Şahin Sahibzadənin “İnsanlıq axtarışında” adlı sorğu lahiyəsində qonaq kimi…

Adınız, soyadınız, doğum tarixiniz, ixtisasınız, peşəniz və ya fəaliyyətiniz?

Ailəniz və ya valideynləriniz haqqında qısaca məlumat verərdiniz zəhmət olmasa.

AAS: Günel Fərhad qızı Eminova  (Hakimxocayeva)



Doğum tarixi və yeri: 28 iyul 1983-cü il, Bakı şəhəri



İxtisas, peşə, fəaliyyət:İqtisadçı, maliyyəçi, risk və sərmayə meneceri, təlimçi, maliyyə məsləhətçisi, bloqçu, yazıçı, tənqidçi, satirik.



Atam: Eminov Bayram Fərhad Bayram oğlu, ali təhsilli, iqtisadçı, coğrafiyaşünas, dosent, baş müəllim.

Anam: İbrahimova Müşkinaz Qəmbər qızı, ali təhsilli, iqtisadçı, coğrafiyaşünas, evdar qadın, təqaüdçü.

Qardaşım: Eminov Fuad Fərhad oğlu, ali təhsilli, hüquqşünas, mobil operator şirkətində baş hüquq məsləhətçisi, bloqçu, yazıçı, tənqidçi.

Həyat yoldaşım: Hakimxocayev Firdavs Nəcməddin oğlu, ali təhsilli, iqtisadçı, informasiya texnologiyaları üzrə mütəxəssis, proqramçı, şəbəkə inzibatçısı.

Qızım: Hakimxocayeva Safiyabanu Firdavs qızı, 6 yaşı var.



Həyatda hər kəsin bir missiyası vardır. Sizcə sizin missiyanız nədir?
Əsas missiyam insan olmaqdır və özüm üçün müəyyən etdiyim əsl insana xas olan prinsip və cəhətlərimlə yaşamaq, əsl insan olmaq və insanlara insan olduqlarını yada salmaq, nöqsanları görüb tənqid etmək, cəsarətli olub yazmaq və iqtisadiyyatımızın inkişafı üçün əldə etdiyim bilik və təcrübəmi tətbiq edərək işlər görmək və dövlətim, vətənim üçün layiqli vətəndaş olmaq, övlad kimi, ana kimi, bacı kimi insanlığımı qorumaqdır. Bunu səmimiyyətimlə etməkdir. İnsanlar baxıb, müsbət nəsə, uyğun nəyisə götürüb, tətbiq etsinlər.



Mentalitet qanunları ilə yaşamağı qəbul edirsinizmi və sizcə bu nə dərəcədə doğru və nə dərəcədə yanlışdır?
Mental qanunları qəbul etmirəm və bu qanunlarla yaşamıram. Mental qanun bir qəfəsdir və azadlığı, insanların fərdiçiliyini əlindən alır. Mentallığı insanların sanki bir zavodda eyni məhsul kimi istehsal edilərək satılmasına bənzədirəm. Mən özümü məhsul hesab etmirəm və bazarda satılmıram.



Bu günki dünya siyası qanunlarla idarə edilir və hər şey göz qabağındadır. Əgər dünya dini qaydalarla idarə edilsəydi, daha fərqli bir nəticə olardımı? Siyasi və dini idealogiyanızı bilmək istərdik. Hər iki idealogiya barədə təklifləriniz və iradlarınız varmı?
İdarəetmə qanunları dedikdə, idarəetmə silahını nəzərdə tuturam. Bu silah siyasət, dünyagörüşü, dinlə, sosial baxış və mental, yazılmamış qanunları özündə ehtiva edir. Din özü bir siyasətdir. İdarəetmə siyasəti. Dini baxışım deizmdir. Dinin hakimiyyətə gəldiyi ölkələri və cəmiyyətləri görürük. Mən istəyirəm bütün millətlər həmrəy olsun. Sərhədlər, ayrıseçkiliklər, hakimiyyət, siyasət, din, siyasətçilər olmasın. Hamı həmrəy və mehriban olsun. Hər kəs öz müqəddəratını öz vicdanı və insanlığına, mənəviyyatına əsasən həll etsin.



