Novruz yeganə bayramdır ki, qeyd edirəm, çünki mənim üçün təbii, səmimi və təbiətlə birbaşa bağlı olan, soykökümüzə bağlı olan, dindən uzaq bir bayramdır.
Novruz insanları birləşdirən bayramdır. Hamımız təbiətin övladlarıyıq, od da, su da, hava da, su da biz canlılar üçün mövcuddur, yaşamağımıza yardımçıdır.
Zaman keçdikcə, od, su, torpaq və havadan özümüz üçün istifadə etməyi, onların xeyrini və dəyərini anlamağa başladıq, odda ət qızartdıq, yemək bişirdik, torpağı əkib becərdik, bizə məhsul verdi, havanı təmiz saxladıq ki, ciyərlərimizə oksigen getsin, zəhər yox, sunu içdik ki, susuz qalmayaq, su ilə torpağımızı suladıq, su ilə aydınlığa çıxdıq, su ilə yanan odu söndürdük, su ilə torpağa məhsul verdik, sudan buxarlanan və havaya qovuşan maddələrlə yenidən yağış, qarı, sulu qarı gördük, quraqlıqdan qorxduq… Hər dörd ünsür birbaşa təbiətlə bağlıdır, bizim təbiətimizlə, daxili təbiətimizlə bağlıdır.
Novruz milli mənəvi dəyərlərimizi, psixologiyamızı tərənnüm edir. Novruz adət-ənənələri insanları birləşdirir, bəzən isə bizə tanıtdırır…
Adət-ənənələr necə bizi xarakterizə edir, şərq xalqlarını, hətta milli mənəvi dəyərlərimizə çevrilmişdir. Kimsə inciməsin təhlillərimdən.
- Qulaq Falı – xoş xəbər eşitmək bəhanəsilə ilin bir günü haqqımız olur ki, qonşu və ya digər insanların ev qapısının arxasında dayanmaqla, evdə baş verənləri, söhbətləri eşidək…
- Papaq atma- əliaçıqlıq adəti adı ilə “kimin evində nə var” prinsipi ilə papaq atırıq, papağa qoyulanlardan ev yiyəsi və ailənin statusunu müəyyən edirik…
- Bəxt açma, üzük fırlatma, falçıya getmə – o qədər ərə getmək eşqi var qızlarımızda, ildə bir dəfə rəsmi şəkildə fala baxdırırlar ki, bu il bəxtləri açılacaq ya yox…
- Yuxuda adaxlını görmə – bəzi qızlar o qədər kişi və ər eşqindədirlər ki, hətta yuxularında belə onu görürlər və görmək istəyirlər…
- Tonqaldan tullanmaq – insanların ağrılığını nəyəsə tökmək. yeni ümidlə yeni ilə qədəm qoymaq istəyidir. Ağrı-acını insanlara tökməkdənsə, oda töksək daha yaxşıdır…
- Ağacqorxutma – ağac bar verməyəndə, ağacın sahibi onu qorxudur, hədələyir ki, bax bu il bar verməsən, işimə yaramasan, səni kəsəcəyəm ha… Ağac da qorxur, 10 il bar verir ki, 10 il ona dəyən olmasın…
- Açar falı – öncədən tutulmuş niyyətin xəbər verməsi ayinidir, götürürsən açarı gedirsən evin yaxınında yol ayrıcına, niyyətini tutursan, yolayırıcı olan yerdə açarı qoyursan sağ ayağının altında, yanından, önündən kim keçsə, nə haqda danışsa, yadında saxlayırsan, evə gəlib niyyətini həmin sözlərlə tutuşdurursan, tutdusa, niyyətin yerinə yetəcək, tutmadısa, başın sağ olsun… Gələn il bu vaxt bir də sınayarsan…
- Alma falı – öncədən tutulmuş niyyətin hər hansı bir əlamətə görə xəbər verilməsi ayinidir, iki almadan birinə nişan qoyulur, niyyət tutulur, evdəki başqa bir nəfərdən almalardan birini götürmək xahiş edilir, nişanlanmış alma seçilərsə, niyyətin hasil olur, nişanlı alma seçilməzsə, yenə də başın bir illik sağ olsun…
- Səməni yetişdirmək – məncə məhsuldarlıq, səbr rəmzi sayıla bilər, səməniyə doğru qulluq etsən, bitəcək, etməsən quruyacaq…
