Günümüzün yazarı, Anarı-yada salanı, unutmayanı...


11222352_10205547441225741_7108343685235543154_n
Öncə Anar müəllimi təbrik edirəm, ad gününüz mübarək...
Mən tənqidçiyəm və tərifləməyi sevmirəm, düzü düz, əyrini əyri yazmağı sevirəm..
Anar adının mənası - yada salan, unutmayan, yaddan çıxartmayan, xatırlayan, anan deməkdir.
Anar müəllimin kim olması bir çoxlarına məlumdur, Wikipedianı yaradanın canı sağ olsun... Soykökü ilə işim yoxdur, yaradıcı, ziyalı nəslindəndir, yazılarını da oxumuşam, bəyəndiklərim də olub, bəyənmədiklərim də... Özümü dahi saymıram, peşəkar da saymıram, həvəskar yazaram... Amma bir oxucu, vətəndaş kimi həqiqəti yazmaq istəyirəm...
Anar müəllim özü də tənqidi, fəlsəfi yazılar yazmışdır, həqiqəti göstərməyə çalışmışdır yazılarında... Ona görə düşünürəm ki, məndən inciməz...
Anar müəllimlə tanışlığım orta məktəbdən başlayır, orta məktəbin axırıncı sinifində oxuyan zaman sinifdən xaric oxuduğum kitablardan, bu kitabların içində, əsərlərin içində Anar müəllimin əsər və kitabları da vardı... Daha sonra Anar müəllimin əsərlərinə çəkilmiş filmlərdən daha yaxşı tanımağa başladım... Əslində, pis deməzdim, yaxşıdır, amma əgər o ziyalı olaraq ziyalılar üçün yazırsa, ziyalılardan yazırsa, o zaman ziyalılarımız nə gündədir? Ən azı hamının sevdiyi, məşhur "5 mərtəbəli evin 6-cı mərtəbəsi" əsərində ziyalı sayılan Zaurun ziyalı anasının küçə söyüşləri söyməsi, qeybət və intriqaları,  növbəti ziyalı balası Spartak, onun ailəsinin etdikləri ziyalılarımızın gündəlik həyatını əks etdirirsə, o vaxtların ziyalıları bu gündə idirsə, indiki zamanın ziyalıları nə vəziyyətdədir?! Hələ o vaxt bir az mədəniyyət, ədəb-ərkan, tərbiyə, sovet düşüncəsi, inzibati amirlik metodu ilə idarəetmə var idi, bir az yığışdırmışdıq özümüzü... İndi onlar yoxdur, bir tərəfdən müasir ədəbiyyat, bir yandan televiziya kanalları olan-qalanımızı alır əlimizdən...
Cəmiyyət arasında belə bir fikir var ki, ziyalı adam o adamdır ki, Anar bəyin əsərlərini oxuyub, bəyənib, sevib... Razı deyiləm, zövqlər müxtəlifdir... Mən oxuyub bəyənməmişəmsə, ziyalı deyiləm? Ya da ki, mənim sevimli şairim Anar yox, Sabir, Hüseyn Cavid, Cabir Novruz, Əhməd Cavaddırsa, yazarım Anar yox, İsmayıl Şıxlı, Hamlet İsəxanlı, Yusif Səmədoğludursa, mən geridəqalmışam, ziyalı deyiləm?
Evimizdə kitab əksik olmazdı... Ziyalı ailəsindənəm... Yaxşı yadımdadır, ilk kitabımı çıxartmaq istəyirdim, 2007-2008-ci illərdə, atam məni AYB (Azərbaycan Yazıçılar Birliyinə) gətirdi, peşəkarların fikri, onlarla tanışlıq, kitabıma rəy və ya ön söz yazılması və birliyə üzv olmağım üçün... Rəhmətlik Arif Əmrahoğlu ilə tanış oldum, ondan savayı birlikdə gözəl qəbli, xoşniyyətli, paxıl olmayan insana rast gəlmədim, qalan bir az yaşlı yazarlar gənc yazarlara paxıllıq edirdilər... 2 il ayaq döydüm, iki il hər ay iki dəfə getdim gəldim ora... 2008-dən 2010-cu illər arasında bir kitabıma görə... Elə bir vəziyyət idi ki, ruhdan salırdılar məni, get-gəl prinsipi idi, üzvlük məsələm də havada idi...  Mənə oradan qalan Arif müəllimin hər gəlişimdə verdiyi kitab, maraqlı söhbətlər oldu... 2012-ci ildə yenidən cəhd etməyə başladım, yenə də alınmadı... 