Daxilinizdə yaratdığınız ideal obraz kimdir və nələrə qadirdir?
İdeallarım yoxdur. İdeallar özünə təsəllidir. İdeal sadəcə bir məqsəd kimi ola bilər. O da ki, fərdi inkişaf prosesi üçün lazım ola və istifadə edilə bilər. Yoxsa ki, konkret ideallaşdırma, şəxsiyyətə pərəstişə yaxşı baxmıram. Nə mən ideallaşdırıram kimisə, şəxsiyyət kimi ilahiləşdirirəm kimisə, nə də ki, məni kiminsə ideal, şəxsiyyət, ilahi kimi varlıq qəbul etməsini istəyirəm.



Kitab oxumağı sevirsinizmi və hansı bədii əsərləri oxumusunuz?
Kitab oxumağı çox sevirəm. Kitab beyin və ağıl üçün bir qida vasitəsidir. Qidanın sağlam olmasının tərəfdarıyam və ona görə də hər bir qida növünü xüsusi parametrlərə əsasən seçirəm. Kitab mənə bilik, təcrübə verməli, nəsə öyrətməlidir. Kitabları sayı çox olsun deyə, evimə gələnlərin gözünə soxmaq üçün almıram. Netbukumun 200 GB yaddaşının 30 GB-nı elektron kitablar, evimdəki şkaflarımın rəflərinin 40%ni kitablar zəbt edib. Kitab məni cəlb etməlidir. Müəllif də mənə cəlbedici olmalıdır.



Sizcə kişinin (qadının) ən gözəl hissi hansıdır?
Əsl insan olması və sevib-sevilməsi. Ağlının, sağlamlığının, sağlam ruhunun, qəlbinin, cəsarətinin, vicdanının olması ilə ahəngdar yaşaya bilməsi. Özü üçün azad yaşaya bilməsi və buna görə xoşbəxt olmasıdır.



Etdiyinizə görə vicdan əzabı çəkib unuda bilmədiyiniz səhviniz və ya günahınız?
Vicdan olanda insan istənilən hərəkət və qərar, sözünə görə əzab çəkə bilər. Əsl insan olan hər kəs öz qərarlarını özü verəndə, tərəddüd keçirdə bilər. Qızımı anasız qoymağım, anamı isə qız övladından-övladından və nəvəsindən məhrum etməyimi bəlkə günah saya bilərəm.



İnsanlarımı unutmaq daha asandır, yoxsa hadisələri?
Unutqan deyiləm. Nə yaxşını, nə pisi, nə dünəni, nə bu günü unutmuram gələcəyim naminə. Çünki unutqanlıq bilik və təcrübəni unutmaqdır. İnsanları unutmuram, sadəcə müəyyən parametrlərə əsasən həyatımdan birdəfəlik silirəm.



Cəmiyyətmi insanı, yoxsa insanmı cəmiyyəti formalaşdırar və bu geniş mövzuda qısaca olaraq əsas hansı xüsusiyyətlərə toxunmaq istərdiniz?
İnsan cəmiyyəti formalaşdırar, sonra cəmiyyət müəyyən alət və silahlarla fərdi və ya insanı vurar, təsir edib şəxs kimi formalaşdırar. Güclülər bu təsir və təzyiqlərə məruz qalmır. Zəiflər isə deqradasiyaya uğrayır və qarışır axına və axında itib batır. Hər kəs özünü dərk edə bilsə, özünü öyrənməyə, tanımağa vaxt ayırsa, öz üzərində işləyib inkişaf etməyə can atsa, təsirə məruz qalmaz, əksinə təsir göstərər.



Çox varlı biri olsaydınız pulunuzu nələrə xərcləyərdiniz?
Təhsil almaq əvəzinə küçədə işləyən azyaşlı uşaqları təhsilə cəlb edərdim. Daha sonra gələcək təhsil və işə düzəlmələri üçün imkan yaradardım. Hazıra nazir olmasınlar. Əməyə öyrəşsinlər. Amma təhsil daha önəmlidir.



