Fikirlərimdəki insanlar barədə...

İnsanları fikirləşdikcə, fikirlərimi hörümçək toruna bənzədirəm. Kimisi ilişib qalır ki, məhv olsun, kimisi yolunu tapıb, azad olur ki, fikirlərə bu tor barədə xəbərdarlıq etsin, onları qorusun...
 
İnsanları fikirləşdikcə, fikirlərimi "friendzone"da ilişib qalmış sevgi üçbucağının ehtiyat variantı kimi qəbul edirəm. Birisi gedəndə, əvəzi ehtiyatda olan olsun...
 
Fikirlərim də insanlar kimi dostdurlar, bir bucaqda qalmış dərəcə kimi bəzən hesaba alınırlar, bəzən hesablamalara gərəksiz olurlar fikir düsturunda...
 
İnsanları fikirləşdikcə, fikirlərimi sırf şampan şərabı içmək və əylənmək üçün riskə gedən insanlara bənzədirəm... Bəzən fikirlərimi risk edəndə, itirirəm, bəzən yeni fikirləri qazandırır riskə yolladığım fikirlərim...
 
İnsanları fikirləşdikcə, fikirlərimi bazarda saxta rəqəm göstərən tərəzi bilirəm. Bəzi fikirlərimin çəkisi süni şəkildə ağır gəlir, bəzilərininki isə yüngül... Gözəyarı çəkmək də olmur zalımın balası olan fikirlərin çəkisini...
 
İnsanları fikirləşdikcə, fikirlərimdən insanları silib atmaq istəyirəm... Görəsən, fikirlərimdə insanlar olmazsa, fikirlərimin mövzusu nə olar?!

 

Комментарии