Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı)

Biri vardı, biri yoxdu…

Var olanlar da vardı, var olmalı olanlar da yoxdu, yox olmalı olanlar da vardı, yox olanlar da yoxdu…

Yazımdan inciməyin, risk meneceri kimi yazıram… Yazıçı kimi yox…

Absurdistan adlı məkan var, bu məkanın o qədər absurd, gülməli riskləri, insan həyatları var ki, elə absurd hadisələr baş verir ki, gülməkdən başqa əlindən nəsə gəlmir, bir də başını götürüb qaçmaqdan savayı… Əlacsızsan…

Bu məkanda bir neçə cəbhə var:

Pofiqistlər, o qədər biganədirlər ki, nə yaxşı təsir edər onlara, nə də ki pis…
Absurdistanın qurucusu, idarə edəni…
Absurdistanın iki ayaqlı qurbanları…
Qurban olmayıb mübarizə aparanları…
Nə idarəedən, nə də qurban olanı, öz işində olanı, spekulyasiya, manipulyasiya edib, yaxşıdan da, pisdən də mənəvi və maddi mənfəət götürəni, güdəni…
Bura elə məkandır ki, doğrunu deyəni daşa basırlar, həqiqəti yazanı təhqir edirlər, söyüş söyməyəni, qəmiş olmayanı, şüvənliyə salmayanı, yaltaqlanmağı, sabunla və ya sabunsuz yumşaq yerə girməyəni, işverənlik etməyəni hörmətli insan, ziyalı saymaq qeyri-mümkündür…

Bura elə məkandır ki, gəncləri başını götürüb qaçır, qaçmaq istəməyəni ya susmalıdır, ya da aqibəti yaxşı bitməz… Hər kəs bilir ki, o, gənc haqlıdır, yenə də düşəcəklər üstünə, ətini didməyə…

Bura elə məkandır ki, çoxluq bədbəxtdir, çünki xoşbəxt olanda, bilmir ki, xoşbəxtdir, tox olmur nə gözləri, nə mədəsi, nə də ki, cibləri…

Bura elə məkandır ki, hər cür risk var, böyüyündən tutmuş kiçiyinədək… Risklər də ki, göz qabağındadır, maliyyəsi də var, maliyyə olmayan, mənəvisi də…

Bura elə məkandır ki, savadsızlıq və nadanlıq dəb halını almışdır. Dəblə ayaqlaşmayana deyirlər ki, “bizdən deyilsən, bas bayıra”…

Bura elə məkandır ki, absurdluq yarışı keçirilir, hər il iki kərə, özü də absurd məbləğlər sərf edilir absurd yarışlara…

Bura elə məkandır ki, gənclər yaşlıları bəyənmir, yaşlılar gəncləri, ortada isə orta nəsil qalır, onu də nə gənclər bəyənir, nə də yaşlılar, tərəf tutmadıqlarına və bitərəf olduqlarına görə…

Bura elə məkandır ki, gah paz olur, gah lox, gah da ki, soxan… Bunların da qurbanı var və olacaq… Çünki bura Absurdistandır. Hər kəsin də tükənməz yaradıcı düşüncəsi və təxəyyülü vardır…

Bura elə məkandır ki, tənqidçiləri də absurdcasına tənqid edir, yaltaqlananları da absurd yaltaqlanaraq tərif edir… Amma bu absurdluq fərqli, özəl və seçici olduğundan, həm absurd tənqidlər, həm absurd təriflər söz yiyəsindən dərhal ünvanına çatır. Arada absurd poçt ünvanları olur, saxta ünvanlar, bəzən absurdcasına səhvən o ünvanlara gedir, onlar da absurd qəmiş və şüvən olanların ünvanları olur…

Bura elə məkandır ki, qiymətlər qalxır, maaşdan savayı, amma hər kəs absurdcasına həyatından razıdır, narazı olanlar belə elə yaşayır ki, razı olanlar onların narazılığını absurdcasına anlaya bilmir və daha absurd təklifləri ilə onları real narazıçıya çevirməyə çalışırlar. Onlar isə yenə də narazı qala -qala razı həyatı yaşayırlar. Bilirəm, absurd mənzərədir. Amma Absurdistanda absurd olmalıdır axı…

