Ətimi tökmə… (satirik, yumoristik, tənqidi yazı)


Nofel
Foto: Nofəl Ümid
Bəzən insanları elə yaxşı tanıyıram ki, qarşımdakı insan məni avam və sadəlövh bilib bpynuma və ya başıma minmək üçün nərdivan axtaranda, o nərdivanı özüm verirəm. Verirəm ki, addım-addım, pillə-pillə qalxsın, sonra bir dəfə silkələyim, yıxılsın yerə, qəza nəticəsində zədə alsın, beyni silkələnsin, bəlkə beyni düşdü işə, düşünməyə başladı…
Bəzən insanları müşahidə etdikcə, fikirlərimi əvəzləyirəm, emosiyalarım bir-birinə qarışır, çətin də olsa, susuram…
Bəzən sosial şəbəkədə kimisə tutmaq üçün yazılan ağıllı, elmi və təhlil edilmiş, ondan-bundan oğurlanmış statusları görüncə, bilmirəm, gülüm, ağlayım, susum, bağırım?!
Bəzən yaradıcı insanların qondarma fəaliyyətini, pafos, yaltaqlığını görəndə, dabanıma tüpürəndən sonra başımı tutub, saçlarımı yolub qaçmaq istəyirəm oradan…
Bəzən görürsən ki, elə əttökən insanların yeni növü çıxır ortalığa… Ən dəhşətlisi isə budur ki, özünü mükəmməl sayan və hamını mükəmməl görmək istəyən, iradları, tənqidi qəbul etməyən, hamını haqsız çıxardan, müzakirə əvəzinə mübahisə edib, başqalarının hər fikrinə etiraz edən, özünə dəlicəsinə aşiq olan insancıqları görəndə, çəki yığa bilməmək səbəblərini aşkarlayıram.
Bəzən elə insanlara rast gəlirsən ki, yana-yana qalırsan, söndürənin olmur. Əlin qalır yanan üzündə… İnsanlarla oynadıqlarını düşünən və özləri başqa birisinin qurbanı və ya oyununun iştirakçısı, qeyri-peşəkarı olduğunu anlamayan insanları gördükcə, deyirəm ki, yaxşı ki, oyunlardan uzağam, nə oynayıram, nə oyuna qoşuluram…
Bəzən də hər kəsə xoş gələn, hər kəs tərəfdən sevilən birisi çıxır önünə, hamı tərifləyir, sənsə o təriflənən nəsnələri axtarırsan, tapa bilmirsən. O insan da çevrilib olub təriflərdən Vinni Puxun hava şarı, bircə iynə vursan, partlayacaq…
Ona görə də kökəlmirəm, kökələ bilmirəm. Hər səbəb ətimi tökür… Ətimi tökmə, o sevdiklərinin, Yaradanın canı… Qoy, azacıq ət yığım, çəki yığım… Zatən tökməyə ətim yoxdur, arıq biriyəm…

Комментарии