O vaxtlar mən artıq poetik tərcümələr edirdim, yazılarım lit.az saytında, Paritet və Palitra qəzetlərində dərc edilirdi. Birliyin üzvlüyünə qəbul edilməməyim (istəyim artıq yox idi, çünki gənc yazarlara münasibəti görürdüm) bir yana, yazılarım belə çıxmırdı, oxuyub bəyənirdilər, müsbət şifahi rəylər verirdilər, çox yazarlarla tanış edib tərifləyirdilər, amma hamısı havada idi, ortalıqda real heç bir dəstək yox idi... Sonunda bezdirdilər. Tüprüdüm üzvlüyə də, kitabımın çıxardılmasına da... Mən itirmədim, itirən onlar oldu, mənim orada qapımı bağladılar, bir yandan Allah açdı... İndi çox sevinirəm ki, AYB-nin üzvü deyiləm, olmadım da... Özüm yazıram, sifarişlə yazmıram və kimdənsə asılı deyiləm... Yəni, onlar lit.az saytının, Paritet və Palitra qəzetinin seçib, bəyəndiyi, dərc etdirdiyi, Türkiyədə və Rusiyadakı ədəbiyyat saytlarında dərc olunan yazarı AYB-yə layiq bilmədilər, yetərincə savadım çatmadı, yoxsa istedadım, yazarlıq qabiliyyətim?!Maraqlıdır!
O zamanlar birliyə tanışı, qohumu və ya pulu olan adamlar üzv olurdu... AYB-nin əvvəlki üzvlərinə baxırsan, kimlər olub, indiki üzvlərinə baxırsan, kimlərdir?
Niyə Anar müəllimdən savayı,1991-ci ildən bu yana bu birliyə yeni sədr gəlmir, seçilmir, başqa layiqli şair və ya yazar yoxdur, vardırsa, niyə seçilmir, yoxdursa, niyə yetişdirilməyib və ya birliyə üzv kimi qəbul edilməyib? Yoxsa, burada da bəzi məmurlar kimi kök atmaq prinsipi var? Monarxiya prinsipləri var? Şəxsi təşkilatımdır, kimi istəyirlər seçirlər...
Niyə Anar müəllim və ona yaxın adamlardan savayı, onun sevimli sayılan yazar və şairlərdən savayı, AYB tərəfindən heç bir gənc yazar və şairə dəstək edilməyib, kitabın çıxarılmasında, tanıdılmasında, əsərlərinə filmlərin çəkilməsində, tamaşaların qoyulmasında köməklik göstərilməyib?
Yanılmıramsa, bu yaxınlarda oğurluqda ittiham edilən Pünhanə Əliyeva da birliyin üzvüdür... Elə adamlara dəstək edilir, elə adamlar önə verilir ki, onların yaradıcılıqdan anlayışı yoxdur, yaza bilməyənləri, ondan-bundan oğurlayanları irəli verirlər, yarışlarda qalib edirlər, mükafatlandırıb cəmiyyətə təqdim edib, ədəbiyyatımızı korlayır və gələcək ədəbiyyatımızın səviyyəsini aşağı salırlar? Elxan Qaraqandan, Emin Piridən, Ülviyyə Heydərovadan savayı, AYB-də gənc və dəyərli yazar tanımıram... Onlar da ki, özləri özlərini tanıtmışlar, AYB-nin üzərində əziyyət və əməkləri olmamışdır. 
Çingiz Abdullayevi də bəyənmirəm, bir iki yazısından savayı, əksər əsərləri bir-birinin təkrarıdır, yeni süjet, ideya yoxdur, əvvəlini oxuyan kimi sonunu bilirsən...
Mən nə ad almaq istəyirəm, nə mükafat, bu ölkədə AYB kimi qurumlar olanadək, rəhbərinə gənc və savadlı, yaradıcı, istedadlı şəxs gəlməyənədək, ölkəmdə yazar olmağımla fəxr etməyəcəyəm, yazar kimi ölkəmi və yaradıcılığımı ancaq xaricdə təmsil edəcəyəm...
Nə qədər savadlı, gənc, istedadlı yazar tanıyıram, hamısı AYB-dən çıxıb, baykot edir, uzaqlaşır... Niyə Anar müəllim maraqlı deyildir, gənc yazarların birlikdə saxlanılmasında?
Doğurdan da, Anar müəllim, unutdurmur özünü, yada salır həmişə... Amma mən də unutmuram, mən də yada salıram... Mənim kimi nə qədər yazar böyük ümid və sevinclə, sevgiylə gəlmişdir birliyə, sonra isə məyus olub, didərgin düşmüşdür oradan?!
Mənim üçün Anar müəllimdən də yaxşı yazan gənc və layiqli yazarlar, yazıçılar var...
AYB-nin rəhbərliyindən, üzvlərindən xahiş edirəm, gənclərə yol verin, dəstək olun, kömək edin, yetər artıq paxıllamağınız, köhnə baqaj, eyni motiv və süjetlə yazmağınız! Məncə inkişaf etmək və dəyişmək, dəyişilmək zamanıdır! İndi də adlar alan yazar və şairlər, xalq üçün yazın, qapalı və azlıq təşkil edən təbəqə üçün deyil, çoxluqda olan cəmiyyət üçün yazın!
Bir daha ad gününüz mübarək, təbrik edirəm!

Комментарии