Yanlışlarınızı bilə-bilə etmisinizmi, yoxsa həyatmı məcbur edib sizi və ya tam əksinə, hər şey bilmədən, hiss etmədən yaşanıb sadəcə?
Mən planlaşdırılmış şəkildə hərəkətedirəm və qərarlarımı özüm verirəm. Bəzən bilərəkdən səhv etmişəm, bəzən həyat məcbur edib, bəzən həyatı məcbur etmək üçün etmişəm. Bəzən isə bu yanlışın olması zəruri olduğundan etmişəm. Çünki səhvlər özü bir bilik və təcrübə qazanmağa yardım edir.



Bu günə qədər yaşadığınız həyatı, yaşadığınız mühitə, yaşadığınızdan daha da yaxşı yaşamaq olardımı, bunun üçün nə kimi imkanlar və şanslar var idi?
İstədiyim və seçdiyim həyatı yaşayıram, ancaq ailəmə görə bəzi şanslarımı buraxmışam, məsələn, xaricdə təhsil və işləmə imkanını.



İnsanı ailə tərbiyə edər, lakin düşdüyü mühit formalaşmsına birbaşa təsir göstərər və zaman-zaman insan yaxşı və pis mühitlərdə olmaq məcburiyyətində qalar. Bilmək istərdik, hansı mühitlərin təsiri altında qalmısınız və bu məcburiyyətin sizə pis və ya yaxşı ölçüdə nə kimi təsiri olmuşdur, bu yolda kimlərlə və nələrlə mübarizə aparmısınız?
Tərbiyədən öncə insan üçün önəmli amil gendir. Genində nə varsa, gec-tez üzə çıxacaqdır. Sonra tərbiyə və düşdüyü mühitdir. Güclü və iradəli insan düşdüyü mühitin təsiri altında qalmır. Yaradıcılıq və yazıçılıq, bloqçuluq, eləcə də işimlə bağlı olaraq hər iki mühitdə olmalıyam, bu bir zəruriyyətdir. Hansısa mövzudan yazmaq, hansısa işi görmək üçün o mühitin içinə düşməlisən, özün şahidi olmalısan. Eyni zamanda, burada olma niyyət və məqsədini də unutmamalısan. Mübarizəm təkcə fərdlərlə deyil, ümumi mühitin özü və bu mühiti formalaşdıran amil və səbəblərlədir. Xəstəni müalicə etmək üçün diaqnoz qoyulur, ağrının mənbə və səbəbi tapılır. Daha sonra müalicə növü seçilir. Mühit də belədir. Yaxşı mühit sağlamdır, pis mühit isə xəstədir. Pis mühitin hər bir xəstə kimi müalicəyə ehtiyacı vardır.

Sizcə, insan öz taleyini özümü yazar, yoxsa hər şey öncədən yazılmış ssenaridir?
İnsan əgər həyatını dəyişə bilirsə, öz qərarları ilə nələrinsə baş verməsinə və ya baş verməməsinin qarşısını alınmasına səbəb olursa, deməli özü yazır. Hər kəs öz həyatının yaradıcısıdır. İstədiyi kimi də ssenari yaza və istədiyi zaman ssenarini dəyişə və yeniləyə bilər.

Bəs qismət varmı və bu anlayışı necə başa düşürsünüz?
Qismət özünə təsəllidir, özünü aldatmaqdır. İnsan nəyisə istəyirsə, boş oturub gözləməməlidir. Can atmalıdır. Nə üçün kiminsə hər şeyi var, kiminsə heç nəyi yoxdur. Vaxt hər kəs üçün eynidir, 24 saat. Çünki bəzi insanlar vaxtlarını düzgün idarə etmir və məqsədlərini düzgün müəyyən etmir, səhv yol seçir və ya hədəfə doğru özü getmir, kimisə və nəyisə gözləyir. Bəzi insanlar isə işləyir, yorulur, can atır, özü özü üçün nələrisə əldə edir. Uğursuz insanlar hər şeyi qismətin üzərinə atar. Uğurlu insanlar isə öz qismətlərini özləri qazanar.



