Niyə ayrılırıq?! Ayrılmağımızın 30 səbəbi. 14+

Sevgi bir sənət, sevişmək bir məşğuliyyətdirsə, sevmək bir işdir, deməli sevən insanlar bekar olmazlar, çünki sevirlər…

Sevdikləri zaman insanların o qədər işi olur ki, tək olanda da, birlikdə olanda da…

Bəs niyə ayrılır insanlar?

Şəxsən öz həyat təcrübəmdən irəli gələrək, müşahidələrimə, sosial şəbəkədə keçirtdiyim sorğuya  əsasən yazıram.

Səbəblər çoxdur. Önəmli olanları yazacağam, bəlkə kiməsə necəsə kömək etdi, bəlkə kimisə ayrılıqdan xilas etdi, bəlkə kimisə düşünməyə vadar etdi.

Mükəmməl olmağa çalışırıq, özümüzü dəyişirik, dəyişildikcə, bir gün anlayırıq ki, bu biz deyilik, əslində belə deyilik. Bizi dəyişirlərsə, demək ki, olduğumuz kimi qəbul etmirlər.
Münasibətlərin əvvəlində itki ehtimalı və qorxularımızın sayəsində öz nöqsanlarımızı gizlədirik, qarşı tərəfdə isə ancaq üstünlükləri görürük, bu isə özünü və başqasını aldatmaq və qeyri-səmimilikdir. Yalanın üstü gec-tez açılır.
Sözdə eqoist oluruq, yəni eqoistliyin bizə sərf edən tərəflərini qəbul edirik, əslində eqoizmin ilk və başlıca prinsipi özündən başlamaqdır.
Öncə maraqlı olan insan sonra bizi yorur və bezdirir, öncə can atdığımız insandan sonra qaçmaq və qurtulmaq istəyirik. Bu qarşılıqlı olur. Etirafı isə daha səmimi və cəsarətli olan edir.
Təsadüfləri olduğu kimi qəbul edirik. Təsadüflərin zəruriyyətdən doğduğunu və hər nəticənin arxasında bir seçim və səbəbin durduğunu, zəruriyyətlərin özünü zəruri olduğunu dərk etmirik. Halbuki, hər bir təsadüf özü bir zəruriyyətdir, təhlil etmək, düşünmək, müşahidə etməklə, bunun doğruluğuna əmin olmaq olar.
Bir tərəf inkişaf edir, öz üzərində işləyir, irəli gedir, digər tərəf yerində qalır, ya da geriyə gedir və o birisinə həyat yarışmasında çata bilmir və arada uçurum yaranır, sosial, mənəvi-psixoloji uçurum. Bu uçurum böyüdükcə, tərəflər arasında fərq daha aydın sezilir. Nöqsanları və reallıqları görməyə başlayırıq. Bu bizi qane etmirsə, ayrılırıq.
Çox sevirik və özümüzü tanıyırıq. Anlayırıq ki, sevdiyimiz insana biz lazım deyilik, uyğun deyilik. Onu üzməmək və yeni həyata başlamaq və daha yaxşı insanı tapmaq üçün ayrılırıq.
Bizi sevənləri biz də sevəndə və bu qarşılıqlı olanda, bir gün anlayırıq ki, əlçatan sevgidir. Bəzi insanlar adi və əlçatan hər şeydən və hər kəsdən uzaq olurlar. Əlçatmaz və mübarizə aparmağı tələb edən hər kəs və hər şey bizi cəlb edir, onun üçün acırıq, ona tələbatımız yaranır, əlçatan və adi, dadını bildiyimiz isə bizi itələyir, doydurur, tələbatımızı və iştahımızı öldürür.
Başqa mənimizlə qarşılaşa bilmədiyimizi anlayanda, özümüzdə yenilik görməyəndə ayrılırıq. Hər şey eyni və adi gedəndə, həyatda dəyişilməz günlər olanda, onunla birlikdə həyat maraqsız olur. Bizi qane etmir, bizi razı salmır, narazılıqlar isə neqativ nəyisə yaradır, mübahisə və ittihamlar, davalar başlayır. Biz isə sakitliyimizi, rahatlığımızı, əsəbimizi qorumaq üçün ayrılırıq.
O qədər çox sevirik ki, bir gün ayrılacağımızı və onu itirəcəyimizi anlayırıq. Bir gün bizdən ayrılmasın və atılmış olmayaq və mənəvi, psixoloji zədə almayaq, uduzmayaq, itirməyək deyə, biz birinci ayrılırıq. Birinci ayrılan tərəf dəyəri bilinməmiş, itirilmiş, qalib obrazında olur. Eoqizm və qüruru isə zədələnmir.
Ayrılıq bir başlanğıcdır. Başlamasaq, ayrılmarıq. Yəni biri ilə ayrılıb, başqa biri ilə yenisini başlayırıq. Bu zəncirvari şəkildə davam edir. Ölənədək.
Hər bir insan bizə özümüzü dərk etməyə kömək edir, nəyisə öyrədir, bir insandan nəyisə öyrənə bilmiriksə və öyrənmə prosesi dayanırsa, bizi çıxılmaz nöqtəyə, məntəqəyə gətirirsə, biz ayrılırıq. Çünki o insanın həyatımızdakı müəllim rolu bitmişdir.
İnsanlarla münasibət soyuq havada daxili hisslərlə qızındığımız zaman birdən ayazlı havada soyuq və güclü küləyin üzümüzə vuraraq sillə çəkməsinə bənzəyir, anlayırıq ki, əslində soyuqdur, biz özümüz özümüzü isidirik. Bizi soyuqdan qoruyan və qızıdan yoxdur. İstənilən halda, bizə zərbə gələ bilər. Xəyal dünyamızdan gerçək dünyaya keçdiyimız zaman ayrılıq gələr.
