Adsız dostlarıma (həyat hekayəm)

Həyatımda gəlib keçən, qalan və qalmayan dostlarıma ithaf edirəm...

Ən səmimi etirafımı edirəm...

Uşaqlığımda mənim də dostlarım az idi. Qonaq getməyimiz ildə bir dəfə olardı. Gələn qonaqların uşaqları ilə, qohumların övladları ilə də dostluq etməzdik.

Qonşularımızın kimliyini nəzərə alsaq, anam bizi onlardan qorumaq üçün onlardan uzaq tutardı. Ata evimiz həyət evi idi. Evdə oynayardıq. Bircə dostum vardı. O da qardaşım. Yaşca böyük olduğundan hər zaman haqlı çıxardı, daha çox güzəştə gedilərdi ona, o danlanmazdı, mən danlanardım. Oyuncaqlarımız ayrı idi. Öz dünyam var idi.

Anam yarım gün işlədiyindən, atam gözümü açandan dövlət qulluqçu, məmur olduğundan uşaq bağçasına gedərdik yarım günü. Orada belə ünsiyyətcil olmazdım. Orada belə dostlarım olmazdı. Şəhərin mərkəzində rus dilli bağça idi, üzü bulvara baxırdı, Kukla teatrı ilə üzbəüz Cücələrim uşaq bağçası. Hamının dostu var idi, gəzməyə çıxanda hər kəsin əlindən dostu tutardı, mənim əlimdən kimsə tutmazdı. Çünki dostum yox idi. Çox kövrək idim, içimə salırdım, uşaq vaxtlarından şeir yazmağa başlayanda, bəlkə ona görə tez böyüyüb şeirlərimi dərin və mənalı edər, fəlsəfi bir alt məna qoyardım.

Dostumun olacağına ümid edərdim. Evdən bayıra ancaq uşaq bağçasına, ailəmlə gəzməyə gedərdik. O da valideynlərimiz yanımızda idi. Uşaq təkcə məndən 1 yaş 7 ay böyük olan qardaşım idi. Onunla da küsüb barışar, dalaşıb dostlaşardıq. Oğlan uşaqlarının ən sevimli məşğuliyyəti bacılarını cırnatmaq, ağlatmaq, küsdürməkdir.

Yay tətilinə çıxanda, sevinərdim, çünki nənəmgilə gedərdik. Ən yaxın dostum o idi. Hər şeyimi bir ona, bir atama danışardım. Mənim dostlarım həmişə uşaqlar deyil, böyüklər olub, uşaq vaxtı uşaq kimi olmayıb, tez böyümüşəm deyə, bəlkə indi itirdiyim uşaqlığımı oyatmaq, uşaq olmaq istəyirəm. İçimdə boğduğum uşaq azadlığa can atır. Bəlkə də...

Nənəmgilə gedəndə orada qonşuluqda uşaqlar olardı. Qohumlarımızın uşaqları olardı. Ümidim onlara idi. Bəlkə uşaq kimi olub, onlarla uşaq oyunlarını oynadım.

Uşaq vaxtı bənövşə oynayanda belə, heç kim məni özüylə aparmazdı. Gəzməyə və ya pıçıldaşmağa çıxanda da mən bir küncdə qalardım. Uşaq bağçasında da, orta məktəbdə də dövlət qulluqçusunun uşağı, məmur balası olduğumdan böyüklər tərəfindən xüsusi diqqət, qayğı görərdim. Qoruyurdular məni. Amma mənə uşaqlar lazım idi. Dostlar...

Bir ev heyvanımız da yox idi ki, dostum o olsun. Tək dostum qardaşım, atam idi. Böyüklər...

Bir az böyüdüm, orta məktəbə getməyə başladım. İbtidai sinifdə yenə sakit uşaq olduğumdan dostlarım olmayıb. Sonralar isə cəmi 2 nəfər dostum olub. Şəmsiyyə və Fidan. Orta məktəbdə daha çox oğlanlarla dostluq edərdim.

Orta məktəbimizi də seçmişdilər bizim üçün. Ərəb təmayüllü şəhərin mərkəzində yerləşən Hüseyn Cavid adına 132 saylı orta məktəb.