Məsləhət almağamı üstünlük verərsiniz, yoxsa elə öz bildiyiniz sizin üçün ən doğrusudur?
Mənim həyatımı və istəklərimi, dünyamı məndən yaxşı kimsə bilə bilməz. Məsləhət almağı sevmirəm, sadəcə mənə dəyərli olan insanların fikirlərini bilmək maraqlı olar. Adətən atamın fikrini önəmli tuturam və müəyyən seçim və qərarlarımda nəzərə alıram. Öz bildiyim daha doğrusudur. Kimsə mənim yaxşılığımı məndən yaxşı bilə bilməz. Məsləhəti özgüvəni aşağı olan adamlar alır, həyatlarını məsləhət üzərində qurub, nəyəsə nail olmayanda, işləri düz gətirməyəndə, kimisə ittiham etmək və günahkar bilmək üçün məsləhətçi axtarırlar. Mən məsləhəti ancaq peşəkar sahə və ya ixtisasımla bağlı verirəm, o da o halda ki, həmin insan bu sahə üzrə maariflənməmiş olur. Kiməsə özəl məsləhət vermirəm ki, mənə də kimsə öz məsləhətlərini sırımasın.



Çətinliklər gəlib sizi tapar, yoxsa sizmi çətin olanı seçərsiniz?
Çətinlikləri mən seçirəm. Bu həyatda mən seçirəm, birinci seçim məndədir. Mən seçdiyim məni seçərsə, ahəngdarlıq olur, əməkdaşlıq olur, müsbət nəticə olur. Asana doğru getməmişəm, asan əldə edilən hər bir şeyin dəyəri bilinmir və tez itirilir. Çətinlik isə insanın xarakterini, iradəsini formalaşdırır, möhkəm, mübariz edir və nəticənin, əldə etdiyinin dəyərini bilməyə, qoruyub saxlamağa sövq edir.



Həyatda, qərar verməkdə çox çətinlik çəkdiyiniz, iki insan və ya iki seçim arasında qaldığınız anlar olubmu heç? Mümkünsə xatırldığınız anılar varsa paylaşardınız.
Həyatımda iki dəfə belə seçim qarşısında qalmışam. İlk olaraq, tərəzinin bir gözündə ailəm-valideynlərim, vətənim, karyeram olmuşdur, digər gözündə öz ailəmi qurmaq dayanmışdır, o zaman emosional olub, öz ailəmin qurulmasının xeyrinə seçim etmişdim. 3 ildən sonra eyni vəziyyət yarandı, tərəzidə vətən, valideynlər, karyeranın çəkisi daha ağır oldu, onu seçdim.



Sizə görə qarşı cinsin nümayəndəsi necə olmalıdır və hansı xüsusiyyətlərə sahib olsa diqqətinizi cəlb edib, sizin maraq dairənizə çevrilə bilər?
Ağıllı, savadlı, işgüzar, zarafatcıl, mehriban, öz işini sevən, tələbkar və məsuliyyətli olmalıdır. Sağlam həyat tərzini və sağlam qidanı seçməlidir.



Sevgi rəngarəng hissdir və siz onun ən çox hansı rəngini sevirsiniz?
Qırmızı və yaşıl. Qırmızı çılğınlıq, ehtiras, od ünsürü olduğundan, yaşıl isə təbiət ünsürü olduğundan.



Əslində kim olmaq və hansı həyatı yaşamaq istərdiniz?
İndiki kimliyim məni qane edir. Çünki bu kimliyimi və bu həyatımı mən özüm etmişəm. İnsan özü seçib, qərarlar verəndə, daha çon özünə əmin və xoşbəxt, azad olur.



