Ən yaxşı antidepressant…

Depressiya nədir?

Depressiya ruhun, beynin yüklənməsi nəticəsində insanın ruh, mənəvi, intellektual halının çökməsi, fiziki baxımdan özünü görsədir və insanın səhhətinə birbaşa təsir edir.

Depressiyanın müddətləri var:

Qısa- 1 saatdan bir neçə günə kimi;
Orta – 1 neçə gündən 1 neçə həftə, ayadək.
Uzun: – 1 aydan daha çox.
Depressiya hər yaşda hər fərd də görülə biləcək ruhi bir xəstəlikdir.

Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər.

Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər.

Depressiyanın əsas simptomlarına aiddir:
• əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
• marağın və zövq (həzz) alma hissinin itirilməsi;
• fəallığın azalması və tez yorulma;
Depressiyanın əlavə simptomlarına aiddir:
• diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
• özünüqiymətləndirmənin və özünə inamın enməsi;
• qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
• gələcəyə bədbin və ümidsiz baxışlar;
• özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
• yuxunun pozulması;
• iştahanın azalması.

Depressiv simptomların sayından və onların ifadə dərəcəsindən asılı olaraq ayırd edilir:
Yüngül dərəcəli depressiv epizod (F32.0)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 2 əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların heç biri əhəmiyyətli dərəcədə nəzərə çarpan olmamalıdır;
Orta dərəcəli depressiv epizod (F32.1)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 3 (əksər hallarda 4) əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların bir neçəsi əhəmiyyətli dərəcədə nəzərə çarpa bilər (əgər simptomlar çoxdursa, bu, mütləq kriteri hesab olunmur).
Ağır dərəcəli depressiv epizod (F32.2)
• Hər 3 əsas simptom müşahidə olunmalıdır;
• Bundan əlavə bir qismi ağır olmaqla 4 və ya daha çox əlavə simptom müşahidə edilir.

Depressiya müxtəlif səbəblərdən olur.

Müalicəsi də var.

Depressiyanın iki əsas müalicə üsulu var:

-dərman müalicəsi və psixoterapiya.

Depressiyanın müalicəsində istifadə olunan psixoterapiya metodlarına koqnitiv-biheyvioral psixoterapiya, interpersonal (şəxslərarası) psixoterapiya və psixodinamik psixoterapiya aiddir.

Müalicəsi zamanı səbəblər bilinməlidir, insan və depressiyaya fərdi yanaşılmalıdır.

Bəzən şəkillərimə baxıram hamısında gülürəm. Arada kədərli, ya da emosiyasız bir şəkillər çəkdirirəm ki, uyğun yazım üçün yerləşdirə bilim.

Depressiyanın səbəblərini cinsə uyğun, yaşa uyğun təsnifləşdirmək olar. Çünki qadın və kişidə, hər yaş qrupunda depressiyanın səbəbi müxtəlif ola bilər.

Depressiyanın ağırlıq dərəcəsi xəstənin öz-özünü qiymətləndirilməsi əsasında müəyyən edilir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərək “nadir hallarda”, “arabir”, “tez-tez” və ya “əksər hallarda” cavablardan birini seçir. Müayinənin nəticələri təhlil edilərkən bir neçə amil qiymətləndirilir. Bu faktorlara aşağıdakı simptom qrupları daxildir: daxili boşluq hissi, əhvali-ruhiyyənin pozulması, ümumi somatik simptomlar, spesifik somatik simptomlar, psixomotor pozuntu simptomları, suisidal tendensiyalar, qıcıqlılıq və qətiyyətsizlik.

Depressiyanın kliniki diaqnostikası və depressiv pozuntuların kliniki dinamikasının müşahidəsi ilə yanaşı ZDRS cədvəlindən həmçinin epidemioloji tədqiqatlarda, antidepressantların və digər dərmanların kliniki sınaqlarında istifadə edilir.

http://az.mentalhealth.az/zung-depressiya-testi

Zanqın özünüqiymətləndirmə depressiya cədvəlinin 1, 3, 4, 7, 8, 9, 10, 13, 15 və 19-cu bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: “nadir hallarda” – 1; “arabir” – 2; “tez-tez” – 3; “əksər hallarda” – 4. Cədvəlin 2, 5, 6, 11, 12, 14, 16, 17, 18 və 20-ci bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: “nadir hallarda” – 4; “arabir” – 3; “tez-tez” – 2; “əksər hallarda” – 1.