Bura elə məkandır ki, absurd yarış və tədbirlərin absurd liderləri və qalibləri olur. Düşünürsən ki, bu hara, bu yarış hara, bu qələbə hara?! Sonra xatırlayırsan ki, Absurdistandasan…

Bura elə məkandır ki, gözəgirmək və irəli getmək üçün ilk növbədə absurd fikirlər səsləndirməli, absurd ittihamlar etməlisən… Absurdluqla ancaq absurd zirvələrə sahib olmaq olar…

Absurdistanın riskləri də absurddur, hər kəsin xəbəri var, amma heç kim heç nə etmir… Çünki bilir ki, risklər belə absurd olduğunu anlayıb, başını götürüb qaçacaq Absurdistandan, üzü qərb ölkələrinə doğru…

Absurdistanın sərhədlərini keçən kimi səni salamlayacaqlar:

Absurdistana xoş gəlmişsiniz, yerli və xarici qonaqlar…


Köhnə ilin nağılı…


Biri var idi, biri yox idi…

Bütün nağıllar bununla başlar. Mənim nağılımın nəyi əskikdir ki…

Bir varlılar varmış, onlara varlıqlar deyək. Bir də yoxsullar varmış, onlara da yoxluqlar, yoxsullar deyək. Varlıqları yoxmuş kimidir…

Bir də ki, bu iki qruplaşmanın arasında qalmış padişah varmış.

Varlıların hər şeyi var olduğundan özlərini ölməz və toxunulmaz bilirlərmiş. Fövqəlbəşər varlıqlarmış.

Yoxsulların isə heç nəyi olmadığından özlərini ölən, acından bütün günü  yatan, toxunulan bilirlərmiş.

Bir də arada hakimiyyət varmış. Məhkəmə, media, qanunverici və icraedici…

Bu hakimiyyətlərin isə öz maraqları var imiş. Bayraq külək əsən zaman necə dalğalanırsa, necə əsirsə, bax bu hakimiyyət nümayəndələri də elə imiş.

Varlıların çoxusu bir vaxtlar yoxsul olduqlarından, bir daha o anları və həyatı yaşamamaq üçün əllərindən gələni də, gəlməyəni də edərdilər. Yalan da danışardırlar. Oğurluq da edərdilər. Xəyanət də edərdilər. Hələ digər təbəqəni təhqir edib, borclu çıxarardılar.

Çıxdıqları təbəqəni bəyənməzmişlər.

Hakimiyyətdə olan üç sistem və onun işçiləri çox zaman varlı təbəqədə olarmışlar. Qanunu verənlər, yazanlar, qəbul edərək icra edənlər, bu qanunu məhkəmədə qoruduğunu düşünənlər, öz məhkəməsini qurub qərar verənlər varlıların tərəfində imişlər. Aralarında tək-tük yaxşı adamlar varmış, onlar da sakit, savadlı, işgüzar, ağıllı olduğundan bütün yükü çiyinlərində daşıyar, işi onlar görərdilər. Onlar daha çox müşahidə edər, daha çox susardırlar.

Ölkənin adı Analoqu olmayan Absurdistan idi. Absurd hər şey bu ölkədə kəşf edildiyindən və absurd hər bir şeyin analoqu olmadığından bu adı hər kəs ona yaraşdırardı.

Varlıların da analoqu olmazmış, kasıbların da.

Hər iki təbəqə bir birinə düşmən kəsilmişdir, bir-birilərinə nifrət edərdilər.

Hər iki təbəqə yeni il gələndə, bayramlar olanda ümid edərdilər ki, daha yaxşı yaşayacaqlar. Varlılar daha çox vara sahib olacaqlarına, yoxsullar isə yoxsulluqdan canlarını qurtaracaqlarına. Bu da bir absurd istək imiş.

