Lox axtarıram...


Foto: Rüfət Yaqubov

Sadəlövh insanları aldadaraq onları halal, ya da haram pullarını biclik yolu ilə aldatmağa çalışan insanlara loxaxtaran fırıldaqçı deyilir. Bu birbaşa mülki şəxsə qarşı törədilən maliyyə cinayətidir.
Bu cür gəlir qazanma təklifi olan reklamların özü qeyri-qanunidir, reklam üzrə qanunvericiliyinə ziddir, vergidən yayınma, maliyyə fırıldağı, ofşor zonalara pulların çıxarılması, insanların etibarın sui istifadə kimi qeyri-leqal tərəfləri var.
Bunların çoxusu online virtual və ya real şəkildə həyata keçirilir.
1. Xeyriyyəçilik: Xeyriyyə vəsaiti yığmaq, kiməsə kömək etmək adı ilə elanlar paylaşır, pulu yığıb, lazım olan şəxsə bu pulu, xeyriyyə üçün yığılan maddi vəsaiti, əşyaları çatdırmır. Adətən dinin adından, Allahın adından insanlara müraciət edilərək kömək istəyib, onlara inananların etibarından sui istifadə edirlər. Kiməsə kömək etmək niyyətiniz, uşaq və ya qocalar evinə yardım etmək, hansısa ehtiyacı olan şəxsə kömək etmək istəyiniz varsa, bunu şəxsən maraqlanıb, yerində yoxlayıb, əmin olduqdan sonra edin.
2. Sosial şəbəkə marketinqi: Sosial şəbəkədə və ya real insanların beynini yumaqla şəbəkə marketinqi prinsipi ilə insanlardan pul qopartmaq, növbəti mərhələ üçün qazanmadan yenidən pul qoymağı tələb etmək, "çox pul qoy, çox pul qazan" devizi ilə onları şirnikləndirmək, onların pullarını özünün ofşor banklarda yerləşən hesablara köçürtmək, MMC şəklində və ya 4%-lik sadələşdirilmiş vergi ödəyici kimi qeydiyyatdan keçib, tam gəlirlərini gizlədərək vergi verməkdən yayınmaq fəaliyyətin qanuni olmaması və maliyyə fırıldağı olmasını göstərir. Aldanan bir insan pul qazanmaq ümidi ilə daha 3 nəfəri aldadır, saxta məhsul original kimi təqdim edilir, hər yerdə 50 manata satılan mal yeni müştəriyə 1500 dollara satılır. Qida və ya tibb məhsuludursa, ya hər hansı bir xeyiri yoxdur, ya da əksinə ziyanı çoxdur.
3. Online və real kazinolar və ya oyun aparatları:
Online və real kazinolar demo və ya ilkin oyun zamanı müştərini tələyə salmaq üçün ilk oyunlarda və xırda məbləğlərdə udmasına şərait yaradırlar. Udduğunu görən insanlar daha çox məbləğdə pulla riskə girişir və uduzurlar. Uduzduğunu qaytarmaq istəyən insan yenə də pul qoyur, yenə də uduzur.  Oyun aparatı sayəsində bir adam müəyyən məbləğdə pul udur, başqaları baxır, həvəslənir, bəxtini sınayır, bəxti onun üzünə ağ olur, uduzur, beləcə dəfələrlə etdiyi cəhdlər uğursuz olur.
4. Broker şirkətləri-treyderlik:
Foreks və ya treyder şirkətləri ən iri maliyyə fırıldaqçılarıdır və ən aşağı 300 dollar məbləğindən başlayaraq müştəriləri çoxlu pul qazanmaq andları ilə aldadır. Hələ onlar çoxsaylı vərəqəsi olan müqavilə tərtib edir ki, müştəri hamısını oxumasın, ən əsas bəndlər kiçik hərfərlə, qeyd şəklində yazılır. Əsasən ofisləri olur, şəhərin mərkəzində nüfuzlu biznes mərkəzində yerləşir ofisləri, tez-tez ofis dəyişir. Pulsuz dərsdən başlayıb, "İnsanları necə aldatmaq olar?" yolunu pulla öyrədirlər. Bir iki köpəkbalığı özü üçün mətbəx yaradır, beynəlxalq maliyyə bazarlarına çıxmadan. İnsanlar başlanğıcda kiçik məbləğlərdə pul udur, amma daha çox qazanmaq istəyir.
5. "Qondarma" online mağaza və alqı-satqılar:
Bu cür mağazaların sayı çoxdur. Adətən plastik kartda olan pulları çəkməklə və sifariş edilən məhsulları alsan belə, məhsulun olmadığı üçün göndərməməklə məşğuldur. Bəziləri hətta birgünlük şirkətlərdir. Bu cür mağazalar ucuz qiymətə məhsul satdığını reklam və elan edir, müştərinin bank hesabı və plastik kart hesabı məlumatlarını alır və orada olan pulu öz hesabına köçürür. Ona görə sınanılmış mağazalar ilə işləmək lazımdır. Adətən ödənişi nağd etmək lazımdır. İnternetdə həmin mağaza haqqında rəyləri almadan, alternativ və sınanılmış mağazalarla maraqlanmadan bu cür riskli addım atmayın.
6. İşə düzəltmə şirkətləri:
İş axtaranları, işsizləri işlə təmin edəcəyəm deyib, formanın doldurulması, iş yerinin axtarılması kimi bəhanələr üçün pul yığır, iş də tapmır, tapdığı iş isə iş axtaranın iş təcrübəsi və təhsilinə uyğun olmur. Beləcə ofislərini də tez-tez dəyişir və daha çox adamı aldadırlar.

Bu cür maxinasiya və qeyri-qanuni əməlləri edənlərin qurbanı olmamaq üçün şəxsən tanımadığınız adama pul etibar etməyin.
Unutmayın, bu cür aldanmaqla, siz qurban olmaqla yanaşı, həmin maliyyə fırıldağı və cinayətinin iştirakçısı, tərəfdaşı olur və məsuliyyətə cəlb edilirsiniz.
Ehtiyatlı olun. Araşdırmadan, maraqlanmadan, internet vasitəsilə həmin şəxs və ya şirkət haqqında məlumat almadan pulunuzu etibar etməyin. Ayıq olun.
Bütün bu fırıldaqçılar insanların pul hərisliyi və yaxşı yaşamaq istəyini, psixologiyasını bilib, psixoloji təsir edərək, məqsədinə çatır və insanları aldadır.

Комментарии