Uşaq vaxtından təhsil, biliyimizə sərmayə qoyulardı. Rus, ingilis, ərəb dilini bilərdik orta məktəbə gedəndə. Bircə dostum olmazdı.

Uşaq bağçası və orta məktəbdə oxuyanda valideynlərim bizi aparıb gətirərdi. Yəni dost tapıb onlarla evə qayıtmaq, gəzmək şansım az idi. Son siniflərdə oxuyanda, qardaşımla gedib gəlməyə başlamışdım. Buna da şükür edirdim.

Hə, qayıdaq orta məktəbə. Orada da təhsil alardım. Hamının öz dostları var idi, qruplaşmalar var idi. Yenə mən tək idim. Dostsuz. Dostlarım başqa siniflərdən olardı, çox zaman da ya yaşca böyük olardı, ya da kiçik. Şəmsiyyə ilə düz 8 il dostluq etdik, məktəbi bitirdim, sonra onu təsadüfən kursa gedəndə gördüm, görüşdük bir neçə dəfə, üstündən 10 il keçəndən sonra, yenə itdi. Fidan isə ərə gedib köçüb xaricə. Uşaqlıq dostlarımdan bircə Oqtay qalıb, bir də Orxan, bir də orta məktəbdə it-pişik kimi olduğum, yola getmədiyim və indi dostlaşdığım Tərlan.

Orta məktəbdə də oxuyanda yazardım. Yenə sərbəst vəzn, esselər. Yenə anlamazdılar məni. Yenə dəli sayardılar. Təklənərdim. Çox saf idim, böyüsəm də.

Qəlbim o qədər təmiz idi, o qədər saf idim ki, hamını sevərdim. Hər kəsi özümə dost bilərdim, amma cavabsız. Nəyim cavablı oldu ki, sevgim cavabsız, dostluq cavabsız.

Orta məktəbdə aktiv olmağa başladım, böyüdükcə, ictimai sosial fəal həyata qatıldım, seçildim, əlaçı idim. Müəllimlərin sevimlisi idim. Ailəmin fəxri idim, olimpiadalarda hər zaman ilk üçlükdə idim. Bilik, savad var idi. Kitaba və mütaliəyə sevgi var idi, dostdan savayı.

İnsanları tanıdıqca, anladım ki, ən yaxın dostum elə ailəm, oxuduğum kitablardır.

Öz savadım və zəhmətimlə ali məktəbə dövlət hesabına təhsilə daxil oldum, istədiyim ixtisas üzrə iqtisadçı oldum. Amma yenə dostum yox idi. İqtisad universitetində qızlar az idi. Sonra anladım ki, qız dostundansa, oğlanlar daha yaxşıdır dostluğa. İlk dostum Ağdamlı Tural Talıbov oldu, sonra Ağdamlı Rövşən Zülfüqarov, sonra Qərbi Azərbaycanlı Vüsal Əliyarov, rəfiqəm Könül Xubyarova, Fidan Əhmədova, Kənan İbrahimov, Leyla Müzəffərova (onunla bacı idik), Anar Hacızadə, Xəyalə Quliyeva, Şəfa, Hikmət Hüseynov, Vüsalə Mirzəyevə, Afət Ələkbərova, Mehparə, Xeyransa, Cahangir Kərimov, Fərid Cəfərov. Onlardan Vüsalə, Leyla, Şəfa, Fərid, Cahangir, Hikmət ilə hələ də ünsiyyətim var. Oğlan dostlarımın çoxusu Ağdamlı idi. İndiyədək onlarla dostluğum davam edir. Çünki dostluqda mərddirlər.

Dövlət işində işləyəndə dost deyənlər çox idi. Çünki yaxşı yerdə işləyirdim. İşləməyimə baxmayaraq, ali təhsilli olmağıma baxmayaraq yenə saf və qəlbi təmiz idim. Hamını özüm kimi bilirdim. Anamla dalaşardım ki, onlar mənim bacım, qardaşlarımdır. Sonra birisindən bir zərbə gələndə, evə gəlib saatlarla ağlayardım. Bir bicliyi öyrənmişdim. İşdə dost yoxdur. İşdə kiminləsə dostluq etmək olmaz. İşdəkilər iş yoldaşıdır.

