Ay yuxuya gedəndə, sən öpüşünlə yuxudan oyatdın məni...
Mən:
-Axı bu gün şənbədir. Niyə məni oyatdın axı?
O:
-Bunu mən gərək səndən soruşam.
Mən:
-Niyə?
O:
-Səni mən oyatdımsa, demək ki, məni də nəsə oyatmışdı. O nə ola bilərdi?
Mən:
-O nə ola bilərdi? Aaaa. Zəngli saatım.
O:
-Bəli, təkrarlanmasını hər 10 dəqiqədən bir qoyduğun telefonundakı zəngli saatın.
Mən:
-Bağışla. Adətkar olmuşam. Axı əvvəllər şənbə günü də işə gedirdim. İndi isə getmirəm.
O:
-O nə musiqidir, zəngli saata qoymusan?
Mən:
-Jovanni Marradinin “İnam” (müəllifdən: Giovanni Marradi “Believe”). Yuxudan inamla və inandığın insanla oyanmağımın şərəfinə qoymuşam. Nədir? Yoxsa bəyənmədin?
O, susdu. Yenə öz dünyasına getmişdi.
Mən:
-Yenə nəsə artıq söz dedim? Yenə üzr istəyim? Barı, səbəbini de.
O, fikirlərini qova-qova:
-Yox. Sadəcə fikrə daldım. Demək inam. İnandığın insanam. Mən sənin yerində olsaydım, bu qədər inanmazdım. Özümə, insanlara, mənə. Mən özümə belə inanmıram.
Mən:
-Nə oldu yenə? Niyə belə deyirsən? İnsan özünə də, insanlara da inanmalıdır. İnanmadan olmaz axı. Mən inanmadan yaşaya bilmərəm.
O:
-Bax, fərqimiz budur. Mən inanmıram deyə, peşman və məyus olmuram. Sən isə məndən çox inanır, məyus olur və peşmançılıqla qarşılaşırsan. Çox sadəlövhsən. Çox safsan.
Mən:
-Yaxşı. Gəl, mübahisə etməyək. Gedim, kofe hazırlayım. Sənsə, geyin get, isti təndir çörəyi və kənd yumurtası, qatığı al.
O:
-Əsl gəzmək havasıdır.
Mən:
-Yemək yedikdən sonra gəzməyə çıxarıq. Nə deyirəm ki?!
O:
-Olar...
Onu gördüyüm son gün və onunla etdiyim son söhbət idi. O narkotik vasitə və spirtli içkilərin alüdəçisi idi, mən isə ona alüdə olmuşdum. Onun narkotik vasitələr qəbul etdiyini və içdiyini bilmirdim. Dostları deyəndə, inanmırdım. Çox adam deyirdi ki, güclüyəm. Belə bir adamla yaşaya bilirəm. Mənim bundan şübhələnməyim üçün o heç nə etmirdi. Nə evdən oğurluq halları var idi, nə mənə qarşı aqressiyası. Ondan sonra mən susmağa başladım. Məni danışdıran, dinləyən və anlayan tək o idi...
Biz insanlar mürəkkəb varlıqlarıq. O qədər susuruq ki, danışmağı unuduruq... O qədər sükunəti dinləyirik ki, səslərə cırnayırıq... İnsanlar o qədər mürəkkəbdir ki, gah məni güclü və iradəli hesab edirdilər, gah da zəif və iradəsiz. Barəmdə ictimai rəyin nə olması, cəmiyyətin, insanların haqqımda nə düşünməsi məni dəyişmir, çünki mən onlar barədə düşünmürəm...
Ondan hamilə idim. Bunu ona axşam deyəcəkdim. Gecə onunla şərab içməməyimdən, yeməyi iştahla və çox yeməyimdən bəlkə də şübhələnmişdi. Onu mağazaya göndərdim, o isə qayıtmadı. Çünki onun ölüm xəbərini dostları polis idarəsinə məni dəvət edərkən çatdırdılar. 1 aprel zarafatı ola bilməzdi. Aprel ayı deyildi. Yox, ölüm xəbəri ilə zarafat etmək olmaz.
Polis bölməsində mənə deyəndə ki, o narkotik vasitə qəbul edərkən dozasının artıq olmasından ürəyi dayanıb, dostları hadisə yerinə çatanda artıq gec imiş
Bir o yadımdadır. Hər gün evdən çıxanda və evə gələndə, məni bərk qucaqlayıb alnımdan öpərdi. O gün isə üzümə gülümsəyib demişdi:
-Səni sevirəm. İndi deyirəm, birdən gec olar, deyə bilmərəm bunu sənə. Səni sevirəm...
- Mən də səni sevirəm.
-Əclaf. Mən sənə inanırdım. Mən səni sevirdim. Məni tərk etməyəcəkdin. Naxələf çıxdın sözünə. Səndən zəhləm gedir. Atasız böyüyən uşaq və tənha ana... Yox, mən daha içməyəcəyəm. Mən özümü toparlamalıyam.
Badəni güzgüdə gülərək öz şərəfimə qaldırdım, gülümsədim, ağladım, sonra da badəni boşaltdım yerə.
-Bax, əclaf. Bu mənim qanımdır. Axıdıram...
Комментарии