
Foto: Xəqani Rzaquliyev
Biri var idi, biri yox idi. Yox bu nağıl deyil, Axirət adlı bir kənd uşağının həyat hekayəsidir.
Bir Axirət yaşayırdı. Hamı onun adını eşidəndə qorxurdu. Kimsə onu çağıranda, səsləyəndə, başqalarının canına vəlvələ düşürdü ki, axirətdi. Hərə qaçırdı öz evinə. Kənd yeri idi deyə, gözləri belə şeylərdən qorxurdu, inanclı idilər. Şəhər yerinə nə var ki?! Bir iki dəfə mırt tutacaqdılar adı ilə, mətbuatda yazı gedəcəkdi, ya ulduz olacaqdı, ya da kloun…
Ona ad qoyulanda hava çox pis imiş, sanki dünyanın axırı imiş. Kənd camaatı elə düşünürdü ki, o bədbəxt insandı, ayağı ağırdı, düşmür.
Axirətin uşaq vaxtından nə uşaq, nə böyük yaşda dostları var idi. Elə hey baba, nənə, ata-ana üzü görərdi. Həyətə çıxıb tək oynamaqdan savayı bir çarəsi yoxdur ki…
Kənd düşmənlərlə sərhəd zonasında yerləşdiyindən və müharibənin məhz onun doğulduğu ilə təsadüf etdiyindən kənd camaatı özünü inandırmışdı ki, bu uşaq deyil, şeytan balasıdır. Valideynlərinin tək övladı, nənə və babasının tək nəvəsi idi.
Valideynləri övladının gələcəyinin kənddə olmayacağını bilirdi. Elə köçməyə hazırlaşırdılar ki, müharibə və döyüşlər onların kəndinə gəlib çatdı. Tək onlar deyil, o kənddən çox adam qaçdı və qonşu rayona köçdü. Orada köçən gündən dabanbasaraq düşmən hücumu o rayonun həmin kəndinə gəlib çatdı. Artıq hər kəs əmin idi ki, bu uşaq onlara bədbəxtlik gətirir. Kimisi dedi, burdan gedəndə onu götürməsinlər. Qoy, düşmənlərə əsir düşüb, öz ağır ayağının daşını onların başına salsın. Kənd camaatı, qohum – qonşular valideynləri inandırmağa çalışırdı ki, bu uşaq deyil, şər övladıdır, ondan imtina etmək, yeni həyata onsuz başlamaq lazımdır. Valideynləri savadsız, nadan adamlar olduqlarından batil inanc və deyilənlərə inanıb onlar dedikləri kimi köç zamanı deyimmi, qaçan zamanmı deyim, onu götürmədilər. İlk dəfə idi ki, onu evdən uzaqda oynamağa göndərmişdilər. O çox xoşbəxt idi, uşaq sevinci ilə oynayırdı. Ona tələ qurulduğunu və atıldığını anlamırdı. Məktəb yaşına çatırdı. Məktəbə gedəcəyinə sevinirdi. Xəyal edirdi ki, ona da məktəbli çantası, forması, məktəb ləvazimatları alınacaq. Eh, nə biləydi ki, onu öz doğmaları düşmənlərin əlinə verirlər. Satmırlar da, düşmənlərə hədiyyə edirlər.
Oynamaq və gəzməkdən qayıdanda kənd boş idi, bir ənni-cinni qalmamışdı. Uşaq kimi bütün evlərin qapısını döyürdü, valideynlərini, nənə-babasını axtarırdı, ağlayırdı. gecə düşmüşdü, hava soyumuşdu, üşüyürdü, üstəlik çox ac idi. Evlərinin qapısının önündə oturub gözləyirdi. Bu vaxt ona dili tanış gəlməyən iki oğlanın yaxınlaşdığını gördü. Rus dilini də bilmirdi. Onlar uşağı tanıyırdılar. Çünki eyni kənddə yaşayan erməni qonşuları idi.Ona azərbaycan dilində sual verdilər ki, “Ailən hanı?”, uşaq isə çiyinlərini çəkdi və ağlamağa başladı. Uşağı götürüb, başlarını bulayıb, özləri ilə apardılar. Ona susmağı və danışmamağı söylədilər. Öz evlərində ona su və çörək verdilər, yatmağa yer hazırladılar. Amma dedilər ki, bu gecəlik burada qala bilər. Səhər hər kəs yuxudan oyanmamış onlarla çıxıb getməli və valideynlərini axtarıb tapmalı və bir daha buraya geri dönməməlidir.
Bir çox qaçqınlar qonşu şəhər, rayon və kəndlərə yerləşdirildi, bir qismi isə paytaxta gəldi. Bir qismi isə yolda mühasirəyə düşərək əsir düşdü.
Beynəlxalq humanitar təşkilatlar hər iki tərəfdən itkin və əsir düşənlərin siyahısını hazırlayırdı. Bu siyahıda Axirətin ailəsi də var idi. Amma onun adı yox idi.