Bir də orta təbəqə var idi. Bacardığı qədər həm varlıları, həm də yoxsulları atmağa çalışırdı. Bu təbəqə ən təhlükəli təbəqə imiş. Çünki hara və nə üçün, nə vaxt işləməkləri və əsl niyyətləri bəlli deyilmiş.

İllərlə varlılar varları ilə varlı yaşayır, yoxsullar yoxları ilə yoxsul yaşayırdılar. Çünki Absurdistanın analoqu olmayan çiçəklənmə və inkişaf dövrü var imiş. Gəlir də xəzinəyə su kimi axırmış. Amma bir gün dövran tərsinə fırlanmağa başlayır. İşlər tərs gətirməyə başlayır. İnkişafımızı düşmənlərimizin acığına yavaşlayası oluruq.

Padişah başbilənləri çağırır yanına ki, məsləhətləşsin. Real vəziyyəti söyləyir. Hərəsi bir “ağıllı fikir” söyləyir. yarınmaq üçün təkliflər edir. Xəzinənin boş olduğunu və təhlükəli mərhələdə olduğunu anlayanda susurlar.

Padişah əmr edir ki, “gedin elə bir sənəd hazırlayın ki, o sənəddən razı qalım və gələcək 20 il üçün inkişafımızı görüm. Amma gopa basmayın ha. Elə sənəd yazın ki, reallaşdırmaq olsun.” Elə sənəd hazırlamayacaq və onu icra edə bilməyəcək şəxsləri isə işdən çıxaracağını xüsusilə vurğulayır. Bizim başbilənlərimizdə elə bir sənədi hazırlayacaq baş olmadığından o sənədi xaricilərə yazdırırlar “Strateji yol xəritəsi” adlı sənədin düz 112 səhifəlik mətni və əlavəsi olur. Hakimiyyət nümayəndəsi olan media bu sənəd təsdiq edilən kimi onu yayır ki, hər 3 təbəqənin rəyini öyrənsin. Başı çıxanlar da, çıxmayanlar da, onu oxuyur. Kimisi inanır ki, gerçək olacaq, xilas yoludur. Kimisi isə inanmır, çünki bu ölkədə hər sənəd yaxşı yazılır, mükəmməl olur, icra edəni olmur, yəni icra edə bilmirlər deyə, icra edilmir, həm də icra edilməsi xeyir etmir deyə, icra edilmir.

Padişaha bu sənədi gətirəndə, o, çox sevinir, razı qalır, ən azı çünki 10 illik plan və keçmiş vəziyyət təhlil edilir, proqnozlar verilir. Elə təkliflər verilir ki, oxuyan elə bilər ki, Absurdistanın dövlət televiziyası olan tv-nin göstərdiyi səfalət içində yaşayan, dağılmış qərb ölkələrinə düşəcək, uşaq kimi sevinirlər ki, nəhayət ki, kimsə bizi xilas edəcək.

Ay-hay…

Vay-vay hələ qabaqdadır. Çünki onu icra etməyə nə xəzinədə pul var, nə pullar əvvəlki kimi su kimi axmır xəzinəyə, nə də ki, başbilən kadrlar var. Çünki başbilən kadrların hamısı bu absurd, analoqu olmayan ölkədə yaşaya bilməyəcəklərini çoxdan anlamış insanlar imişlər və vaxtında başlarını götürüb qaçmışlar.

Padişah sənədi oxuyub bitirəndən sonra soruşur ki: Yaxşı yazmısınız, bəs o pulu haradan tapacaqsınız?

Xüsusi vergili bir adam deyir ki, “o işi mənim öhdəmə buraxın, məndə olan ideya və vergili təkliflərlə elə gəlir gələcək ki, xəzinəyə, hələ “çox sağ ol” deyəcəksiniz”

Gömrükdən hər şeyin absurd yollarla  keçirilməsini məhdudlaşdıran, yazdığı məcəlləni danan, amma necəsə xəzinə pullarının çıxarılmasına göz yuman gömrükçü başbilən də deyir ki, ay vergili dostum, sən vergini yüklə, mən də gömrüklə sıxım, yığılan pulları bir daha yığaq ki, xəzinədən savayı, daha iki belə xəzinəni dolduraq.