20-49 – Norma
50-59 – Yüngül dərəcəli depressiv pozuntu
60-69 – Orta ağır dərəcəli depressiv pozuntu
70-80 – Ağır dərəcəli depressiv pozuntu

Mən indi bu testdən keçdim. Nəticəsi 37-dir. Yəni ruh vəziyyətim normaldır. Depressiyadan yazsam da, depressiyada deyiləm.

Mənim bəhs edəcəyim metodlar ancaq psixoterapevtik metodlardır.



Qadınların depressiyasının səbəbləri:

Uşaq və gənc yaşlarında:
Ailədə azadlığın olmaması, qadağalara, diskriminasiyalar, məs:  istədiyin geyim, gəzinti, görüşlərin qadağan edilməsi.
Cavabsız sevgi.
Sevgilinin xəyanəti.
Kənar rəy və müdaxilələr (bu istənilən yaşda olan səbəbdir)
Dərsdə uğursuzluq.
Dost və ya rəfiqədən ayrılmaq.
Sevgilidən ayrılmaq.
Ali məktəbə daxil olmamaq, imtahandan kəsilmək.
Geyim almaq, dostlar ilə görüş zamanı pulun olmaması.
Rayonlara səyahətə gedə bilməmək.
Tək harasa gedə bilməmək.
Ona qarşı edilən haqsızlıqlar.
Cəmiyyətin, qohum-qonşuların basqısı.
Borclar.
Ailə qura bilməmək, ailə qurmağa can atmaq.
İşsizlik.
Erkən ailə qurmağın yaratdığı problemlər.
Gec ailə qurmağın yaratdığı problemlər.
Gənc yaşında xəstəlik.
Lazımsız xərclərin yaratdığı kreditlər.
  2. Orta yaşlarda:

Ailə qurmamaq.
Ailə qurduqdan sonra basqılar, azadlığın itirilməsi.
Uğursuz ailə qurmaq.
Boşanmaq, dul qalmaq.
Tək yaşamaq, tənhalıq.
Ailəylə yaşamaq.
Uğursuz sevgilər.
İşsizlik.
Övladı tək böyütmək.
İşdə uğursuzluq və yorğunluq.
Sevgilinin olması, olanda isə ciddi münasibətlərin olmaması.
Kənar rəy və müdaxilələr (bu istənilən yaşda olan səbəbdir)
Rayonlara səyahətə gedə bilməmək.
Tək harasa gedə bilməmək.
Ona qarşı edilən haqsızlıqlar.
Cəmiyyətin, qohum-qonşuların basqısı.
Paxıllıq, qeyri-sağlam rəqabət.
İntriqa və söz-söhbətlər, müzakirələr.
Qadın olmasına görə diskriminasiyalar.
Kişilərin və digər qadınların ona əxlaqsız kimi yanaşması.
Dost və rəfiqələrin onu məyus etməsi.
Borc və kreditlər.
Övladı olan şəxsin xərclərin çox olması, özü üçün xərcləməyə pulun çatızmazlığı.
Övlad böyüdükcə, onunla bağlı, tərbiyəsi ilə bağlı həyəcan və təhlükələr, nigarançılıqlar.
Xəstəlik və gözlənilməz ölüm təhlükəsi.
Övlad həsrəti, sonsuzluq.
3. Yaşlı vaxtlarda:

İşsizlik.
Borc.
Xəstəlik.
Pulsuzluq.
Özün üçün yaşamadığını anlamaq.
Qane olunmayacaq təqaüd məbləği.
Övladları tərəfindən unudulmaq.
Ölüm təhlükəsi.
Yarımçıq və mənasız yaşanılmış həyat.
Öz arzu və istəklərini gerçəkləşdirməmək.
Gəncliyini hədər verməyini anlamaq.
Yaşıdlarının ölməsi.
Tənhalıq.
Qadın imicini, əhvalını kəskin dəyişibsə, deməli depressiyadan çıxıb, yenidən, yəni 0-dan başlayır, ya da ki, həyatına yeni məcrada davam edir. Qadındakı dəyişiklik nəyinsə bitməsi, nəyinsə isə başlamasına bir işarədir.

Şəxsən mən öz üzərimdə yoxladığım, sınadığım antidepressiant tədbirlərim haqqında da yazacağam…

Şəxsən mənim depressiyamdan çıxma tədbirlərim çoxdur, depressiyamdan və səbəbindən asılı olaraq tədbirləri də dəyişirəm.