Səhər açılmamış, gün təzə çıxanda uşaq iki erməni qonşusu ilə işğal olunmayan yerə -neytral əraziyə çıxdı. Ona isti geyim, bir çantada yemək və termosda isti çay qoydular və vidalaşarkən dedilər ki, “Sənin ailən yaxşı ailə idi, biz qonşu olanda, atamız rəhmətə gedəndə, çox əl tutub, kömək ediblər. Sənlə dostluq etmək istəyirdik. Amma kənddə erməni ailəsi az olduğundan sənlə dostluq etməkdən ehtiyat edirdik ki, müsəlmansan, bizi özünə düşmən bilərsən, kafir sayarsan, saymazsan, dostluq etmək istəməzsən. Bir də heç yerdə demə ki, bizimlə birlikdə olmusan, sonra deyəcəklər ki, satılmısan, ermənisən. Uşaq olmağına baxmazlar, işgəncə verib öldürərlər. Sən de ki, kəndi boş görüb qorxmusan, evdə yatağın altında gizlənmisən.”
Ən sonda arxasınca qışqırdılar ki, “Burda qalası deyilik, bir az böyüyən kimi hökmən gedəcəyik, bax, səni hökmən tapacağıq.”
O kəndə evlərinə gedib, qapının qıfılını sındırıb, yatağın altında gizləndi. Bir müddətdən sonra yuxuya getdi. Sonra səs-küydən hürkərək oyandı. Artıq bir kuzov yük maşınında idi. Qonşu kənddən gələn hərbçilər, bütün kəndləri yoxlayıb, kəndləri tərk etməyənləri və ya edə bilməyənləri çıxardırdılar. Tezliklə, onlar elə bir yerdə idilər ki, uşaq üçün tanış olmayan məkan idi. Uşağı itkin düşmüşlərin və ya əsir götürülənlərin siyasında axtarmaq üçün ad və soyadını soruşdular. Onun adının siyahıda olmadığına əmin olanda, valideynləri haqda sorğu-sual etdilər. Ona dedilər ki, valideynləri itkin düşmüşlərin siyahısındadı, ehtimal var ki, mühasirəyə düşərək əsir götürülüblər. Onu başqa yerə yollayası oldular. Çünki onun başqa heç bir doğması yox idi. Onun məktəb yaşı idi. Tezliklə məktəbə getməli idi.Yaxınları isə yox idi. Qaçqın şəhərciyi düşərgəsində bir ailədə qalırdı. Eləcə ailəsi tapılanadək o məktəbə getməli və həyatını davam etdirməli idi.
Üstündən bir neçə il keçsə də, nə onun ailəsi tapıldı, nə o həmin günü unuda bilirdi. Həmin günü-kənddə onu ailəsinin tərk etdiyi, erməni qonşularının ona sahib çıxdığı günü. Uşaq evində böyüdüyündən çox qapalı və dərdli görkəmi var idi. İlk arzusu böyüyüb ölkədən getmək idi. Öz doğma vətənində ailəsi tərəfindən atılmaq, ailəsinin ona qoyduğu ada görə təklənmək, ələ salınmaq onu çox sındırmışdı.Məktəbdə ingilis və rus dilini yaxşı oxumuşdu, ali məktəbdə isə xarici dil kimi fransız dilini seçmişdi. Nə qədər çox dil bilsəydi, bir o qədər çox xarici ölkəyə getmək şansı olacaqdı-o belə düşünürdü. Bir də 18 yaşı tamam olan kimi adını dəyişməli idi, dəyişdi də. Hər ay beynəlxalq humanitar təşkilata gedib, itkin düşmüş və xəbəri çıxmayan ailəsi haqda məlumat əldə etməyə çalışırdı.
Artıq institutda ən yaxşı oxuyan tələbə olduğundan, onu dövlətin hesabına Fransaya magistraturada oxumağa yollanacaqdı. Onun son arzusu gerçək olurdu. Bircə ailəsini tapıb, onlardan niyə atıldığının səbəbini öyrənmək və gözlərinin içinə baxıb onları tapandan sonra onları atmaq istəyi, fikri, qisas hissi keçirdi ürəyindən, ağlından…
Son dəfə ki, gəlişində ona dedilər ki, ailəsi barədə məlumat yoxdur. Bu qədər ili itkin düşmüş insanın ölmə və ya öldürülmə ehtimalı çoxdur.
O qonşularını tapıb öyrənmişdi ki, erməni qonşuları hərəsi bir yana qaçıb. Çünki İrəvandan gələn ermənilər onları yola verməmiş, onları satqınçılıqda ittiham etmişdi. Onların bir qismi Rusiyaya, bir qismi Amerikaya, bir qismi Gürcüstana, bir qismi Avropa ölkələrinə qaçmışdılar.
Axirət onu tapan və onu xilas edən o iki erməni qonşusunu tapmalı idi. çünki onlara o vaxt “çox sağ olun” deyə bilməmişdi.O müsəlman balası idi, öz müsəlman və ailəsi tərəfindən atılmış müsəlman balası, türk idi, onlar isə xristian erməni… Onlar isə düşmən erməni…
Fransa səfərinə hazırlaşırdı. Öncə isə tərcümə edərək işlədiyi zaman yığdığı pula Gürcüstana, oradan Türkiyəyə getmək niyyətində idi. Rusiya böyük federasiya idi, onları orada tapmaq çətin olacaqdı.
Onu ailəsi atan günü ailəsinin olduğu maşında ailəsi peşman olmuş, yarı yolda qayıdaraq Axirətin ardınca gələn zaman ermənilər tərəfindən mühasirəyə düşmüş, maşındakıların yarısı öldürülmüş, yarısı əsir düşmüşdü. Axirətin bundan xəbəri yox idi.
Onun adı başına bəla olmuşdu.
Ardı var…
Комментарии