Ya da ki, metrodayıq. Son qatar gəlib, bizsə fikrə dalmışıq, minmirik, birdən növbətçi qız yaxınlaşıb, deyir ki, “sonuncu qatardır, bundan sonra bu gün qatar olmayacaq, bəlkə minəsiniz?!”. Bax, o zaman anlayırıq ki, ayrılmaq lazımdır ki, lazım olan yerə gedə bilək, fikrə dalmaq, gözləmək və vaxt itirmək bizi nə qədər geriyə salır.
Axtarışdayıq, axtaran tapır, ayrılmağı məqsəd kimi önümüzə qoymuşuqsa, səbəb hökmən axtarıb tapacağıq.
Ümid və etimad məsələsi var. Ya biz ümidləri puça çıxardırıq və etimadları doğrultmuruq. Ya da bizim ümidlərimiz boğulub ölür, etimadlarımız doğrulmur.
Xoşbəxt ola bilmirik və xoşbəxt edə bilmirik. Ya tələsirik, ya da gecikirik.
Münasibəti yarışa bənzədirik. Yarışmada isə qələbə və məğlubiyyət var, qalib gələn və uduzan tərəf var. Tələsərək, önə tez çıxmaq, gecikərək arxada qalmaq, ölçüb-biçərək ortada qalmaq var. Bəzən isə bərabər gəlib çatırıq son məntəqəyə-finiş xəttinə və yer üstündə-liderlik üstündə, medal və qələbə üstündə mübahisə edirik, paylaşa bilmirik yerimizi.
Qarşılıqlı olmur bəzən. Biz veririk, qarşı tərəf alır, vermək istəmir. Bu isə bizi bir gün usandırır.
Həyata bağlayacağını düşünürük, amma həyata bağlanmırıq, əksinə həyatdan qopuruq. Reallıqdan uzaqlaşırıq.
Tükənirik, səbrimiz bitir, dözümümüz, sözümüz bitir, istəyimiz bitir, arzu və məqsədlərimiz dəyişir, planlarımız dəyişir, amma o yeni arzu, məqsəd və planlarımıza qarşı tərəfi salmırıq.
Tənha qalmaq və azadlığımızı itirməmək istəyimiz var. Çox zaman münasibətlərdə azadlıq olmur və bir tərəf digər tərəfi və ya qarşılıqlı olaraq hər iki tərəf bir-birini əsarət altına alır. Bu əsarət isə azadlığa can atmağa, mübarizə aparmağa və münasibətləri bitirməyə gətirib çıxarır. Əsarət insanı qıcıqlandırır, əsəbləşdirir, hirsləndirir, neqativ enerji ilə yükləyir. İnsan dolur və bir gün partlayır.
Daha yaxşısı, daha uyğun olan, layiq olan birisinin var olmasına inanmağımız. Bu inancımız bizi indiki münasibətlərdən qopardır. Biz o inandığımız adama rast gələndə, artıq rahat şəkildə ayrılırıq.
Fikir, istək, arzu, baxış, məqsəd, plan fərqliliyi. Bu fərqlilik çox olarsa, ortaq cəhətlər, nələrsə olmazsa, bizim paylaşılası nəyimizsə olmaz, paylaşmaq istəyi isə bu fərqliliyimizi bir başqasını axtarıb taparaq oxşarlığa çevirməyimizə səbəb olacaqdır.
Sadəcə bir gün dayanmaq istəyirik. “Belə davam edə bilməz və etməməlidir” düşüncəsində qəti olduğumuz zaman qərara gəlirik və ayrılırıq.
Özümüzü qurban vermək, güzəştə getmək istəmədiyimizi anlayan zaman ayrılırıq. Bu qurbanlar və güzəştlər qarşılıqlı olmazsa, ayrılmaq işimiz daha da asanlaşır, çünki əlimizdə səbəb və bəhanəmiz olur.
Yeniliyə meylli oluruq. Köhnə və tanıdığımız, bildiyimiz hər şeydən tez soyuyuruq.
Bir-birimizə verdiyimiz hər bir qida növü bizi qane etmir. Qidadan ya doymuruq, ya bezirik. Qida bizi hər mənada insan olaraq, ruh olaraq qidalandırmır, aldığımız qida sonradan bizim enerjimizə çevrilmir, çevriləndə isə neqativ enerjiyə çevrilir. Qida qarşılıqlı, fərqli, dadlı, yeni, maraqlı, cəlbedici olmalıdır.
Biz özümüz və aramızdakı münasibətlər o qədər dəyişir ki, əvvəlki üçün darıxırıq, qaytarmaq mümkün olmayanda, ayrılırıq. Çünki bizi sevdirən məhz əvvəlki şərtlər, insan, münasibətlər idi.
Aqressiya, kobudluq, yalan, xəyanət, münasibətlərdə bağışlanıla bilməyəcək və ardıcıl təkrarlanan bu amillər insanları bir-birindən uzaqlaşdırdığından biz də istisna hal olmuruq, uzaqlaşırıq. Uzaq olduqda, hər şeyi, vəziyyəti daha real qiymətləndirmək olur.
Ən sonda bəzən çox sevirik, çox bağlanmaqdan və hər başlanğıcın bir sonu olduğunu anladığım üçün vaxtında, gec olmamış ayrılırıq, bəzən isə sevirmiş kimi rol oynadığımızdan və qarşı tərəfin bunu anlamasını anladığımız üçün ya o bizdən ayrılır, ya biz ayrılırıq.

Комментарии