… Kimsə sənin yerinə mənə təşəkkür etsin…

Ağlama, qızım, ağlama… Bunu oxuyanda, bəlkə məni xəstəlik apardı özüylə… Sənlə burda vidalaşıram… Bilmək olmaz, gələn ilin avqustun 13-nə sağ qalacağam ya yox…

O vaxtadək oxuyub, yazacağam… Daha çox mülk qalsın sənə… Bəlkə anladıqca, oxuduqca, fəxr elədin mənimlə…

Bəlkə küsgünlüyün keçər, rəhmət diləyərsən səmimi qəlbdən…



P.S.Baban hər dəfə görüşəndə səni soruşur, şəkillərini istəyir görmək, ya da deyir, darıxmışam, video et, deyə bilmirəm ki, ata istəmirəm, incidir məni hər şəklin, hər görüşümüz, səndən aldığım hər xəbər… Deyə bilmirəm ki, ağlayıram, əzab çəkirəm,unutmaq istəyirəm səni…

Sadəcə bir söz deyirəm ona: Bilmirəm, yoxdur…

Комментарии