Pulu olan insana hər şey yaraşır, onun yolu açıqdı, etdikləri doğrudu, müzakirə edilmir. Hələ pul çox olarsa, nadanlıq, görməmişlik, vicdansızlıq, insanlıqdan uzaqlaşma belə çox yaraşar, üzərindəki çirk, palçıq geyiminin aksesuarıdır, bataqlığı isə xeyirli palçıq vannasıdır. Pul əl çirki deyil. Pulun qoxusuna hər kəs yığışır… Pulu olan insanın əxlaqı gözə dəymir, pullu insanlar qınanılmır… Ona görə kiməsə pul verməyə tövbə etmişəm. Qoy özü qazansın öz pulunu… Mən qazandığımı özüm üçün qazanıram… Borc verməkdən uzağam. Məndə azaldıqca pul, onda artır, mənim pulumun hesabına…
Ağlı olan insanı aldatmaq çətindir. Ağlı olan insana başqasının ağlı lazım deyil. Öz ağlı özünə bəs edir və başqasına ağıl vermir. Ağlı olmayana isə ağıl verməyin mənası yoxdur, ağılsızlıqdır.
Əxlaq hər kəs üçün fərqli anlayışdır. Sərhədsiz və sərhədli. Hər kəs özünə uyğun seçər əxlaqın nədən ibarət olduğunu. Kiməsə öz əxlaq prinsiplərini sırımaq, əxlaq dərsi keçmək bəlkə də özü bir əxlaqsızlıqdır. Sənin üçün doğru olan onun üçün səhvdir, doğru deyildir. Onun üçün doğru olan sənin üçün səhvdir. İnsanlar fərqli və fərdidir. Hamını eyni və özünə bənzər etmək doğru deyildir.
Azadlıq-onu istəməyən və ona hazır olmayanlar üçün önəmli deyil. Kimisə tabe olmağı, əsarətdə yaşamağı sevir. Kimisi özünü başqasında tapır. Azadlığını başqasında görür. Kimin isə azadlıq kimi seçimi olmur, ya da seçimi etməkdən qorxur. Çünki azadlığı seçdikdən sonra onun nəticələrini qəbul etməkdən ehtiyat edir.
Dəyər- insanlara dəyər verdikcə, ya çox yuxarı dəyərə malik olur, əsl dəyərindən qat-qat yuxarı bir dəyər olub, süni dəyəri yaradır, ya da dəyərdən düşüb, 0 olur. 0-laşan dəyər isə maraqsız, üzücü olur. Məyus olursan hər iki halda, ona görə də insanlara dəyər vermək olmaz. Dəyər verdikdə isə dəyərini demək olmaz. Əks halda, məyusluqla qarşılacaqsan.
Salam – Allahın adıdır. Salamı hər adama verib, Allahın adını belə aşağılamaq düzgün deyil. Hər adamın yanında bu adı çəkməyək. Bəzisinə bu ad yamaqdır, bəzisinə yaddır, bəzisinə yaraşır.
Yaş – insanlara yaş vermirəm. Yaş önəmli deyil. Elə gənc, uşaq var ki, təfəkkür, ağlı, xarakteri ilə insanı sevindirir, təəccübləndirir. Elə insan da var ki, müəyyən bir yaşa çatıb, amma boş və dayazdır, sanki deşikləri var, doldurduqca, bir yandan boşalır.
Dərs – öyrənmək istəməyənə nümunə olmaq, dərs deməyə dəyməz. İnsan özü bilik əldə etməlidir. İstər nəzəri olsun, mütaliə etməklə, istərsə də, təcrübə yolu ilə bilik qazansın, olsun praktiki biliyi. Dərs ya mühazirə olur, yorucu olur, ya da məşğələ, dərsdən nəticə çıxardanlar üçün əzbərçilik dərsi. Dərsin içinə yetməyən, onu belə lazımdır deyə, əzbərləyən, biliklərini tətbiq etməyən üçün dərs deməyin bir mənası yoxdur, vaxt itkisidir.
İlham – yaradıcı insan üçün ilham pərisi olmaq mənasızdır. Bu gün sənsən, sabah başqası. Yəni ötəridir, müvəqqətidir, özünü sərf edirsən. Sənin enerjindən gedir, səni tükədir. İlham pərisi insanın özünə hər işdə lazımdır ki, görəcəyin işdə sevgi olsun.
Söz – söz vermirəm ki, sonra özümə qarşı istifadə edilməsin. Bir şeyi ki, edən deyiləm, etmək istəmirəm, etmirəm, məcburi olaraq söz vermək doğru deyildir. Kiməsə söz vermək və ya verdirmək etik deyildir. Üstündə durmayacağınız sözü verməyin.
Kimdə nə yoxursa, əldə etməyə çalışmırsa, onu ona sırımaq doğru deyildir. Bir az empatik, bir az humanist olaq. İnsanların könüllülük seçiminə hörmət edək. Məcburiyyətdən uzaq olaq.
Комментарии