Bu zaman xəzinə işinə baxan şəxs deyir ki, “görün neyləyirsiniz, gümanımız sizədir”

Heç vaxt səsi çıxmayan baş başbilən isə “Əla, pakizə, razıyam” deyir, məclisi və iclası yola verir.

Hamı pul çapedən və pula görə məsul olan baş bankçıya baxır, o da anlayır ki, bu da xətirləri əziz olan insanları necəsə dəstəkləməlidir: “Deyir ki, əvvəllər, maliyyə bazarı və institutları məndə idi, nəsə edirdim, indi məndə deyil, günah məndən getdi, amma nə təklif etsəniz, dəstəkləyəcəyəm” deyib, pası ötürür, yeni yaradılmış absurd ölkənin analoqu olmayan maliyyə bazarlarına nəzarət qurumunun rəhbərinə. O, da cavan olsa da, min vergili, gömrüklü, pullu adamı suya aparıb susuz gətirə bilər. Sözə dəstək üçün deyir ki, “Pulu yığmaq o mənim böyük gözlərim üstə, qəpiyindən tutmuş kağız pulunadək yoxsulların əlində nə varsa, alacağam”.

Olmayan absurd və analoqsuz iqtisadiyyatın qeyri-neft sektorunu necəsə inkişaf etdirən iqtisadiyyata cavabdeh şəxs isə deyir ki, “xaricdən pulu cəlb etmək də mənlikdir.” Bu müəmmalı işə görə hər ay ən azı iki ölkənin biznesmenləri bir araya gəlməliymiş.

Özləri yoxsul olmadığından və varlı təbəqəni dəstəklədiyindən, yenə olan yoxsullara olur. Yenə yoxsullara soxurlar, sözü də, pazı da, cəriməni də, gömrüyü də, vergini də…

Hə, az qala unutmuşdum, göydən üç alma təpəmizə düşməmiş, bu ölkədə yoxsulların sayını hər cür azaltmağa çalışırlar. Ya ölkədən getməsinə şərait yaratmaqla, ya da acından qırmaqla. Çünki yoxsul təbəqə çoxluqdur, çünki çoxluq p….dur onun üçün, artıq zibildir.

Ona görə də gah qaralmış neftçilər batır, gah bir hündürmərtəbəli bina yanır, gah da azğınlaşıb bir-birini qırırlar. Varlılar isə kənardan baxıb sevinirlər.

Bir də ki, torba tikirlər, peşəkarcasına, bir də qazmaqla araları yaxşıdır.

Nə torbamı tikin, nə də ayağımın altını qazın.

Elə bilərsiniz, Azərbaycandan yazmışam?! Tövbə! Adını yazmışam axı, söhbət Analoqu olmayan Absurdistandan gedir.


Dəhşətizm-Absurdistanın dəhşətləri… (kiçik, satirik nağıl) 18+

Biri vardı, biri yoxdu:

Bir gün bir filosof, alim, yazıçı, tənqidçi bütün məkan və məmləkətləri gəzməyi qərara alır. Onun çıxdığı məkanın şərqdə yerləşdiyini nəzərə alıb, ilk yolçuluğunu yaxın şərq ölkələrinə etməyi qərara alır. Yola çıxanda, bilmirdi ki, çıxartmaq istədiyi kitab üçün mövzu və yazı ideyalarını məhz bir məkanda tapacaqdır. Sonra yazdığı o kitab məşhur olacaq və bestsellərə çevriləcəkdir. Sağ olsun, Absurdistan!

Amma onu da bilmirdi ki, bu məkana gəlməyinə həm də peşman olacaq, daha doğrusu peşman edəcəklər.Sağ olsun, Absurdistandakılar!