Əlbətdə, həddi aşmaq və insanlıq çərçivəsindən qırağa çıxmaq halları istisna olmaqla, sizə qarşı səhv etmiş birinə rəhmlimisiniz və bağışlamağı bacarırsınızmı?
Səhv etmiş birisi dedikdə, təhlil edərəm, tərəzidə onun əməllərini çəkərəm, əgər mənə qarşı doğruları tərəzidə ağır gələcəksə, barışaram, amma xəbərdarlıq edərəm ki, bir daha təkrar etməsin. Əgər tərəzidə səhvləri daha ağır çəkiyə malik olarsa, bağışlasam da, silərəm onu həyatımdan.

Bağışlayıb bağışlamamaq insana xas cəhət deyildir. Yaradan bağışlayırsa, insan da bağışlamalıdır. Bir də bir insan özünə arzu etmədiyini başqasına arzu etməməlidir. Yəni sən əgər səhv etmisənsə, peşmansansa, üzr istəmisənsə, səhvini dərk edirsənsə, səni bağışlamır və şans vermirlərsə, o zaman pis vəziyyət alınar ki, bu cür vəziyyətdə olmaq istəmərəm. Ona görə insanı dinləməyə və anlamağa hazıram. O vaxtadək ki, bundan qarşı tərəf sui istifadə etməsin.



Vəziyyətdən asılı olaraq qərarları ani şəkildə verərsiniz, yoxsa düşünüb, araşdırıb daha ədalətlə nəticə çıxarmağa çalışarsınız?
Ani qərarları sevmirəm, ani qərarlar daha çox səhvlərin olmasına gətirib çıxardır. Düşünməyi, təhlil etməyi, araşdırmağı sevirəm. Mənfi və müsbət tərəflərini tərəzidə çəkirəm.



Hansı ölkədə yaşamaq istərdiniz və səbəbi?
Almaniya, İngiltərə və Yaponiyada. Çünki bu ölkələrin maliyyə məktəbləri güclüdür və xarakterimə uyğundur                                                 bu ölkələrin cəmiyyətinin üzvlərinin xarakteri.



Sizcə uğur qazanmağın yolu nədir və nə etsək gələcəyimiz daha gözəl və parlaq olar?
Hər kəsin ilk olaraq özündən başlaması və eqoya mənfi nəsə kimi yanaşmaması. Tənqid, tərif, sevgi, inam, hörmət, dərketmə, müşahidə, təhlil, özünüöyrənmə və s.- hamısı insanın özündən başlamalıdır. Hər kəs bir fərd olaraq, bunu etsə, cəmiyyətin bir neçə üzvü reallığı dəyişər, mühiti dəyişər, o 3 nəfər daha 3 nəfəri və müəyyən zamandan sonra tam dəyişmiş olar vəziyyət, mühit.



Hansı xarakterlərdə olan insanlardan çəkinər, məsafə saxlar və ya ümumiyyətlə ünsiyyətdən qaçarsınız?
Yalançı, xəyanətkar, gopçu, paxıl, qısqanc, mülkiyyətçi, riyakar, xəbərçi və hey özünü tərifləyən insanlardan. Çünki onlar çox təhlükəlidirlər, özlərinə qarşı belə…



Özünüzü kənardan izləsəniz necə qiymət verərsiz? Sizcə yaxşı insansınızı?
Mən özümü kənardan izləməyi sevirəm, son zamanlar daha çox aynaya baxıram. İnsanın özünü tanımasına çox yardım edir. Bir də şəkillərimə baxıram. Şəkillərdə insan öz nöqsanlarını tuta bilir. Bu özünü təhlil və qiymətləndirmə üçün və özündə gedən dəyişiklikləri hiss etmək üçün önəmli amillərdir. Kimin üçünsə pis ola bilərəm, sərt, tələbkar və məsuliyyətli, işgüzar, eqoist olmağıma görə. Kimin üçünsə yaxşı. İnsanlardan asılıdır. Mən özümü bəzən pis, bəzən yaxşı hesab edirəm. Baxır vəziyyət, məkan və zamana. Medalın iki tərəfi var, insanın da bir-birinə zidd cəhətləri ola bilər.