- Yumurta döyüşdürmək – yumurta döyüşdürən tərəflərdən kim udarsa, onun istəyi gerçəkləşdirilməlidir, müasir zamanda insanların kreativ düşüncəsini nəzərə alsaq, uduzmaq istəməz kimsə…
- Qonaq getmək – bir çox insanlar qonaq getmək, evləri, qohum-əqrəbanı, dost-tanışı gəzmək üçün bəhanə axtarır, bu bəhanəni bayram verir bizə…
- Şam yandırmaq – ailə üzvlərinin sayı qədər şam yandırarlar… Vay o adama ki, evdə təkdir…
- Yallı getmək – ən çox sevdiyim rəqsimizdir, birlik, həmrəylik, pozitivlik rəmzidir deyə…
- Novruz oyunlarını oynamaq – çox sevirəm, əyləncəlidir, çünki müəyyən qədər də olsa, unudursan, pis anları, neqativi…
- Belə atalar sözü də var hələ: Yaz gününün yağışı, ər-arvadın savaşı, yaz yağışı qısa olar axı… Tez kəsər, sonra aydınlıq olar, gün çıxar…
- Ayna falı – fala baxmağı çox sevirik axı… Bir qurğu qoyulub, şam yandırılır, evdəki digər işıqlar söndürülür, güzgüyə ancaq şamın işığı düşür, niyyət tutan qız güzgünün önündə oturur, qız güzgüyə çox baxdıqda, orada oğlan əksini görməlidir, gördüsə oğlanı, onu qapazlayıb, ərə gedəcək ona…
- Baca-Baca – bunu rayonda və ya həyət evində etmək olar, bina evində bunu balkon-balkon etmək olar, balkondan bir torba salırsan, kimin balkonunu xoşbəxt etsən, o, bəxtəvər onu doldurmalıdır…
- Küsülüləri barışdırmaq- yaxşı adətdir, bayramda barışıb, bayramdan sonra yenidən dalaşanlara da xeyir edir, ən azı bayramdan barışmaq üçün bayram payı aparır, bayram payı alır, barışır, bir müddət sonra yenə dalaşır ki, yenə barışıq olsun…
- Bulaqbaşı – qızlar əli dolu bulaq başına gedər, orada bəzi işlər görərlər, pis yox ha, yaxşı işlər, qız məclisi olar, kənardan istəsə, oğlanlar baxar, çünki qızlar bəzənib gəlmiş olurlar, evdarlıq məharətlərini göstərirlər, kimi bəyənsələr elə onu bulaqbaşından qaçırdıb bəxtəvər edərlər…
- Evatdı-evi bayramadək təmizləmək, səliqə-səhmana salmaqdır, evin əsaslı şəkildə təmizlənməsidir, tənbəllər üçün yaxşıdır, heç olmazsa, ildə bir dəfə evin aynı və bəxti açılar…
- Evgörmə- təzə ev alanların evinə gedib, pay aparmaq, evini mübarək etməkdir… Əslində, insanlara maraqlıdır axı, alınan yeni ev necədir, evdə nə var, nə yox…
- Əvrəz-el – obayla birlikdə əsaslı iməcilik işləri görməkdir… tez-tez olsa, yaxşıdır, abadlıq işləri gedər…
- Fatma nənənin hanası- əslində göy qurşağıdır, yağış ayağanda, bu hana, tez itsə, deməli hava aydın olacaq…
- Günəşiçağırma – günəşi hədələyib, qorxudub, el-obaya çağırmaq adətidir…
- Xoruşdöyüşdürmə – burada heyvanların hüquqlarının qorunması beynəlxalq təşkilatının yeri məlum, 100 səhifəlik bir hesabat yazarlar…
- Bayram tonqalı- bayram günü bayram tonqalı közərənə yaxın üzərlik atırlar içinə ki, gözdən qorunsunlar, od aparmadığını bəlkə üzərlik aparar…
- Axır çərşənbə günü səfərə yollanmaq olmaz, yoxsa 7 il evində tapılmayacaqsan…
- İtboğuşdurma, qoç döyüşü də xoruzdöyüşdürmənin tayıdır…
- Qarabayram- şərh vermirəm…
- Məzar üstə getmə- ölənlərin ruhunu şad etmək üçün bayram payı aparılır və məzarın üstünə qoyulur, bu payı ölülər yeyəcək, ya dirilər, bilmirəm, bəlkə ruhlar yeyəcək, bəlkə zombilər…
Комментарии