İlk daxil olmaq istədiyi və çətinliklə daxil olduğu məkan Absurdistan olur, analoqu, ataloqu olmayan, rəqəmsal, kosmopolit məkan. Bir ili multimədəniyyətə, bir ili məhz bir dinin  həmrəyliyinə həsr edilmiş, olmayan gənclik, turizm, kənd təsərrüfatı illəri də olan və ortalığa bir şey çıxmayan layihələrlə dolu bir məkandır bura.

Elə sərhəddəcə onu sorğu suala tuturlar ki, üstündə nə qədər pulun var, nə gətirirsən, o olmaz, bu nədir, bu olmaz. Əlindən yazığın hər şeyini alırlar, qalır bir özü, bir də əynindəki paltarı. Yalvarıb yaxarır, təsir göstərə bilmir. Axırda əlindən alınan pulun yarısını verir ki, əşyalarını geri ala bilsin. Öz əşyalarını onun özünə satan əməkdaşlar, vətəndaşlar sevinirlər ki, məkana yeni lox gəlir. Ura! Biri digərinə deyir, o biri digərinə. Beləcə, həmin şəxs haqqında bütün məkan xəbər tutur ki, yeni və sadəlövh lox gəlir, əsl loxlanasıdır.

Yolla gedəndə, bərk acır, özüylə götürdüyü yeməyi sərhəddə əlindən almışdılar deyə, yeyib-içməksiz qalır. Məcbur olur ki, bir yer axtarıb yeyib-içsin. Yaxınlaşır yolkənarı bir əminin kafesinə. Orada bir buna baxırlar, bir geyiminə. Söhbət zamanı biləndə ki, həmin xarici qonaq məmləkətlərində ad qazanmış, məşhuri-cahan loxdur, sevinir ki, bəxti nəhayət ki, onun üzünə gülür. Hə, görəndə ki, pulu xarici valyutadır, qeyri-iş günüdür, qaqaşa deyir ki, bəs banklar işləmir, mübadilə məntəqələri bağlanıb, pulunu qara bazarda dəyişə bilərsən. Orada bir tanış adam var, sənə sərfəli qiymətə valyuta dəyişər. Çox başınızı ağrıtmayım, həmin kafe sahibi dostuna zəng edir, qara bazara bənzər bir yerə aparır xarici qaqaşı, nəyi var, loxlayıb, dəhşətizm dərəcəsində onu məzənnə fərqində aldadırlar, soxurlar, ikisi də xaricidən qopardıqları xarici valyutanı öz aralarında bölüşür. Xaricini aparır öz kafesinə ki, bəs qonaqsan, bizim məkan qonaqpərvərdir, nə istəyirsən sifariş et, pulun yarısını ödə. Menyu gətirirlər. Menyu da ki, 3 il bundan əvvəl çap edilmişdir, köhnə qiymətlərlə, qonaq yeyib, içir, pul ödəmək vaxtı gələndə, hesablayır ki, nə qədərdir hesab, onun yarısını ödəyəcək. Kafe sahibi isə deyir ki, bu 3 il bundan əvvəlki qiymətlərdir, məmləkətdə 2 dəfə devalvasiya olub, inflyasiya da elə sürətlə qaçır ki, qiymətləri dəyişməyi çatdıra bilmirlər. Əlavə xərc olmasın deyə, yeni menyu çap etmirlər. Məntiqli izah və üzücü xəbərdən sarsılan xarici kafe sahibinə onun dediyi və guya ki, endirdiyi qiymətə hesab ödəyib çıxır. Tövbə edir ki, bir də kiməsə inanmayacaq, amma yenə də aldanılacağını hələ bilmir.