Gəzinti. Uzun müddətə uzaq məsafəyə gəzintiyə çıxıram. Bunun üçün rahat geyim və ayaqqabı geyinirəm. Ac və susuz olmuram. Bu həm idmandır. Həm də havanı dəyişməkdir.
Rəqs. Milli və ya xarici rəqs musiqilərinə rəqs edirəm. Yorulana və keyfim düzələnədək rəqs edirəm. Hər dəfə fərqli bir rəqs qoyuram.
Qaynar suda vanna qəbul edir, başımı massaj edirəm. Vannadan çxııb isti südlü kofe və ya şirin çay edir, yanına şirniyyat qoyuram. Şirniyyat xoşbəxtlik qormonlarını oyadır.
Yazı yazıram. Məni narahat edən mövzu barədə. İnsan yazanda, düşüncələri də azadlıq tapır deyə, beyin yüklənmədən azad olur, rahatlanır.
Evdə mebellərin yerini dəyişirəm. Rahatlıq və fərqlilikdir. Həm də hərəkət üçün yer açılır.
Saçımın rəngini, formasını dəyişirəm. Özümü dəyişən görəndə, fərəhlənirəm. Həm də, bu imic dəyişikliyi mənə yaraşırsa, tərif eşidirimsə, bu məni daha çox fərəhləndirir.
Şirniyyat, meyvə-tərəvəz alıram ki, növbəti depressiya zamanı əlimin altında olsun. Meyvə və ya tərəvəz salatını hazırlayıram, bir hissəsini yeyirəm, bir hissəsini üzüm üçün maska kimi istifadə edirəm. Təravətli görkəmim və meyvə və tərəvəzin iyi insanın keyfini düzəldir. Məsələn, çiyələk, moruq, xiyar, pomidor, göyərti.
Yeni resept oxuyub, o reseptə uyğun yemək bişirirəm. Yeni yeməyin dadı müxtəlif fərqli hisslər yaradır, dadlı alınırsa, bu məni sevindirir.
Komik, komediya film və ya verilişə baxıram, satirik kitab oxuyuram. Bu halda, gülməməyim mümkün deyil. Lətifələr oxuyuram. Lətifələrə biganə qalmaq olmur.
Güzgüdə özümə baxıb, özümü müxtəlif gülməli formalara salıb, baxıb gülürəm.
Seks. Ailəli insanlar, sevgilisi olanlar, intim həyatı olanlar üçün keçərlidir. Qormonlar önəmlidir. Seks müsbət və xoşbəxtlik qormonlarını oyadır, idmandır, bir qida növüdür. Həm də gərginliyi çıxarır, əsəbləri sakitləşdirir, insanı yenidən enerji ilə təchiz edir.
Daha çox gülümsəyirəm. Gülümsədikcə, güzgüdə baxıram, təbəssümün mənə yaraşdığını anlayıram.
Uşaqlar olan yerə gedib, uşaqlara baxıram. Uşaqlara baxdıqca, insan depressiyadan çıxır.
 Şəhərdən çıxıram. Təbiət qoynunda yenidən pozitiv enerji yığıram.
Pozitiv və şən dost və rəfiqələrimlə görüşürəm.
Dondurma yeyirəm.
Rejimlə yeyib, yatıram.
Yoqa, meditasiya. İstənilən növ idman. Qaçış. İdman insanın neqativ enerjidən azad olmağına, qəzəbin çıxmasına şərait yaradır, yeni enerji ilə təchiz edir.
Çox nadir hallarda, yeni paltar alıram. Gözoxşayan, fərəhləndirici rənglərdə geyimlər alıram.
Kiminləsə tanış olmaq və ya tanımadığım kiminləsə ünsiyyət.
Depressiyanın səbəbini bilirsinizsə, o səbəbi aradan qaldırmaq.
Göz yaşları quruyanadək, bəs edənədək ağlamaq.
Bir vərəqəyə içində olanı yazıb, oxumaq, daha sonra məhv etmək.
Massaj.
Kiməsə çox bağlanmamaq, asılılıqlardan, zəifliklərdən azad olmaq.
Xüsusi ruh yüksəkliyi yaradacaq ətirlərdən istifadə etmək.
Pozitiv musiqi dinləmək.
Sonda ən yaxşı antidepressant insanın özüdür. İnsan anlasa ki, depressiya heç də yaxşı şey deyil və insana ziyandır, ona düşməməyə çalışacağam, düşəndə isə tez çıxacaq.

Комментарии