Bir çox tanınmış, oxunan media qurumları, saytlar işçilərinin hüquqlarını pozmaqla, ölkə qanunvericiliyinin tələblərini kobud şəkildə pozur.
1. İşçiləri ilə işəgötürən arasında əmək və ya xidmət müqaviləsi bağlanmır ki, bu da Əmək Məcəlləsini pozur. İşçilərin əmək hüquqlarını pozmaqla yanaşı, onların əmək məzuniyyəti zamanı məzuniyyət haqqı almaq, xəstəlik zamanı əmək qabiliyyətinin itirilməsinə görə müavinət almaq, icbari tibbi sığorta almaq, işsizlikdən sığortalanmaq hüquqlarından məhrum olur, eləcə də bu hal sosial ödənişlərdən yayınma ilə nəticələnir. Bu ödənişlər dövlət büdcəsinə gedir və Dövlət Vergi Xidməti tərəfindən mərkəzləşmiş qaydada ödənişlərin yığılmasında ödənişlərdən yayınma halı hesab edilir ki, bu da həm Əmək Məcəlləsinə, həm «İcbari tibbi sığorta haqqında qanun»a, Vergilər Məcəlləsinə ziddir.
2. İşçilərin konsititusiya ilə nəzərdə tutulmuş istirahət hüququ, fikir azadlığı, öz hüquqlarını qorumaq haqqı pozulur. İşçilər işdən sonra saxlanılır və işdən artıq işlədiyi vaxta görə ödəniş almır.
3. İşçilərə əmək haqqı kassa üsulu ilə nağd qaydada həyata keçirilir ki, bu da «Nağdsız hesablaşmalar haqqında qanun»unun tələblərini pozur. Əmək haqqı, maddi yardım və digər sosial ödənişlər ancaq nağdsız qaydada həyata keçirilməlidir.
4. Əmək haqqları stabil və vaxtında verilmir, azalma halları, əmək haqqından işçinin xəbəri və razılığı olmadan tutulmalar olur. Bu isə qanunsuzdur. Əmək haqqından tutulmalar ancaq qanunvericiliyinin nəzərdə tutduğu halda və məbləğlərdə, işçinin özü məlumatlandırılaraq həyata keçirilə bilər.
5. İşçinin istirahət hüququ pozulur. Həftəsonları və ya işdən sonrakı vaxt, gecə növbələrində işçilər işə çıxarılır və müvafiq ödənişlər həyata keçirilmir.
Xahiş edirəm, Dövlət Vergi Xidməti, Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidməti tərəfindən növbədənkənar yoxlamalar həyata keçirilsin. Qanunu pozan media qurumları və saytları inzibati və cinayət, mülki məsuliyyətə cəlb edilsin.
Комментарии