Öz özünə düşünür ki, kitab yox, ensiklopediya, seriyalarla kitab buraxa biləcək, bunun üçün yetərincə yol qeydləri, müşahidələri olacaq. Hələ bir gün deyil ki, həmin məmləkətdədir. Artıq yazılası o qədər mövzu vardır ki, gedib bir kənarda skamyada oturub çantasından bloknot və qələmini, fotoaparatını çıxardır, nəsə yazmaq, fotoaparatı ilə şəkillər çəkmək istəyir ki, başının üstünü absurd 3 qaqaş alır və başlayır sorğu-sual etməyə ki, kimdir, nəçidir, niyə burada oturub məkan əhəmiyyətli yerlərin şəklini çəkir, nə yazır? Aparırlar absurd bir bölməyə, sənədlərinə baxıb, həmin loxun olduğuna əmin olurlar, deyirlər ki, məmləkətə icazəsiz giriş edib, fotoaparat, mobil telefonunu məmləkətdə qeydiyyatdan keçirtməyib, bloknot və qələmi isə hələ ki, onlarda qalacaq ki, tərcüməçi tapıb mətni tərcümə etsinlər, əgər siyasi nəsə tapmasalar, qaytaracaqlar, bu isə ən azı bir həftə vaxt aparacaq. Xaricinin canına vəlvələ düşür, maraqlanır ki, necə bu işi tez həll etmək olar?! Buna başa salırlar ki, bəs rəis gəlsin, onunla danış, həll et, o nə desə, onu etsin, yoxsa, deport edəcəklər və əşyaları da qalacaq bölmədə, əlbəttə ki, əşyalarını öz aralarında bölmək niyyətləri var idi, son model planşet, qızıl suyuna çəkilmiş qələm, son model mobil telefon, noutbuk, daha nələr, nələr… Gözlərinə işıq gəlmişdi. Hələ portmanesində olan qızıl plastik kartlar, nağd xarici valyuta. Onlar bu dəbdəbəni son zaman son xarici loxu loxlayanda görmüşdülər. Bu isə ən azı 1 il öncə olmuşdu. Rəis gəlir, razılaşırlar, məcbur olur ki, bahalı nəsə hədiyyə etsin, beləcə ona xas olanları geri ona verirlər, hamısına hörmət edə-edə, çıxır bölmədən. Hələ bölmədəkilər zarafatla söz atırlar ki, “yaxşı adama oxşayırsan, yolunu gözləyirik, bizi darıxmağa qoyma”.

Sevincək olub şəhərə çıxır ki, bilet alıb avtobusa minsin, yaxınlaşır avtovağzala. Avtovağzalın əməkdaşı onun aksentindən dərhal həmin adamın xarici loxun olduğunu bilir, bileti hamıya 3ə satırdısa, ona 9a satır, xarici giley edəndə, 3 dildə yazılmış elanı göstərir ki, absurdistanlı cücələrə pulsuz, böyüklərə 3ə, xaricilərə 9a. Xarici məcbur olaraq, razılaşıb, bileti alır. Məqsədindən dönmək istəmirdi. Əksinə, başına şnə gələcəyini öyrənmək istəyirdi. Bileti ona vermirlər ki, gəlib sürücüyə özləri deyəcəklər. Belə ki, xaricinin burada qeydiyyatı yoxdur, vizasını isə ancaq məmləkətin baş kəndində ala bilər. Avtobusa minir. Avtobusda avtobusdan istifadə qaydalarını diqqətlə dinləyib, dəhşətə gəlir və ilk qeydini etməyə və kitabını yazmağa başlayır. Adını isə “Dəhşətizm” qoyur.

Avtobusda yanında bir dəhşətli absurd vətəndaş oturur, biləndə ki, yanında oturan xaricidir, başlayır dəhşətli şəkildə xarici dildə danışıb özünün dəhşət insan olduğunu gözə soxmağa. Susdurmaq üçün ancaq ya stop düyməsini tapmaq, ya da pul vermək lazımdır. Hələ bu harasıdır. O, tək deyil, özü kimi dəhşətlərdən ibarət absurd ailəsi və uşaqları var. Özü qeyd etdiyi kimi dəhşət və əjdaha kimi uşaqları, od parçaları.

Xaricini qulağına taxdığı qulaqcıq və dinləməyə çalışdığı musiqi belə xilas edə bilməzdi. Dəhşət dilənəndə, başlayanda, dayana bilmir axı. Dəhşətlər belə analoqu olmayandır.