Daha sonraərə getdim. Bir çox dostlarım üz döndərdi məndən, toyuma belə gəlmədi. Xeyli dostumu o zaman sildim. Xeyli dostumu da Bakıya qayıdanda, bir xeylisini ərimdən boşananda sildim. Ələdikcə, ələndilər. Hər dəfə azaldı dostlarım. Bir az dəyişdim. Hər adamı dost bilmədim. Seçdim. Şərtlər qoydum. Müşahidə etdim. Dəyişdiyimi və düzgün seçim etdiyimi düşündüm. Amma çi fayda...

Yenə yanıldım. Düzdü indi ətrafımda 20 nəfər hələ ki, layiq bildiyim və dəyər verdiyim dostlarım var. Amma zamanla bəlkə daha xırda ələkdən keçirtsəm, onlar da ələkdə ilişib qalacaqlar.

Ətrafımda olanlar sadəcə istifadə edirdilər, verirdim, vermirdilər, sevirdim sevmirdilər, dost bilirdim, dost bilmirdilər. Qarşılıqsız heç nəyi sevmirəm. Çünki kiməsə özümü borclu hesab etmirəm.

Kimisi vəzifəmdən, işimdən, kimisi sosial statusumdan, ictimai fəaliyyətimə görə, mediaya çıxışıma görə, kimisi ətrafımda olan nüfuzlu insanlara görə, kimisi pula görə, kimisi kişilərdən bir zaman yatağa salaram fikrinə görə, kimisi bir zaman bir işimə yarayar deyə, kimisi dara düşsəm, neqativi töküb ağlamağa adamı olsun deyə, problemlərini həll etsin deyə, kimisi hər yerdə tanışım var, ətrafım genişdir deyə,

Mənim üçün: Dostluq, sevgi pul kimidir, xırdalamayasan. Xırdaladınsa, xərclənir, xərclədikcə, görürsən ki, bir gün bitib, 0-dasan.

Nə qədər vermək olar? Nə qədər göz yummaq, susmaq olar, nə qədər insandan istifadə etməyə çalışmaq olar? Safam, qəlbim təmizdi, niyyətim xoşdur deyə, gərək hər işinizə yarayım?! Yetər artıq. Dayanın. Sizə artıq bir cavabım var: "Yox"

İndiki zamanda "Nə yaxşı ki, sən varsan" deyə biləcəyin 10 nəfər səmimi, cəsarətli, təbii, mərd dostun varsa, bəxtəvərsən.

Dostlarım hələ ki, onlardır: Günəş Dünya, Ruslan Nadir, İlqar Atabəyli, Hikmət Hüseynov, Zema Kazımova, Tamilla Qulami, Elşad Məmmədli, Könül Məmmədova, Səmayə Vaqif, Çinarə Ömray və Çinarə Behbud, Elvin Camalov, Zaur Abbas, İbrahim Türksoy, Atilla Kəskinqılınc, Azər Qismət, Vasif Ayan, Seymur Abbas, Cəmaləddin Quliyev, Rövşən Zülfüqarov, Emin Mamıoğlu, Emin Piri, Oqtay Nəsirov, Vüsal Əliyarov, Vüsalə Mirzəyeva, Leyla Müzəffərova, Rəşad Şahbazov. Yenə Ağdamlılar öndədir: Zaur Abbas, İlqar Atabəyli, Rövşən Zülfüqarov, Emin Mamıoğlu.

Bir də dostlarım yazılarımdır. Oxuduğum kitablar, yazılarım.

Bir zaman qarışqanı tapdalamayan, qanını içən ağcaqanadı, sükunətini pozan milçəyi, iyrəndiyi siçanı öldürməyən bir insan idim, insanlar məni kimə çevirdi?!

Bir kiçicik məsləhətim var: Bir zaman -ali məktəbdə oxuyanda dostluq müqaviləsi hazırlamışdım. O müqaviləni hazırlayın. Dost olacağınız şəxslə imzalayın, razılaşdırın. Müqavilə şərtləri pozularsa, tədbirlər görün, bəlkə dostlarınızın məsuliyyəti artar, dostluğun nə olduğunu anlayarlar.

Комментарии