Həyat elə qəribədir ki, bəzən ən yaxın dostumuz düşmənə çevrilər, bəzən də düşmənimiz ən yaxın dostumuz olar. Bizmi yanlış qiymət verərik insanlara, səhv seçimlərmi edərik, yoxsa inandığımızdanmı aldanarıq və ya kimlərsə bizə pislik etmək üçün obraza girər və bəlkə də biz özümüzü yanlış tanıdarıq ətrafımıza? Belə hallar yaşamısınızmı və ya başqalarının həyatından təsirlənib düşünmüsünüzmü bu barədə?
Mən düz 30 yaşıma qədər bu halda olmuşam, çox həssas və kövrək, tez inciyən olmuşam. Anamla hətta bunun üstündə mübahisə edirdik. Anam deyirdi, qızım, sən çox saf və sadəlövhsən, səndən istifadə edirlər, hamını özün kimi bilmə.

Mənsə, razılaşmırdım. Həyatımda baş verənlərdən sonra anamın dediklərinə haqq qazandırmağa başladım. İndi bir şüarım var, ən yaxın dost sabah yad, düşmən ola bilər, özəlini və sirrini kiməsə vermə, verirsənsə, ictimailəşdir ki, sabah o adamın əlində sənə qarşı silah, şantaja əsas olmasın. Risk meneceri olandan həyata risk meneceri kimi baxmağa başlamışam, insanlara da risk subyektlərim kimi baxmışam. Ətrafımda əvvəllər ən azı yaxın 1000 nəfər adam var idisə, bir həftə bundan əvvəldən etibarən cəmi 30 nəfər qaldı. Onlar isə sınanılmış, mənə yaxın insanlardır. Yaxşı insanlar var, azdır, sadəcə axtarmaq lazımdır. Axtaran isə hökmən tapır.

İnsan kimisə deyil, yəni başqalarını deyil, özünü günahkar bilir. Onu kimsə incidirsə, sevirsə, nifrət edirsə kimsə, özü günahkardır, bu şəraiti, imkanı o özü vermişdir.



İçinizdəki ağrıları, acıları yaxınlarla paylaşaraq daha rahatlıq taparsınız, yoxsa tamam yad olan insanlarla?
Yazmaqla, dinləmək, rəqs etmək və idmanla məşğul olmaqla. Daha çox yazıram. Daha çox gündəlik kimi qeydlərimi aparıram. Bəlkə bir gün memuarlarım və ya kiçicik qeyd kitabçamı oxucularıma təqdim etdim. Amma indi tezdir. Həm ona görə ki, oxucular buna hazır deyillər, həm ona görə ki, mən oxucularımla bu qeydlərimi paylaşmağa hazır deyiləm. Neqativi paylaşmağı sevmirəm. Daha çox yazıram, insanlara pozitiv enerji ötürməyi sevirəm. Neqativ onsuz da hər yerdə var, artmağa davam edir. Saatlarla gəzib, musiqi dinləməyi sevirəm, dinlədikcə, gəzdikcə, yol üstündə qeydlərimi aparıram. İnsanlara o qədər güvənmirəm ki, tam açılım və paylaşım. Çünki insanın düşməni və rəqibi daha çoxdur. İctimai insan göz önündə olur və çox adama maraqlı olur, gözdən salmaq üçün də bəhanələr axtarılır. Buna əsas vermək lazım deyil.



Bu günki cəmiyyətin yaşayış tərzində, idelogiyasında sizi narahat edən xüsusiyyətlər hansılardır və nə kimi çıxış yolları irəli sürə bilərsiniz? Sonda əlavə etməyə ehtiyac duyduğunuz, təklif edəcəyiniz bir fikir və ya soruşmaq istədiyiniz bir şey varmı?
Narazılığım çoxdur, narahatçılığım da. Məhz buna görə bloq tutmağa, qeydlərimi etməyə, esse və oçerklərimi yazmağa başlamışam. Yazılarımı daimi izləyən oxuyan insanlar yazılarımda təklifləri də görəcəklər. Çünki hər tənqidimin özü bir təklifdir.

Sualları hazırladı: Şahin Sahibzadə

Təşəkkür edirəm.

Комментарии