Xaricinin gözünün odunu necə almışdılarsa, əşyalarından bərk-bərk yapışmışdı, yuxulu və yorğun olsa da, yatmamağa çalışırdı ki, olan-qalanını itirməsin.

Danışmırdı ki, bəlkə bu dəhşət insan nə vaxtsa, amansızcasına susar. Özü həm də susurdu ki, özünü zibilə salmasın.

Bu dəhşət isə məmləkətindən tutmuş var-yoxuna qədər hər şeydən danışdı, gah şikayət etdi, gah təriflədi, bir-birinə zidd sözlər dedi, özü-özünü inkar etdi, özü danışıb özü eşitdi.

Uşaqları da genetik amilin təsiri altında oxşamışlarına oxşamışdı, sakit dayanmaq, ictimai yerdə özlərini aparmağı bacarmırdılar ki… Bu da azad tərbiyə… “Dəymə, amandır, uşaqdır uşağım” prinsipiylə tərbiyə edilmiş dəhşətli od parçaları idi. Kimisi bərkdən qışqırır, kimisi ağlayır, kimisi xaricinin saçlarını, saqqalını dartır, gözünü çıxartmağa çalışır.

İndi isə onun gəldiyi məmləkət haqqında bir az məlumat verim:

Gəldiyi məkanın adı Absurdistandır, analoqu olmayan Absurdluların məkanı… Böyüyündən kiçiyinə kimi əhalisi absurdlulardan ibarətdir. Absurd olmaq istəməyənlər isə analoqu olan məmləkətlərə üz tutur, özü də ki, düz gedirlər ha, geriyə baxmadan, dönmədən, ailəvi.

Analoqu olmayan, absurd məkanın təməli dəhşətizm daşlarından hörüldüyündən, adamları da dəhşətdir, hadisələri də. Burada vardı dəhşətlər, yoxdu dəhşətlərlə mübarizə aparan pəhləvan və igidlər.

Burada o qədər dəhşətlər baş verirdi ki, dəhşətli mediası belə onları tez-tez yeniləyə bilmirdi, çatdırmırdı. Hər günə ən azı 10 yeni dəhşət mövzu gəlirdi.

Burada ən sevimli məşğuliyyət qeybət etmək, ictimai müzakirə və qınağa mövzu tapmaq, mübarizə hərəkatı yaradıb, üzvləri cəlb etməkdir. Bu da bekarçılıqdandır. İş-güc sahibi olan insanların belə şeylərə vaxtı hardandır ki?!

Baş kənddə:

Baş kəndə çatanda, xarici lox qaqaş avtobusdan düşməyə tələsdi, yerdə olanda elə sevindi ki, ateist olduğunu unudaraq, “Allahına şükür etdi”. Hər şərdə bir xeyir var, bu məmləkətin sayəsində qatı ateist haqq yoluna könüllü olaraq gəlmişdi. Bu isə bir inkişaf, tərəqqidir. Amma tələsməmək lazımdır, yavaşlamaq lazımdır. Yoxsa, yerli absurdlular hiss edər ki, kənar şəxsdir, yenə bir hoqqa çıxardarlar. Hamı kimi olmalıdır ki, yerli olmadığını kimsə hiss etməsin. Buna görə də qısa zaman ərzində diqqətli olmalı, çoxlu müşahidə etməli və absurdluları öyrənməli idi.

Təəccüb etdikcə, öyrənməli, öyrəndikcə, tətbiq etməli, tətbiq etdikcə, onlar kimi olub, dəyişməli idi. Bu iş üçün lazım idi. Bunu etməliydi. Bu məmləkətə girdisə, buradan çıxmaq da lazımdır. Çıxmaq üçün isə bir müddət başını girləməlidir.

Dəhşətizmlə bağlı qeydlər:

Burada insanlara xas nəsə yoxdur, özünə xas nəyinsə olduğunu düşünən insan yanılır, çünki istənilən birisi onu borclu çıxarda və ona xas olanı əlindən alıb, geri ona müəyyən bir qiymətə sata bilər.
“Hamı yerli mal alsın. xeyir vətənə qalsın” pıinsipiylə kim kimə nəyi bacarırsa, soxur, ələxsus da, əgər yerli deyilsənsə, hələ təzə cücərmiş otsansa, səni alaq otları kökləri ilə sarıyıb, məhv edəcək, özün saralıb solacaq, çürüyəcəksən. Ona görə hamı kimi alaq otu olmaq və qəmiş olmağı öyrənmək lazımdır.
Zibili zibil qablarına deyil, hara gəldi atmaq olar, qazonda gəzmək olar.
Yoldan keçən hər kəsə yaxınlaşıb söz atmaq olar. Nə badə yerli birisi kiməsə söz ata, absurdlular bir olmadıqları halda, bu zaman həmrəy olub basıb onu döyəcəklər və “ne pravsan, pravam”söhbətini edib, onu absurd ittihamlarla bölməyə sürükləyəcəklər.
Absurd ittihamlarla kimin kimdən xoşu gəlməzsə, ona “reket və ya xalq düşməni” damğasını vurub şərlədəcək, mələdəcək. Bu terminlər bu əcnəbi üçün yeni idi, çünki onun məmləkətində belə şeylər yox idi.
Kimin hansı kişi və ya qadından xoşu gəlirsə, dərhal absurd və analoqu olmayan “podxod” üsulu ilə girişir, s…, sonra da “otval” verir, müzakirəyə çıxardır, elə bil ki, bəhsəbəsdir, kimdə neçəsi olub, kimlər olub. Hamısında da bir neçə xəstəlik var, bir-birilərini yoluxdura-yoluxdura inkişaf edirlər.
İctimai nəqliyyat, ələxsus metro və Bakubusda onlardan istifadə qaydalarını və qadağaları dinləyəndə, anlayırdı ki, necə bir absurd cəmiyyət və insanların içinə düşüb.
Hər şeydən pul çıxartmağı, insanlara soxmağı, pazlamağı, loxlamağı sevən bir insanların çoxluq təşkil etdiyi bir məktəbdə imtahan verməli olduğunu da anladı.
Absurd uşaqlar və gənclər yetişir, tərbiy, kitab, təhsil üzü görməyən bir nəsil yetişir və hər kəs də bu nəsillə fəxr edir.
İnkişaf etmək əvəzinə, geriyə gedir, bundan da çox razıdırlar.
Elə bir dərəbəylik var ki, insanlar rahatca qaydaları, qanunları pozurlar. Söyüş və təhqirlərin biri-bir qəpiyədir.
Bazar və marketlərdə, xidmət sahəsi obyektlərində, mənzil bazarında, hər yerdə qiymətlər elə bir kosmik həddədir ki, tut ucundan qalx addım-addım qalaktikaya doğru və Allahına yaxınlaş.
Növbə mədəniyyəti, gözləmək, mədəni ünsiyyətdən məhrudurlar.
Hər şeyə görə icazə almaq lazımdır, yoxsa cərimələnmək ehtimalın artır.
Azlıq susur, çoxluğa tabe olduğunu göstərir ki, necəsə sağ qalsınlar.
Öz inanc və dinləri var, guya multimədəni və tolerantdırlar, amma başqa din və ya inanc, millət sahibi görəndə, kimsə seçiləndə radikal yanaşıb, onu daşa basırlar.
Biri digərinin şəxsi işinə və şəxsi həyatına müdaxilə etməyi sevir, hələ ictimai müzakirəyə də qoyur.
Bir-birilərinin beyinlərini yumağa və əsəblərini korlamağa yaman həvəslidirlər, bir-birilərinin sevinclərinə, uğurlarına sevinə bilmir, kədər və uğurusuzluqlarına isə sevinirlər.
Buranı elə üstən bəzəyib, yamayıblar ki, elə bilərsən ki, cənnətə düşmüsən.
Kommunal xidmətlər elə gündədir ki, dəhşətə gəlməmək günahdır.

Комментарии